Doğru peşə seçimi: Həyatınızı dəyişəcək qərarı verə bilirsinizmi?
Peşə seçimi insanın həyatında verilən ən mühüm qərarlardan biridir. Lakin bu qərar çox vaxt məktəblilərin yalnız topladığı bala, ailənin gözləntilərinə və ya cəmiyyətdə formalaşmış stereotiplərə əsaslanaraq qəbul edilir. Nəticədə bir çox gənc ali təhsil aldıqdan sonra belə seçdiyi ixtisasdan narazı qalır, əmək bazarında öz yerini tapmaqda çətinlik çəkir.
Dünyanın bir çox ölkəsində bu problemin qarşısını almaq üçün məktəblərdə karyera məsləhətçiləri fəaliyyət göstərir. Onlar şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə, əmək bazarının tələblərini tanıtmağa və gələcək peşə seçimində düzgün istiqamət verməyə kömək edirlər
Məktəblərdə karyera məsləhətçiliyi
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun doktorantı, insan resursları üzrə mütəxəssis Vəfa Mehdiyeva bildirib ki, XXI əsrdə insan kapitalı hər bir dövlətin mühüm strateji resursu və ən qiymətli sərvətidir: “Bu gün ölkələrin rəqabət qabiliyyəti artıq təkcə təbii ehtiyatlar və ya iqtisadi göstəricilərlə deyil, insan kapitalının keyfiyyəti ilə ölçülür. Məhz buna görə müasir məktəbin missiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmamalıdır. Məktəb eyni zamanda onların potensialını üzə çıxarmalı, gələcəyin bacarıqlarını formalaşdırmalı və əmək bazarının dəyişən tələblərinə uyğun hazırlamalıdır.
Bu yanaşma beynəlxalq təşkilatların strateji sənədlərində də öz əksini tapır. OECD, UNESCO və Dünya Bankının hesabatlarında vurğulanır ki, karyera inkişafı müasir təhsil sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Məktəblərdə peşəyönümlü və sistemli karyera məsləhətçiliyinin tətbiqi yalnız şagirdlərin düzgün peşə seçiminə xidmət etmir. Bu yanaşma eyni zamanda insan kapitalının inkişafına, əmək bazarının ehtiyaclarının ödənilməsinə və ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir”.
Mütəxəssisin sözlərinə görə, Azərbaycanda bu istiqamətdə mühüm institusional addımlar atmışdır. Nazirlər Kabinetinin 2020-ci ildə təsdiq etdiyi "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası" məktəblərdə peşəyönümü fəaliyyətinin hüquqi əsaslarını müəyyən etmişdir: “Qaydalar şagirdlərin maraq və qabiliyyətlərinin müəyyənləşdirilməsi, peşələr haqqında məlumatlandırılması, əmək bazarı ilə tanışlıq və karyera planlaşdırılması istiqamətində sistemli fəaliyyət üçün mühüm normativ baza formalaşdırmışdır.Hesab edirəm ki, hazırda ölkəmizdə mövcud hüquqi çərçivə beynəlxalq təcrübənin uğurlu elementlərinin inteqrasiyası üçün kifayət qədər əlverişli zəmin yaradır.Dünya təcrübəsinə nəzər saldıqda müxtəlif ölkələrin bu istiqamətdə fərqli, lakin səmərəli modellər formalaşdırdıqlarını görürük”.
Dünya ölkələrinin təcrübəsində necədir?
Vəfa Mehdiyeva bununla bağlı dünya ölkələrinin təcrübəsindən danışıb. Qeyd olunub ki, Kanadada “Career Development” proqramı ümumi təhsil sisteminin ayrılmaz hissəsidir. Bir çox əyalətdə karyera planlaşdırılması artıq 7–8-ci siniflərdən başlayır və hər bir şagird üçün fərdi karyera portfolioları hazırlanır.
Almaniyada uğurla tətbiq olunan dual təhsil modeli məktəb, dövlət və biznes arasında səmərəli əməkdaşlıq üzərində qurulub. Şagirdlər təhsil aldıqları dövrdə müəssisələrdə, istehsalat sahələrində, banklarda və dövlət qurumlarında praktiki təcrübə qazanırlar. Bu yanaşma onların həm peşə seçimini asanlaşdırır, həm də əmək bazarına keçidini sürətləndirir.
Sinqapur məktəblərində isə hər bir şagird üçün fərdi karyera xəritəsi hazırlanır. Burada əsas məqsəd yalnız ilk peşənin seçilməsi deyil, ömürboyu karyera inkişafı və davamlı bacarıq yenilənməsi mədəniyyətinin formalaşdırılmasıdır”.
Mütəxəssisin sözlərinə görə, ABŞ-də fəaliyyət göstərən “School Counselor” modeli də diqqətəlayiq nümunələrdəndir:“Bu mütəxəssislər yalnız psixoloji dəstək göstərmir, eyni zamanda akademik planlaşdırma, ali təhsil istiqamətləndirilməsi, karyera planlaşdırılması və valideynlərlə sistemli əməkdaşlıq funksiyalarını da yerinə yetirirlər.
UNESCO və OECD hesab edir ki, karyera məsləhətçiliyi yalnız peşə seçiminə xidmət edən mexanizm deyil. Bu xidmət sosial bərabərliyin möhkəmlənməsinə, məktəbdən əmək bazarına keçidin asanlaşmasına, insan kapitalının keyfiyyətinin yüksəldilməsinə, gənclər arasında işsizlik riskinin azalmasına və iqtisadi məhsuldarlığın artmasına birbaşa təsir göstərir”.
V.Mehdiyevanın fikrincə, OECD-nin uzunmüddətli tədqiqatlarının nəticələri xüsusilə diqqətəlayiqdir. Belə ki, araşdırmalar göstərir ki, təxminən 15 yaşında keyfiyyətli karyera yönümlü fəaliyyətlərdə iştirak edən gənclər 25 yaşlarında daha yüksək məşğulluq göstəricilərinə malik olurlar. Bu nəticələr erkən yaşlardan həyata keçirilən karyera istiqamətləndirilməsinin insan kapitalına uzunmüddətli investisiya olduğunu elmi əsaslarla təsdiqləyir.
Müasir əmək bazarının əsas problemlərindən biri iş yerlərinin çatışmazlığı deyil…
Həmsöhbətimiz deyir ki, müasir əmək bazarının əsas problemlərindən biri iş yerlərinin çatışmazlığı deyil, mövcud bacarıqlarla əmək bazarının tələbləri arasında uyğunsuzluğun yaranmasıdır. Bu gün işəgötürənlər diplomdan daha çox kompetensiyalara, praktik bacarıqlara, analitik düşünməyə, kommunikasiya qabiliyyətinə və çevikliyə üstünlük verirlər: “Bu reallıq fonunda hesab edirəm ki, məktəbdə fəaliyyət göstərən karyera məsləhətçisinin funksiyası yalnız peşə seçimi ilə məhdudlaşmamalıdır. O, insan kapitalının inkişafını koordinasiya edən strateji mütəxəssis kimi fəaliyyət göstərməlidir”.
V.Mehdiyeva bildirib ki, gələcəyin məktəbində karyera məsləhətçisinin fəaliyyətini altı əsas istiqamət üzrə görür.Bu şagirdlərin maraq və bacarıqlarının diaqnostik qiymətləndirilməsi, fərdi karyera planlarının hazırlanması, valideynlərin maarifləndirilməsi, ali və peşə təhsili istiqamətində peşəkar məsləhətlərin verilməsi, əmək bazarı və gələcəyin peşələri barədə sistemli məlumatlandırma, həmçinin işəgötürənlərlə əməkdaşlıq və mentorluq proqramlarının təşkili ola bilər.
Həmsöhbətimizin fikrincə, bu istiqamətdə ölkəmiz üçün üç mühüm təşəbbüs xüsusilə aktualdır: “Birinci təşəbbüs hər bir şagird üçün İnsan kapitalı portfoliolarının hazırlanmasıdır. Bu portfoliolar yalnız akademik nailiyyətləri deyil, eyni zamanda könüllülük fəaliyyəti, sosial layihələrdə iştirak, liderlik bacarıqları, rəqəmsal səriştələr, xarici dil bilikləri və digər inkişaf göstəricilərini də əhatə etməlidir.
İkinci istiqamət məktəb–universitet–işəgötürən əməkdaşlığının daha da gücləndirilməsidir. Finlandiya və Almaniya təcrübəsi göstərir ki, şagirdlərin real iş mühiti ilə erkən tanışlığı onların peşə seçiminə və gələcək məşğulluq imkanlarına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Üçüncü istiqamət isə rəqəmsal texnologiyalar və süni intellekt əsaslı karyera platformalarının inkişafıdır. Belə sistemlər şagirdlərin maraq və bacarıqlarını təhlil edərək onlara fərdiləşdirilmiş inkişaf istiqamətləri təklif edə bilər. Bu texnologiyalar müəllimi və ya karyera məsləhətçisini əvəz etmir, əksinə onların fəaliyyətini daha səmərəli və daha dəqiq edir.
Dünya İqtisadi Forumunun "Future of Jobs" hesabatlarında qeyd olunur ki, yaxın illərdə analitik düşünmə, yaradıcılıq, texnoloji savadlılıq, çeviklik və ömürboyu öyrənmə bacarığı əmək bazarında ən çox tələb olunan kompetensiyalar olacaq. Bu bacarıqların əhəmiyyətli hissəsi məhz məktəb dövründə formalaşır. Buna görə də gələcəyin məktəbi yalnız fənn bilikləri verən təhsil müəssisəsi deyil, həm də gələcəyin bacarıqlarını inkişaf etdirən insan kapitalı mərkəzi olmalıdır”.
Mütəxəssis bildirib ki, növbəti inkişaf mərhələsi “Məktəbdə insan kapitalının erkən inkişaf modeli” konsepsiyasının tətbiqi ola bilər:“Bu model mövcud peşəyönümü xidmətini əvəz etmədən, onu tamamlayan və daha da gücləndirən inkişaf yanaşması kimi nəzərdən keçirilə bilər.
Modelin dörd əsas sütun -şagirdlərin maraq və bacarıqlarının mərhələli qiymətləndirilməsi, fərdi inkişaf və karyera portfoliolarının formalaşdırılması, məktəb–universitet–işəgötürən əməkdaşlığının sistemli inkişafı, eləcə də rəqəmsal və süni intellekt əsaslı karyera dəstəyi mexanizmlərinin tətbiqi üzərində qurulması mümkündür.
Vəfa Mehdiyeva Azərbaycan üçün ən məqsədəuyğun yanaşmanın hibrid modeli olduğunu hesab edir: “Finlandiyanın fərdi karyera planlaşdırılması təcrübəsi, Almaniyanın məktəb–işəgötürən əməkdaşlığı modeli, Kanadanın karyera portfolioları sistemi və Sinqapurun ömürboyu karyera idarəetməsi yanaşması milli təhsil sistemimizin xüsusiyyətləri nəzərə alınmaqla inteqrasiya edilə bilər.
İnanıram ki, belə bir yanaşma mövcud normativ-hüquqi bazanı daha da gücləndirəcək, insan kapitalının erkən inkişafını təmin edəcək və şagirdlərin potensialının daha dolğun reallaşmasına şərait yaratmaqla gələcəyin əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli insan resurslarının formalaşmasına mühüm töhfə verəcəkdir”.




