Dövlət qulluqçusu işləyə bilərdi, amma müəllimliyi seçdi – MİQ-də 95 bal toplayan gənc müəllim
Naxçıvanda 2026-2027-ci tədris ili üçün ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin üçüncü günündə Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə sənəd verən 259 namizəd iştirak edib.
Onlardan tarix fənni üzrə isə ən yüksən nəticəni 95 balla Səbinə Alırzayeva göstərib.
“Azərbaycan müəllimi” namizədlə həmsöhbət olub.
Səbinə Alırzayeva 2020-ci ildə NDU-nun “Tarix müəllimliyi” ixtisasını bitirib. 2022-ci ildə ilk dəfə MİQ-də iştirak edib, maksimum 60 baldan 50 bal toplayaraq Ordubad rayonunun Vələver kənd tam orta məktəbinə təyinat alıb. Bu il sertifikasiya imtahanında isə 56 bal toplayıb. Səbinə MİQ-ə hazırlaşarkən o qədər də çətinlik çəkmədiyini deyir: “Sadəcə MİQ-də imtahan suallarının düşündürücü və təhlil tələb etdiyini bildiyim üçün daha çox test üzərində işləyirdim. Mən hər zaman imtahan verəndə qarşıma yüksək nəticə əldə etməyi qoymuşam və buna da nail olmuşam. Ona görə də imtahan mənim üçün çox rahat keçdi, heç bir həyəcanım yox idi. İmtahan verəcək müəllimlərə də tövsiyə edirəm ki, rahat, sərbəst olsunlar və özlərinə güvənsinlər. Çünki insanın imtahan prosesində ən böyük düşməni həyəcanıdır. Bu zaman yaxşı bildiyiniz sualı da səhv yazmaq ehtimalı olur”.
Özü Babək rayonunun Şıxmahmud kəndindən olsa da, müəllim işləmək arzusu onu Vələver kəndinə aparıb. Orda kirayədə yaşayan gənc müəllim, hazırda Naxçıvan şəhərində işləmək istəyir. Deyir ki, hələ seçimini tam dəqiqləşdirməsə də, ən böyük istəyi Naxçıvan Qızlar Liseyində tarix müəllimi kimi fəaliyyət göstərməkdir.
Əslində dövlət qulluqçusu işləmək imkanı olsa da, müəllimlik peşəsi onun üçün həm də həyat seçimidir. Çünki bu sahədə çalışdıqca, peşəsinin onu inkişaf etdirdiyini görüb: “Müəllimliyi ona görə seçdim ki, uşaqlara nəsə öyrətdiyim zaman onların gözlərində gördüyüm maraq və parıltı məni bu peşəyə daha da bağlayır. Düşünürəm ki, yenidən dünyaya gəlsəydim, yenə də müəllimliyi seçərdim. İnsanın nə qədər problemi olsa da, sinfə daxil olanda sanki bütün o çətinliklər unudulur. Həqiqətən də müəllim olmaq çox böyük məsuliyyətdir. Axı biz gələcəyin nazirini, prokurorunu, vəkilini, həkimini, mühəndisini və digər peşə sahiblərini yetişdirən insanlarıq”.




