Dörd ilin zəhməti beynəlxalq uğura çevrildi

23 İyul, 2026 - 13:49
Dörd ilin zəhməti beynəlxalq uğura çevrildi

Astara rayon Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Rəsul Şahverdiyev son illərdə qazandığı uğurlarla gənc biologiya həvəskarlarından biri kimi diqqət çəkir. Lütfi Zadə adına Məntiq Olimpiadasının gümüş, Respublika fənn müsabiqələrinin biologiya fənni üzrə qızıl, Respublika fənn olimpiadalarının qızıl və bürünc medalçısı olan məktəbli, həmçinin Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO) gümüş medal qazanıb. Bu il isə Beynəlxalq Biologiya Olimpiadasında (IBO) fərqlənən Azərbaycan komandasının üzvlərindən biri olub.

"Azərbaycan müəllimi"nin həmsöhbəti olan gəncimiz hesab edir ki, olimpiada yalnız bilik yarışı deyil, həm də insanın xarakterini formalaşdıran mühüm bir məktəbdir. Onun sözlərinə görə, bu yol uzunmüddətli hazırlıq, ciddi intizam və böyük səbir tələb edir: "Olimpiada məsuliyyət, uzunmüddətli və intizamlı çalışma tələb edən bir məşğuliyyətdir. Bu işdə dərinə getdikcə siz biliklərinizin böyük elm dəryasında heç olduğunu anlayırsınız və araşdırmağa başlayırsınız. Amma məndə ən çox formalaşan keyfiyyətin səbir olduğunu düşünürəm, çünki bir dəfə uğursuz olduqdan sonra artıq siz eyni yarışda uğurlu olmağı gözləyərkən 1 iliniz keçir və bu müddətdə çəkdiyiniz əziyyət sizi çox səbirli biri edir".

Artıq dörd ilə yaxındır ki, olimpiada hazırlığı ilə məşğul olan Rəsul üçün final mərhələlərində iştirak adi hal sayılsa da, qarşılaşdığı suallar hər dəfə onu yeni biliklər axtarmağa sövq edir. Gənc olimpiadaçı xüsusilə molekulyar biologiyanın mürəkkəbliyi və imkanlarından təsirləndiyini bildirir: "Biologiya çox dərin bir elm sahəsidir və Beynəlxalq Biologiya Olimpiadasında (IBO) iştirak edənlər onun əsas bölmələrindən məlumatlı olmalıdırlar. IBO-ya hazırlaşarkən məni ən çox heyrətləndirən mövzu molekulyar biologiya, xüsusilə də gen ifadəsinin tənzimlənməsi olub. Əvvəllər DNT-ni sadəcə genetik məlumatın saxlandığı bir molekul kimi düşünürdüm. Amma öyrəndikcə başa düşdüm ki, eyni DNT-yə malik hüceyrələr yalnız hansı genlərin nə vaxt və hansı miqdarda ifadə olunmasına görə tamamilə fərqli funksiyalar yerinə yetirə bilir. Məni ən çox düşündürən isə odur ki, milyonlarla hüceyrə bu prosesi son dərəcə dəqiq şəkildə koordinasiya edir. Kiçik bir tənzimləmə pozuntusu belə xərçəng kimi ciddi xəstəliklərə səbəb ola bilər. Bunun əksinə, eyni mexanizmlərin inkişaf, toxuma bərpası və orqanizmin uyğunlaşması üçün necə istifadə olunması biologiyanın nə qədər mürəkkəb və eyni zamanda heyrətamiz bir elm olduğunu mənə göstərdi".

Rəsulun sözlərinə görə, beynəlxalq səviyyəli yarışlarda uğurun vacib şərtlərindən biri də vaxtı düzgün idarə etmək bacarığıdır. Çətin suallarla yanaşı, məhdud zaman da iştirakçıların qarşısında ciddi sınaq yaradır: "Adətən üzərində çox çalışdıqları bir imtahanda vaxt problemi yaşayarkən iştirakçıların bəziləri stresə düşür və bu da onların nəticəsinə mənfi təsir edir. Amma tövsiyəm odur ki, o durumda artıq siz pis yazacağınızı düşünüb stresə girməkdənsə, olanı unudub rahat və çox bal verən suallarla davam etməlisiniz".

Gəncimizin qarşısında artıq yeni məqsədlər dayanır. O, əldə etdiyi nəticəni son nöqtə deyil, daha böyük uğurlara aparan yolun başlanğıcı hesab edir: "Hədəfim Azərbaycanı yenidən IBO-da təmsil edərək medalla qayıtmaqdır. Gələcək karyeramla bağlı planım isə tibb təhsili almaq və həkim olmaqdır".

Elm yolunda qazandığı uğurlar, nümayiş etdirdiyi əzmkarlıq və gələcəyə dair aydın məqsədləri Rəsul Şahverdiyevin hələ qarşıda çoxsaylı nailiyyətlərə imza atacağından xəbər verir. Astaralı şagirdimiz artıq sübut edib ki, böyük nəticələrin arxasında təkcə istedad deyil, illərlə davam edən zəhmət və səbir dayanır.

Dörd ilin zəhməti beynəlxalq uğura çevrildi