DİM: Regionlarda keçirilən imtahanlardakı qayda pozuntuları iki dəfə çoxdur
2025-ci il üzrə aparılan təhlillər zal nəzarətçilərinin fəaliyyətinə dair bir sıra nəticələri üzə çıxarıb. Sertifikatlı zal nəzarətçiləri qayda pozuntularına daha az yol verirlər.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, kompüter proqramı vasitəsilə müəyyən edilən köçürmə hallarının statistikası göstərir ki, nəzarətçinin imtahanda iştirak sayı, yəni təcrübəsi ilə baş verən köçürmə hallarının sayı arasında korrelyasiya mövcud deyil.
Şöbə müdiri vurğulayıb ki, zal nəzarətçisinin imtahanlarda iştirak təcrübəsi az olduqda, imtahan rəhbərləri tərəfindən qeydə alınan digər qayda pozuntularına – cavab vərəqinin sual kitabçası zərfinə qoyulmaması, cavab vərəqinin vaxtında təhvil alınmaması, sual kitabçasının iştirakçıya vaxtından əvvəl verilməsi, iştirakçının səhv yerdə əyləşdirilməsi, iştirakçıların vaxtından əvvəl buraxılması, imtahan zamanı zalın tərk edilməsi kimi hallara daha çox rast gəlinir.
Adıgözəl Həbibov qeyd edib ki, regional bölmələri əhatə edən rayonlarda keçirilən buraxılış və qəbul imtahanlarında yol verilən qayda pozuntuları Bakı, Sumqayıt və Abşeron ərazisində keçirilən imtahanlarla müqayisədə iki dəfə çoxdur.
Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsində əvvəlki illərin məzunlarının yerləşdirildiyi zallarda qayda pozuntularına daha çox rast gəlinir. Həmçinin buraxılış və əvvəlki il məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında cari il məzunlarının yerləşdirildiyi zallarda da qayda pozuntuları daha çox qeydə alınır.
Cari tədris ili üzrə qəbul imtahanlarında əsasən fizika, kimya, tarix, ingilis dili, texnologiya və ibtidai sinif müəllimləri daha çox qayda pozuntularına yol veriblər. Qeyd olunub ki, ibtidai sinif müəllimləri təkcə cari ildə deyil, 2024, 2023 və 2022-ci illərdə keçirilən qəbul və buraxılış imtahanlarında da daha çox qayda pozuntularına şərait yaradıblar.



