Dörd həftəyə layihə hazırladı, “Qran-pri” aldı - 10 yaşlı ixtiraçının uğuru
Masallı şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbin IV sinif şagirdi Mədinə Ramazanlı bu ilin ən parlaq uğurlarından birinə imza atıb. O, “Kubok TRİZ 2025” beynəlxalq innovasiya və ixtiraçılıq müsabiqəsində ən yüksək nəticə göstərərək “Qran-pri” mükafatına layiq görülüb.
“Azərbaycan müəllimi” oxucularını balaca Mədinənin ixtirası ilə yaxından tanış edir. Cəmi on yaşlı bu balaca ixtiraçı həm öz zəhməti, həm də öyrənməyə olan sevgisi ilə müəllimlərinin və sinif yoldaşlarının qüruruna çevrilib.
“Biz layihəni cəmi dörd həftəyə hazırladıq”
Gülərüz, mehriban balaca bizə özündən və ixtirasından həvəslə danışır. “Mənim adım Mədinədir. Ən sevdiyim fənlər rus dili, həyat bilgisi və STEAM-dır. STEAM çox maraqlı fəndir, bu ildən biz onu öyrənməyə başlamışıq”, – deyə Mədinə gülümsəyərək bildirir.
Müsabiqə barədə ilk dəfə anasından eşidən Mədinə üçün bu həm çətin, həm də həyəcanlı bir təcrübə olub. O anları belə xatırlayır:
“Anam bu müsabiqə barədə mənə demişdi, sinfimizdə ortaq qərarla məni seçdilər. Çətin idi, çünki vaxt az idi. Biz layihəni cəmi dörd həftəyə hazırladıq. Bilmirəm, bəlkə də uğurunun səbəbi çox çalışmağım və uğura inanmağım oldu”.
Mədinə və komanda yoldaşları “Platon saatı” adlanan maraqlı bir layihə təqdim ediblər. Onlar qədim su saatını – klepsidranı ev şəraitində, sadə materiallarla – butulka, qələm, yapışqan, plastilin və fitdən istifadə edərək düzəldiblər.
“Uzun mətnləri yadda saxlamaq çətin idi”
Ən çox çətinlik doğuran mövzu da məhz “saatlar” olub: “Biz su saatının necə işlədiyini öyrəndik, gnomonla müşahidələr apardıq. Əvvəl “Platonun budilniki” fit çalmırdı, hava az idi. Bir neçə dəfə yenidən düzəltdik. Yağışlı günlər olurdu, günəş çıxmırdı, amma sonda hər şey alındı! Layihəmiz saatlar haqqında idi. Açığı, bu mövzu mənim sevdiyim mövzu deyildi. Hələ əvvəlcə öyrənməli idim ki, qədim insanlar vaxtı necə bilirdilər. Uzun mətnləri yadda saxlamaq çətin idi. Amma çox çalışdım və öyrəndim”.
Əməyinin nəticəsi isə sevinc dolu bir anla yekunlaşıb: “Mən çox sevinirdim! Heç gözləmirdim ki, “Qran-pri” qazanacağam”.
Bu xəbəri sinifdə müəllimindən eşidən Mədinəni bütün yoldaşları təbrik edib. Axşam isə evdə sevinc ikiqat olub. “Evdə hamı çox sevindi, hamı mənimlə qürur duyurdu”, – deyir Mədinə.
“Yeni şeylər öyrənməkdən çəkinməyin”
Boş vaxtlarında rəsm çəkməyi, plastilindən müxtəlif fiqurlar düzəltməyi və maraqlı oyunlar oynamağı sevir. Amma gələcək arzusu daha konkret və maraqlıdır: “Böyüyəndə diş həkimi olmaq istəyirəm, elə Günel xanım kimi. Günel xanım mənim uşaqlıqdan sevdiyim diş həkimimdir”.
Söhbətimizin sonunda Mədinə yaşıdlarına da ilhamverici mesaj göndərməyi unutmur: “Belə böyük layihələrdən qorxmayın. Yeni şeylər öyrənməkdən çəkinməyin. Uğur birlikdə işləməkdir. Layihənin hazırlanmasında mənə kömək etdikləri üçün Əfsanə müəllimə və anama çox təşəkkür edirəm”.
Beləcə, balaca ixtiraçı qızımız bir daha sübut etdi ki, istək, əzm və yaradıcı düşüncə üçün yaşın heç bir fərqi yoxdur.



