“Dərslərimi istədiyim vaxt oxuyuram” – Qalib şagirdin fərqli uğur modeli
“Azərbaycan müəllimi” olaraq istedadlı və çalışqan şagirdlərin uğur yolunu işıqlandırmaq ənənəsinə uyğun olaraq bu dəfə Astara şəhəri C. Babayev adına 3 nömrəli liseyin X sinif şagirdi Aydın Məmmədovu oxuculara təqdim edirik.
O, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə İctimai Televiziya (İTV) kanalında yayımlanan, məktəblilər arasında bilik, məntiq və düşüncə bacarıqlarını qiymətləndirən “Əlaçı” televiziya verilişinin qalibi olaraq həm məktəbini, həm də rayonunu uğurla təmsil edib.
“Həyatı zövqlü yaşamağa çalışıram”
Astara şəhəri Şahağac kəndində doğulub yaşayan Aydın özünü belə təqdim edir:
“Xəyallarının ardınca qərarlı şəkildə irəliləyən, həyatı zövqlə yaşamağa çalışan bir gəncəm. Mənim əsas fərqləndirici cəhətim hər işə həvəslə yanaşmağım və başladığımı bitirənə qədər davam etməyimdir”.
Onun sözlərinə görə, uğurlarının arxasında böyük iddia deyil, davamlılıq dayanır.
Aydın indiyə qədər müxtəlif sahələrdə çoxsaylı yarışlarda iştirak edib və mühüm nəticələr əldə edib. O, yarışlarda ümumilikdə 14 dəfə II yerə layiq görülüb. Bu nəticələrə mini futbol üzrə məktəblərarası çempionatlarda 6 dəfə, intellektual NHN yarışlarında (Nə? Harada? Nə zaman?) 7 dəfə və həndbol üzrə məktəblərarası yarışda 1 dəfə II yer daxildir. Bununla yanaşı, o, IX sinif buraxılış imtahanında 285.1 bal toplayaraq fərqlənmə attestatına layiq görülüb.
Aydın hələlik ən böyük fərdi uğuru kimi isə “Əlaçı” verilişində qazandığı qələbəni qeyd edir: “Özümə inanmadığım halda belə qalibiyyət mənim üçün uşaqlıq arzumun reallaşması idi. Əvvəllər baxıb “kaş mən də orada ola bilsəm” dediyim yeri qazandım”.
“Atamın kimya müəllimi olması da buna təsir edib”
Aydın bir çox fənlərə maraq göstərsə də, ən sevimli fənni kimyadır: “Elementlər və maddələr üzərində işləməyi çox sevirəm. Reaksiyaların gedişatı məni cəlb edir. Kimyaya marağım uşaqlıqdan var, atamın kimya müəllimi olması da buna təsir edib”.
İkinci böyük maraq sahəsi isə informatika və kompüter dünyasıdır: “Kompüter dünyasında olmaq ayrı bir hissdir. Texnologiya vasitəsilə saniyələr içində milyonlarla insana çatmaq mümkündür. İnformatika dərsində də kod yazmağı öyrənmək məni özünə cəlb edir”.
O, həmçinin coğrafiya, tarix və musiqiyə də maraq göstərir. Astronomiyaya böyük maraq göstərən Aydın bu elmin ayrı fənn kimi məktəblərdə tədris olunmasını da arzulayır.
““Pomodoro texnikası”ndan istifadə edirəm”
Aydın sistemli planla deyil, daha çox vəziyyətə uyğun çalışmağa üstünlük verir: “Nə vaxt istəsəm, o vaxt dərslərimlə məşğul oluram və tam fokuslanıram. Dərs oxumaq üçün konkret vaxt müəyyən etməmişəm. Əsasən “Pomodoro texnikası”ndan istifadə edirəm – 25 dəqiqə dərs, 5 dəqiqə fasilə”.
Onun fikrincə, ən vacib prinsip “tarazlıqdır”: “Nə çox oxumaq, nə az oxumaq, nə həddindən artıq çalışmaq, nə də az işləmək lazımdır. Sadəcə tarazlığı müəyyənləşdirmək və ona əməl etmək vacibdir”.
Aydın boş vaxtlarını əsasən intellektual hazırlıqlara, idmana və yaradıcılığa yönəldir. O, intellektual yarışlara hazırlaşır və bu prosesə çox ciddi yanaşır.
Bununla yanaşı, videooyunlar, futbol və loqo dizaynı ilə də məşğuldur. Maraqlıdır ki o, bəzi oyunlardan özünü inkişaf etdirmək üçün faydalanır.
Futbol isə onun həyatında xüsusi yer tutur: “Futbola baxmağı da, oynamağı da sevirəm. “Barselona” və “Qalatasaray” futbol klublarının azarkeşiyəm, qürurumuz “Qarabağ” klubunun oyunlarını da izləyirəm. Özüm qapıçı mövqeyində oynayıram və örnək aldığım insan Canluici Buffondur”.
“Müəllimlərimin əziyyəti çox böyükdür”
Aydın müəllimlərinin onun həyatındakı rolunu yüksək qiymətləndirir: “Müəllimlərimin əziyyəti çox böyükdür. Bu yerlərə onların sayəsində gəlmişəm. Hər birinə minnətdaram”.
Gələcək planı isə kompüter elmləri sahəsində mütəxəssis olmaqdır. O, XI sinifi uğurla bitirərək ali təhsildə məqsədinə çatacağına inanır. Söhbətimizin sonunda Aydın yaşıdlarına sadə, lakin dəyərli bir mesaj verir: “Əsas olan hər şeyi tarazlıqda saxlamaqdır. İstirahət də, çalışma da öz yerində olmalıdır. Bəlkə də hamı üçün bu üsul faydalı olmaya bilər, amma mənim tək metodum budur və işə yarayır”.
Bu yanaşma onun həm təhsilində, həm də şəxsi inkişafında əsas prinsipə çevrilib.
Aydın kimi məqsədli, planlı şagirdlər göstərir ki, uğur təkcə istedaddan deyil, davamlılıqdan, maraqdan və düzgün istiqamətdən doğur.



