Dərsdə olmaq, birlikdə maket hazırlamaq tam başqa hiss idi – Yevlaxda valideynlər dərsə qatıldılar
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Yevlax şəhər 8 nömrəli tam orta məktəbdə riyaziyyat fənni üzrə təşkil olunan nümunəvi dərs məktəb-valideyn əməkdaşlığının uğurlu nümunəsi kimi diqqət çəkib. Məktəbin 5 “A” sinfində keçirilən “Fəza fiqurları” mövzusuna keçid dərsi həm məzmunu, həm də təşkili baxımından şagirdlər üçün yaddaqalan olub.
“Azərbaycan müəllimi” olaraq , bizdə bu dərsdə iştirak etdik.
Dərs zamanı sinif otağı adi tədris mühitindən fərqli olaraq daha canlı, yaradıcı və maraqlı bir atmosferə bürünmüşdü. Şagirdlər bu dəfə fəza fiqurlarını yalnız dərslikdəki şəkillər üzərindən öyrənməyib, öz əlləri ilə hazırladıqları maketlər vasitəsilə onların təpə, til və üzlərini vizual olaraq dərk etməyə çalışıblar. Bu yanaşma şagirdlərin həm məkan təfəkkürünün, həm də praktik bacarıqlarının inkişafına mühüm töhfə verir.
Dərsin ən yaddaqalan cəhətlərindən biri isə valideynlərin də bu prosesə cəlb olunması idi. Valideynlər yalnız müşahidəçi qismində iştirak etməyib, övladları ilə birlikdə fəza fiqurlarının hazırlanmasında birbaşa rol almışdılar. Bu isə dərsə xüsusi səmimiyyət qatmaqla yanaşı, məktəb-valideyn münasibətlərinin möhkəmlənməsinə də xidmət edirdi. Şagirdlərin valideynləri ilə çiyin-çiyinə çalışması onların dərsə marağını artırıb, öyrənmə prosesini daha sevgi dolu və ailə ab-havalı bir mühitə çevirirdi.
Fənn müəllimi Nuriyeva Türkan “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, dərsin əsas məqsədi şagirdlərdə fəza təsəvvürünü gücləndirmək və nəzəri biliyi praktik fəaliyyətlə birləşdirmək olub: “Biz bu dərsimizdə ‘təfəkkürdən təcrübəyə’ prinsipini əsas götürdük. Şagirdlərin hazırladığı maketlər onlara fəza fiqurlarının quruluşunu daha aydın şəkildə anlamağa imkan verdi. Valideynlərin dərs prosesinə cəlb olunması isə həm uşaqların motivasiyasını artırdı, həm də öyrənmə mühitini daha maraqlı və səmimi etdi. Mən inanıram ki, bu cür dərslər şagirdlərin həm fənnə marağını, həm də özünəinamını daha da gücləndirir”.
Valideynlər də dərsin təşkilini yüksək dəyərləndirdilər. Valideynlərdən biri - Nilay İsrafilzadə qeyd etdi ki, övladının sinif mühitində bu qədər həvəslə çalışdığını görmək onun üçün olduqca qürurvericidir: “Adətən uşaqların dərsdə nələri necə öyrəndiyini evdə onların sözlərindən eşidirik. Amma bu dəfə dərsin içində olmaq, onlarla birlikdə maket hazırlamaq tam başqa hiss idi. Uşaqların mövzunu necə maraqla mənimsədiyini yaxından gördük. Belə dərslər həm uşaqlar, həm də valideynlər üçün çox faydalıdır. Məktəblə valideyn arasında daha güclü bağ yaradır”.
Dərsdə iştirak edən şagirdlər də təəssüratlarını böyük sevinc hissi ilə bölüşüblər. 5 “A” sinif şagirdi Ruhiyyə Mansırova bildirib ki, fəza fiqurlarını öz əlləri ilə hazırlamaq mövzunu daha yaxşı qavramağa kömək edib: “Əvvəl fiqurlara sadəcə kitabda baxırdıq. Bu gün isə onları özümüz hazırladıq. Mən indi kubun, prizmanın və başqa fiqurların hissələrini daha yaxşı tanıyıram. Valideynimlə birlikdə işləmək də mənə çox xoş oldu. Dərs mənim üçün çox maraqlı keçdi”.
Digər şagird Akif Mansırov isə qeyd edib ki, bu dərs onun riyaziyyata marağını daha da artırıb: “Mən maket hazırlamağı çox sevdim. Fiqurların neçə üzü, neçə tini və neçə təpəsi olduğunu hazırlayanda daha yaxşı başa düşdüm. Valideynlərimizin bizimlə birgə işləməsi bizi daha da həvəsləndirdi. Bu dərs mənim yaddaşımda uzun müddət qalacaq”.
Dərsin sonunda maraqlı qiymətləndirmə mərhələsi də təşkil olunub. Bu haqda bizə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini, kimya-biologiya müəllimi Gülnar İsazadə məlumat verdi. O bildirdi ki, valideynlər şagirdləri, şagirdlər isə valideynləri qiymətləndiriblər. Bu yanaşma dərsə həm interaktivlik, həm də qarşılıqlı hörmət və əməkdaşlıq ruhu qazandırıb. Şagirdlər üçün bu, sadəcə bir mövzu keçidi deyil, həm də birlikdə yaratmağın, öyrənməyin və paylaşmağın gözəl nümunəsinə çevrilib.
Qeyd edək ki, bu cür yaradıcı və praktik dərslər şagirdlərdə yalnız fənn biliklərini formalaşdırmır, eyni zamanda onların müstəqil düşünmə, komanda ilə işləmə, müşahidə aparma və yaratmaq bacarıqlarını da inkişaf etdirir. Yevlax şəhər 8 nömrəli tam orta məktəbdə keçirilən bu nümunəvi dərs bir daha göstərdi ki, təhsil yalnız kitab səhifələri ilə məhdudlaşmır. Düzgün qurulmuş tədris mühiti, müəllim təşəbbüsü və valideyn dəstəyi ilə hər bir dərs uşaqlar üçün unudulmaz bir öyrənmə səyahətinə çevrilə bilər.



