“Döyüş təcrübəsi mənə strateji düşünməyi öyrədib” – Aprel döyüşlərinin qəhrəman müəllimləri 

2 Aprel, 2026 - 16:27
“Döyüş təcrübəsi mənə strateji düşünməyi öyrədib”

Müasir Azərbaycan məktəbi təkcə bilik verən məkan deyil, burada xarakter formalaşır, gələcək qurulur. Bu missiyanı daşıyan müəllimlər arasında elələri var ki, onların həyat yolu bir neçə sahənin vəhdətindən ibarətdir. Samux rayon Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru və tarix müəllimi Şahin Məmmədov da belə şəxsiyyətlərdəndir. 

“Azərbaycan müəllimi” Aprel döyüşlərinin qəhrəman pedaqoqları ilə həmsöhbət olub. 

Ön xətdən müəllimliyə və idarəetməyə...

2008–2010-cu illərdə Beyləqan, Xocavənd və Füzuli istiqamətlərində ön xətdə zabit kimi xidmət edən Şahin Məmmədov hərbi nizam-intizamı, məsuliyyəti və liderliyi məhz bu dövrdə qazandı. Daha sonra dövlət qulluğunda fəaliyyət göstərsə də, 2015-ci ildə könüllü şəkildə yenidən ordu sıralarına qayıtması onun Vətənə bağlılığının göstəricisidir.

Kəlbəcərin Murovdağ yüksəkliyi, Tovuzun Əlibəyli kəndi... Bu coğrafiyalar onun həyatında sadəcə məkan deyil, sınaq nöqtələri idi.
2016-cı ilin aprel döyüşlərində isə o, birbaşa hərbi əməliyyatlarının iştirakçısı olub. Goranboyun Tap Qaraqoyunlu və Ağdərənin Talış kəndi istiqamətində gedən əməliyyatlarda iştirak edən zabit göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif olunub.
Hərbi xidmətini başa vurduqdan sonra Şahin Məmmədov təhsilə qayıdaraq müəllimlik fəaliyyətinə başlayıb. 2017-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə Samux rayon Köbər kənd məktəbində tarix müəllimi kimi fəaliyyətə başlayıb.
2023-cü ildən isə Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru kimi fəaliyyət göstərir. O, bu gün həm rəhbər, həm müəllim, həm də keçmiş zabit kimi məktəbdə xüsusi nüfuz sahibidir.

“Döyüş təcrübəsi mənə çətin anlarda soyuqqanlı qalmağı və strateji düşünməyi öyrədib”

Şahin müəllim üçün hərb, tarix və idarəçilik ayrı-ayrı sahələr deyil – bir bütövün parçalarıdır: “Bu üç sahə kənardan fərqli görünsə də, əslində bir-birini tamamlayan təməl prinsiplərə söykənir: intizam, fədakarlıq və tarixə bağlılıq. Döyüş təcrübəsi mənə çətin anlarda soyuqqanlı qalmağı və strateji düşünməyi öyrədib. Tarixçi olmağım keçmişimizdən dərs çıxararaq gələcəyi qurmaqda mənə yol göstərir. Direktorluq isə bütün bu təcrübələri kollektiv şəkildə tətbiq etmək platformasıdır. Bununla mən həm tariximizi öyrədirəm, həm şagirdlərimizin gələcəyi üçün çalışıram”.

Onun fikrincə, hərb və təhsil arasında düşündüyümüzdən daha çox oxşarlıq var: “Hər iki sahədə ən vacib oxşarlıq məsuliyyət və insan amilidir. Müharibə zamanı verilən qərar bir insanın həyatı, məktəbdə verilən qərar isə bir şagirdin taleyi və gələcəyi deməkdir. Həm komandir, həm də direktor olaraq dərk edirsən ki, arxandakı kollektivin sənə inanması ən vacib amillərdəndir. Planlama, resursların (istər hərbi, istər pedaqoji) düzgün bölüşdürülməsi və böhran anında operativ reaksiya vermək hər iki sahənin ortaq nöqtəsidir. Hər iki işdə qətiyyətli və ən önəmlisi ədalətli olmaq lazımdır”.

Məktəbdə vətənpərvərlik mühiti yaradılır...

Direktor olaraq onun əsas prioritetlərindən biri şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılmasıdır. Bu istiqamətdə məktəbdə mütəmadi tədbirlər keçirilir, şagirdlərə tariximizin şanlı səhifələri öyrədilir:“Vətənpərvərlik sadəcə şüar deyil, gündəlik həyat tərzidir. Məktəbimizdə mütəmadi olaraq tarixi günlərlə bağlı tədbirlər təşkil edirik, şagirdlərin tariximizin şanlı səhifələrini məsələn, Aprel döyüşləri, Tovuz döyüşləri, Vətən müharibəsi və.s dərindən öyrənmələri üçün çalışırıq. Qəsəbəmizin şəhidlərinin anım günlərində onların məzarları ziyarət edilir. Mən həm də şagirdlərimə vətəni yaxşı oxumaqla, daha innovativ olmaqla, olimpiada qalibi olmaqla, özünü inkişaf etdirməklə də sevməyin mümkünlüyünü bildirirəm”.

Şahin müəllim üçün müəllimlik sadəcə fənn tədrisi deyil – bu, həyat dərsi verməkdir:“Mənim şagirdlərimə verdiyim ən vacib dərs qarşılarına qoyduqları hədəfə doğru əzmlə, səbirlə, ağılla irəliləmələridir. İnsan həm döyüşdə həm də çətin bir imtahan zamanı öz daxili gücünə inanmalıdır. Şagirdlərimə tövsiyə edirəm ki, heç bir çətinliyin əbədi olmadığını unutmasınlar, ədalətli və intizamlı olmağı isə hər şeydən üstün tutsunlar”.

Vətənə bağlanan ömür yolu

Samux rayonunun Qovlarsarı kənd məktəbində fəaliyyət göstərən gənclərin çağırışaqədərki hazırlıq müəllimi, ehtiyatda olan zabit Nuhin Əhmədov da tək Azərbaycan müəllimi obrazı ilə məhdudlaşmır. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yurdçu kəndində anadan olub. Orta təhsilini doğma kəndində aldıqdan sonra həyat yolunu hərb sahəsi ilə davam etdirib. Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə, daha sonra isə Bakı şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Yerüstü artilleriya ixtisası üzrə təhsil alıb.

2012-ci ildən Azərbaycan Ordusunda zabit kimi xidmətə başlayan Nuhin Əhmədov qısa müddətdə məsuliyyətli və peşəkar hərbçi kimi formalaşıb. Gəncə şəhərində və daha sonra cəbhə bölgəsində xidmətini davam etdirən zabit 2016-cı ilin aprel döyüşlərində ön cəbhədə yer alıb.

Komanda müşahidə məntəqəsinin komandiri kimi xidmət edən Nuhin Əhmədov döyüş zamanı ağır yaralanıb. Aldığı qəlpə yaraları nəticəsində sağ əlində üç barmağını itirib. Uzun müddət hospital şəraitində müalicə alsa da, sağlamlığı tam bərpa olunmayıb və 2017-ci ildə ehtiyata buraxılıb.

Yeni həyat, yeni missiya

Ehtiyata buraxıldıqdan sonra doğma rayona qayıdan Nuhin Əhmədov bir müddət çətin şəraitdə yaşasa da, dövlət qayğısı ilə mənzillə təmin olunub. Daha sonra müalicəsini davam etdirmək üçün Samux rayonuna köçərək burada yeni həyat mərhələsinə qədəm qoyub. 2021-ci ildən etibarən o, Qovlarsarı kənd məktəbində gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edir. Bu gün o, yalnız müəllim deyil – o, həm də həyatın içindən keçmiş bir örnəkdir.

Nuhin müəllimin dərsləri fərqlidir. O, şagirdlərinə yalnız kitab bilikləri ilə kifayətlənmir, şəxsi təcrübəsini də bölüşür: “Aprel döyüşlərində qazandığım şəxsi döyüş təcrübəsi dərslərimə birbaşa təsir edir. Mən çalışıram ki, gənclərə yalnız nəzəri bilik yox, eyni zamanda real döyüş şəraitində lazım olan bacarıqları da öyrədim. Şəxsi təcrübəmdən nümunələr gətirərək onlara vətənpərvərlik ruhu aşılayıram, çətin vəziyyətlərdə necə davranmalı olduqlarını izah edirəm. Bu da şagirdlərin dərsə marağını artırır və onların məsuliyyət hissini gücləndirir”.


Müəllim gənclərin bugünkü hərbi hazırlığa münasibətini müsbət qiymətləndirir və onların artan marağını xüsusi vurğulayır:“Müasir dördə gənclərin hərbi hazırlığa münasibətini ümumilikdə müsbət qiymətləndirirəm. Xüsusilə son illərdə gənclər arasında vətənpərvərlik ruhunun daha da gücləndiyini müşahidə edirik. Onlar hərbi biliklərə yiyələnməyə, fiziki cəhətdən hazırlıqlı olmağa və vətənin müdafiəsinə hazır olmağa böyük maraq göstərirlər. Gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edərkən görürəm ki, şagirdlər hərbi sahə ilə bağlı mövzulara ciddi yanaşır, suallar verir və öyrənməyə çalışırlar. Biz müəllimlərin də əsas məqsədi bu marağı daha da artırmaq, gənclərə düzgün hərbi biliklər vermək və onlarda vətənpərvərlik hissini daha da gücləndirməkdir”.

“Məktəbdə vətənpərvərlik tərbiyəsi yalnız nəzəri şəkildə deyil, praktik və real nümunələr əsasında aşılanmalıdır”

Onun fikrincə, vətənpərvərlik tərbiyəsi yalnız sözlə deyil, nümunə ilə aşılanmalıdır: “Mənim fikrimcə, məktəbdə vətənpərvərlik tərbiyəsi yalnız nəzəri şəkildə deyil, praktik və real nümunələr əsasında aşılanmalıdır. Şagirdlərə vətəni sevməyi təkcə sözlə yox, tariximizi, qəhrəmanlarımızı və ordumuzun uğurlarını tanıtmaqla öyrətmək daha təsirli olur. Mən də müəllim kimi çalışıram ki, şəxsi döyüş təcrübəmdən nümunələr gətirərək şagirdlərə vətənin nə qədər dəyərli olduğunu izah edirəm”.


Nuhin Əhmədov üçün müəllimlik və hərbçilik ayrı anlayışlar deyil – onlar bir bütövün iki tərəfidir: “Mən özümü həm müəllim, həm də hərbçi kimi hiss edirəm. Çünki hər iki sahə bir- birini tamamlayır. Hərbçi kimi qazandığım təcrübə müəllimlik fəaliyyətimdə gənclərə daha real biliklər verməyimə kömək edir. Müəllim kimi isə çalışıram ki, gəncləri vətənpərvər ruhda yetişdirim və onları gələcək hərbi xidmətə daha yaxşı hazırlayım. Bu iki sahə mənim üçün bir-birini tamamlayır və mən hər ikisini qürurla daşıyıram”.