Davamiyyət akademik nəticənin yeganə göstəricisi olmamalıdır – Asiman İlyasov
Universitetlərdə təhsil prosesinin səmərəli təşkili baxımından tələbələrin dərslərdə iştirakı mühüm amillərdəndir. Bu səbəbdən ali təhsil müəssisələrində davamiyyətə nəzarətin müxtəlif üsullarından — ənənəvi qeydiyyatdan elektron sistemlərə qədər istifadə edilir. Lakin tətbiq olunan mexanizmlərin tələbələrin dərslərdə real iştirakını nə dərəcədə təmin etdiyi və davamiyyət göstəricilərinə necə təsir etdiyi müzakirə mövzusudur.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Asiman İlyasov bildirib ki, davamiyyətə nəzarətin əsas məqsədi tələbənin tədris prosesində iştirakını təmin etmək, dərs yükünün mənimsənilməsinə şərait yaratmaq və təhsil proqramının tələblərinin yerinə yetirilməsinə nəzarət etməkdir.
“Təhsil haqqında” Qanuna əsasən, ali təhsil ayrıca təhsil pilləsi kimi müəyyən edilir və ali təhsil müəssisələrində tədris prosesi müvafiq qanunvericilik aktları və müəssisənin daxili sənədləri əsasında təşkil olunur. Qanunun müvafiq müddəalarında təhsilalanların ali təhsil müəssisəsində tədris prosesini tənzimləyən sənədlərlə, o cümlədən müəssisənin nizamnaməsi ilə tanış olmaq hüququ nəzərdə tutulur. Bu baxımdan davamiyyətə nəzarət yalnız müəllimin şəxsi qərarı ilə deyil, universitetin daxili qaydaları və tətbiq olunan normativ sənədlər çərçivəsində həyata keçirilməlidir. Universitet elektron jurnal, tələbə kartı, QR-kod, biometrik sistem, müəllimin dərsdə qeydiyyatı və digər texniki vasitələrdən istifadə edə bilər. Lakin bu üsulların tətbiqi tələbələrin hüquqları, məlumatların qorunması və universitetin daxili qaydaları ilə uyğunlaşdırılmalıdır.
Davamiyyətə nəzarətin effektivliyini qiymətləndirərkən iki məsələni fərqləndirmək vacibdir. Birincisi, fiziki iştirakın müəyyən edilməsi, ikincisi isə tədrisin mənimsənilməsinin təmin olunmasıdır. Elektron və ya avtomatlaşdırılmış davamiyyət sistemi birinci məsələ üzrə daha dəqiq və şəffaf nəzarət yarada bilər. Lakin tələbənin auditoriyada əyləşməsi avtomatik olaraq onun dərsi mənimsədiyini göstərmir. Buna görə davamiyyətə nəzarət qiymətləndirmə, seminar fəaliyyəti, praktiki tapşırıqlar və digər akademik göstəricilərlə birlikdə tətbiq edildikdə daha səmərəli olur”.
Onun sözlərinə görə, davamiyyətə nəzarət tələbənin təhsil prosesində iştirakını izləmək üçün hüquqi və təşkilati mexanizm kimi əhəmiyyətlidir, lakin davamiyyətin özü təhsilin keyfiyyətinin yeganə göstəricisi hesab edilə bilməz:
“Effektiv sistem şəffaf, əvvəlcədən müəyyən edilmiş, bütün tələbələrə eyni qaydada tətbiq olunan və universitetin təsdiq edilmiş daxili sənədlərinə əsaslanan sistem olmalıdır.
Nəticə olaraq, universitetlərdə davamiyyətə nəzarət üsullarının effektivliyi istifadə olunan texnologiyadan daha çox onun necə tətbiq edilməsindən asılıdır. Elektron və avtomatlaşdırılmış sistemlər nəzarəti şəffaflaşdıra və insan faktorunu azalda bilər. Bununla yanaşı, davamiyyət tələbləri tələbələrin hüquqları və qanunvericiliklə müəyyən edilmiş ümumi prinsiplərlə uzlaşdırılmalı, davamiyyət akademik nəticələrin qiymətləndirilməsinin yeganə meyarına çevrilməməlidir. Bu yanaşma həm universitetin tədris intizamını qorumasına, həm də tələbələrin hüquqlarının təmin edilməsinə imkan verir”.




