Döyüşdü, müəllim işlədi, əsl vətəndaş kimi yaşadı...

9 May, 2025 - 09:45
Döyüşdü, müəllim işlədi, əsl vətəndaş kimi yaşadı...
Döyüşdü, müəllim işlədi, əsl vətəndaş kimi yaşadı...

Tarix üçün illər, on illər, yüz illər də böyük vaxt deməkdir. Yaşanılanlar unudul­mur­sa, ya­şa­dı­­lırsa, yaddaşlarda da qalır, tarixdə də. 80 il az tarix deyil, böyük tarix də deyil. O tarixdə dü­nənlərimiz var, dünənlərimizdən bu günlərimizə can yandıranla­rı­mızın xatirələri var. O xatirələr də tarixdir...

Firudin Nuru oğlu Allahverdiyev 1921-ci ildə Zəngilan rayonunun Alıbəyli kən­­dində anadan olub. Burada ibtidai təhsil alıb, 1939-ci ildə Qubadlı rayo­nu­nun Xocahan kənd orta məktə­bi­ni bitirib. Azərbaycanı silkələyən 37-dən son­ra dünyanı silkələyən 39 gəlmişdi. Firudin Nuru oğlu həmin il hər­bi xid­mə­tə çağırıldı. Tərxis edilib Zən­gi­la­na qayıtdı. Düz-əməlli “nəfəs dər­mə­miş” 41-in iyun ayının 22-sinin səhəri açıldı. Gül­lə­­lərlə, mərmilərlə, bombalarla, qırğınlarla. Fi­rudin Nuru oğlu da mü­ha­ri­bəyə apa­rıldı...

Müharibənin yolları hər əsgər üçün müxtəlif dolaylardan keçirdi. Döyüş yolları bu dolay­lar­dan keçib müharibəyə aparırdı. Firudin Nuru oğlu Tbilisi şəhərində biril­lik hərbi-siyasi kursda təh­­sil aldı. Müharibədə zabit kimi xidmət edəcəkdi. Oxu­yur­du, təhsildən sonra harada xidmət edə­cə­yini – döyüşəcəyini düşünmədən hərbi təhsil alır­dı. Böyük qardaşı Səlimin döyüşlərdə həlak ol­ması qəlbini qana döndərmişdi, döyüş əz­mini, qələbə ruhunu artırmışdı. İndi döyüşlərə gedəcəyi günü daha səbirsizliklə gözləyirdi. Hərbi təhsilini bu ovqatla bi­tir­di. Bilirdi ki, bu müharibə cay­naq­lı müharibədir, uzun çəkəcək. Onu da bilirdi ki, o da ordunun zabiti kimi qətiyyətlə döyüşəcək, Azərbaycanın adı üçün döyüşəcək, ata adına, el-obaya başucalığı gətirməklə döyüşəcək, qarda­şı­nın ruhunu da yanında bilib döyüşəcək...

Kiçik leytenant hərbi rütbəsi ilə əvvəlcə 416-cı Taqanroq diviziyasının tərkibində, sonra Şi­mali Qafqaz və Stalinqrad istiqamətində 18-ci Ordunun 82-ci atıcı diviziyanın 3-cü əla­hiddə tabo­run­da bölmə komandiri, sonra 3-cü əlahiddə taborunun bölük ko­man­dirinin şəxsi heyət üzrə müa­vi­ni, 148-ci atıcı diviziyanın  əlahiddə zenit-pu­lemyot bölüyünün taqım ko­man­diri kimi döyüşdü...

Döyüşlərdə azca fasilə yarananda Azərbaycanı düşünürdü, Zəngilanı düşü­nür­dü, Alıbəylini düşünürdü, camaatın güzəranını düşünürdü. Hamı kimi o da çətin gü­nün ömrünün az olmadığına yanıb-yaxılırdı. Müharibə başa çatınca ağrılar yaşa­nı­la­cağını o da güman edirdi. Düşünürdü ki, müharibədə, döyüşlərdə də belə olacaq, müharibədən uzaq­lar­da da...

Mozdokda döyüşmüşdü. Krasnodarda döyüşmüşdü, Novorossiyskdə döyüş­müş­dü. Qələbə­lər onun da ruhunu sabahkı döyüşlərə kökləmişdi.

82-ci atıcı diviziya Novorossiyskin sağ cinahında müdafiə döyüşləri aparırdı. Faşistlər bu şə­həri işğal etmək, ordu hissələrimiz, xüsusilə 82-ci diviziya düşmənin hücumunun qarşısını almaq üçün qətiyyətlə döyüşürdü. Komandanlığın əmri ilə döyüşdə dönüş yaratmaq üçün düş­mə­nin hücum sistemi, mövqeləri haqqında mü­fəs­səl kəşfiyyat məlumatları əldə edilməli idi. İlk cəhd­lər alınmamışdı. Diviziya komandirinin əmri ilə batalyon səviyyəsində kəşfiy­ya­t təşkil edildi. Bu, açıq kəşfiy­yat idi. Batalyon (indiki tabor) düşmənin mövqelərinin 200-300 metrliyində idi. Döyüş­süz saat­lar psi­xo­loji ağırlıqla keçirdi. Döyüşçülərimiz səhərə yaxın, düşmənin gözləmədiyi mə­qam­da  hücuma ke­çəcəkdi. Firudi­nin bölməsinə “dil” gətirmək tapşırığı veril­miş­di. Bilirdilər ki, bu tap­­şırıq hücu­mun vaxtını da, istiqamətini də dəqiqləşdirməyə gərəkli olacaq. Yəni gətirilən “dil”dən öyrəni­lənlər əsasında həyata keçiriləcək hücum qələbəni təmin edəcəkdi...

Firudin Allahverdiyevin komandirliyi ilə “dil” gətirildi, həm də itki verilmədən. Alman zabiti komandanlığı maraqlandıran suallara ətraflı cavab verdi...

Sürətli hücumla düşməni geri çəkilməyə məcbur etdilər...

Bu əməliyyatadək sinəsini “İgidliyə görə” medalı bəzəyən kiçik leytenant Firudin Allahverdiyev əldə edilən vacib qələbəyə görə “Qır­mı­zı ulduz” ordeni ilə təltif edildi...

Müharibə davam edirdi. Düşmən işğal etdiyi şəhərlərdən döyüşlə uzaqlaşdırı­lır­dı. Kiçik ley­te­nant Firudin Allahverdiyevə leytenant hərbi rütbəsi verilmişdi. Döyüşlərdə qətiyyətlə döyüş­mə­yən, komandiri olduğu hərbi bölüyə bacarıqla rəh­bər­lik edə bilməyən zabitə növbədənkənar, həm də ağır döyüşlər getdiyi bir vaxtda hərbi rütbə verilməzdi. Leytenant Firudin Al­lahverdiyev 148-ci atıcı diviziyanın əlahiddə zenit-pulemyot bölüyünün taqım ko­man­­diri təyin edildi. Bu təyinatdan bir həftə ötməmiş bölüyə döyüş əm­ri verildi. Uzun çəkməyən döyüşdə düşmənin nizamı po­zuldu, ciddi itki verən düşmən möv­qedən sıxışdırıldı, batalyonun döyüş fəaliyyətinə əlverişli şərait yarandı...

Növbəti əməliyyatların birində düşmənin iki qırıcı təyyarəsini, tankını və xeyli canlı qüv­və­sini sı­ra­­dan çıxardıqlarına görə bir neçə döyüşçü müxtəlif mükafatlara, taqım komandiri Firudin Al­lahverdiyev isə “Birinci dərəcəli Vətən müharibəsi” ordeninə la­yiq görüldü. Komandirləri azər­bay­canlı leytenantın döyüş bacarığı, zabit kimi bölüyü döyüşə aparma və döyüşü təşkil etmə mə­ha­rətini yüksək dəyərləndirirdi.

Diviziya Polşanın və Çexoslavakiyanın faşistlərdən təmiz­lən­mə­si döyüşlə­rin­də də iştirak et­di. Komandiri leytenant Firudin Allahverdiyev olan bölük də qətiy­yətlə döyüşürdü. Praqa şə­hə­ri­nin azad edilməsi uğrunda ağır döyüşlərdə də bu bölük mərdliklə döyüşdü. Göstərdiyi igid­liyə gö­rə “İkinci dərəcəli Vətən müharibəsi” or­de­ni ilə təltif edildi. 

Praqa uğrunda son döyüşdə yaralanan Firudin Allahverdiyev müalicə olundu, yenidən dö­yüş­lərə, qələbəyə aparacaq döyüş yoluna qayıtdı. Bölüyün döyüşçüləri komandirlərinin qayıdışını mövqe qə­lə­bəsi ilə qarşıladı...

Böyük Vətən müharibəsinin tarixi sənədlərdir, hadisələrdir, zamanında qeyd edilmiş xro­ni­ka­lardır. Əsgər məktubları da müharibə tarixinin öyrənilməsi baxımından gərəklidir. Milyonlarla mək­tub bəzən döyüşlərin gedişi haqqında da müfəssəl məlumatlar deməkdir. Döyüşlərə Zən­gi­lan­dan gön­dərilmiş Firudin Allahverdiyevin məktubları da belə məktublar olub. Zamanında oxunub, onun məktublarında, bəlkə də, za­ma­nında 416-cı Taqanroq diviziyasının, 82-ci atıcı diviziyasının 3-cü əla­hiddə taborunun döyüş yol­la­rı haqqında məlum olmayan faktlar da varmış. Baş leytenant Firudin Allahverdiyev məktublarında döyüşlərin gedişindən də söz açardı, bəzi faktları da qeyd edərdi, fərqlənən döyüşçülərin kimliyini də bildirərdi. Bu onun necə komandir olduğunun təsdiqi idi. Təəssüflər ki, minlərlə ailədə on minlərlə belə məktublar olub, ancaq tarix üçün sənədləş­di­ril­mə­yib. O məktublarda yazılanların bəziləri indi təəssürat kimi yaşadılır.  Zamanında Firudin müəlli­min müharibə, döyüş təəssüratlarını mən də dinləmişəm, Zəngilan taborunun döyüşçüləri də dinləyiblər. O təəssüratlar döyüşçülərimizin döyüş əzminə dönərdi, qələbə ruhuna dönərdi, vetera­nın Azərbaycana sevgisi döyüşçülərin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində va­si­tə olardı...

Böyük Vətən müharibəsi başa çatdı. Faşizm üzərində tarixi qələbə qazanıldı. Fi­rudin Allah­ver­diyev 1946-cı il iyunun 20-də tərxis olundu. Onu döyüşlərə sıravi əsgər kimi aparan yol Azər­bay­cana, Zəngilana zabit kimi qaytarırdı. Qalib zabit kimi, igidliklə döyüşmüş hərbçi kimi qayta­rır­dı.

Müharibə veteranı baş leytenant Firudin Allahverdiyev Azərbaycana qayıtdı. Ruh cana qa­yı­­dan təki qayıtdı. Beş il çəkən döyüşlərdən həsrətinin ünvanına qayıtdı. Müəllim olmaq istəyi ilə 1953-cü ildə Ağdam ikiillik pedaqoji məktəbini bitirdi. Şagirdlərinə dərs deyəcəkdi, onların Və­tə­nə sevgi ruhunda formalaşmasına çalışanların sırasında olacaqdı.

1963-cü ildə pedaqoji prosesdən ayrılmadan V.İ.Lenin adına Azərbaycan Peda­qoji İnstitu­tu­nun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirdi. Rayon xalq maarif şöbəsində metodist, Rəzdərə, Havalı və Malatkeşin kənd məktəblərində direk­tor, Alıbəyli, Məmməd­bəy­li, Zərnəli, Keçikli kənd məktəblərində və Zəngilan şəhər 1 nömrəli səkkizillik məktə­bin­­də müəllim işlədi. Son iş yeri Zəngilan şəhər orta məktəbində hərbi hazırlıq müəllimi oldu. Bu sadə, səmimi, xeyirxah, nəcib insan mənim də ibtidai hərbi hazırlıq müəllimim kimi yurd­se­vərlik hisslərimizin formalaşmasında, hərbçi peşəsinə isti münasibətimizin yaranmasında bütün bilik və bacarığını, zəngin həyat və döyüş təc­rü­bəsini verirdi.

Ermənistan Azərbaycana qarşı ədalətsiz müharibəyə başlayanda Zəngilanda da ərazi özünümüdafiə taboru yaradıldı. Mən həmin taborun komandiri idim. Zəngilanı sevənlər bu taborun sı­ralarında döyüşürdü, döyüşməyə imkanı olmayanların ru­hu döyüşənlərin sırasındaydı. Yaşlılar, ağsaqqallar, yeniyetmələr həmişə döyüş­çü­­lərin yanına can atardılar. Bu, döyüşənlərin döyüş əz­mi­ni də artırırdı, qələbə ruhu­nu da. Firudin müəllim dəfələrlə mövqelərə gəlmişdi. Döyüşçülər onun gəlişini “Oğul, Vətən əmanəti!” tapşırığı bilərdilər...

Zəngilan işğal olunanda göz yaşı ürəyinə axanlardan biri də Firudin müəllim oldu. Zəngi­la­nın mühasirədə qalması, müdafiə döyüşləri, camaatın Araz çayını min­ bir zillətlə keçməsi, İran əra­­zi­sindən zülmlərlə Azərbaycanın müxtəlif rayonlarına səpələnməsi onun da heysiyyətini sil­kə­ləyirdi. O da “Ordumuz torpaqlarımızı işğaldan azad edəcək, biz ev-eşiyimizə qayıdacağıq!” ümi­di ilə yaşayırdı. Bu ümid döyüşçülərə vətənpərvərlik dərsi olurdu. Zəngilan ala­yı­nın hücu­mu­nun səhəri qürurla döyüşçüləri bağrına basan bu el ağsaqqalının kirpiklərində iki damla göz yaşı da görünmüşdü...

Firudin Allahverdiyev həm də gözəl ailə başçısı olub. Həyat yoldaşı İpək müəl­lim­lə birlik­də altı övladının kamil vətəndaş kimi formalaşmasını təmin edib, övladları valideynlərinin öm­rü­nün işığı olmaqla ali və orta ixtisas təhsili alıblar. Firudin müəllim onlarla qürurlanırdı...

Müharibə və əmək veteranı Firudin Allahverdiyev 2007-ci il avqustun 1-də vəfat etdi...

Firudin müəllim unudulmur, ehtiramlarla xatırlanır. Onu Böyük Vətən müharibəsində dö­yüş yoldaşı olanların nəvələri də xatırlayır. Tarix unudulmur. Tarixi unutmuruq. Böyük Vətən mü­ha­ribəsini də, qazanılan qələbəni də, döyüşlərdə iştirak etmiş azərbaycanlıları da unutmuruq. Fi­rudin Allahverdiyev də unudulmur, unudulmayacaq...

Firudin müəllim Böyük Vətən müharibəsində zabit kimi döyüşdü, qələbədən sonra müəllim işlədi, bir ömrü əsl vətəndaş kimi yaşadı…

Bayram MƏMƏDOV,

Əməkdar müəllim