Dövlət hesabına bakalavr, təhsil tələbə krediti ilə magistr oldu – Aqşinin hekayəsi
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "YAŞAT" Fondu ilə iş şöbəsinin əməkdaşı kimi hazırda üzərinə düşən vəzifə məsuliyyətlərinin öhdəsindən layiqincə gələn bu parlaq gənc – Aqşin Balahəsənli ilə tanış olun.
Maraqlı hekayəsi var Aqşinin. Həyatının qoşulduğu könüllülük hərəkatında necə dəyişdiyini görəcəksiniz onun hekayəsində. Hər şey tələbə olması ilə başlayıb, tələbəliklə bərabər start götürən könüllülük fəaliyyəti gələcəyi ilə bağlı verdiyi qərarına təsir edib, ixtisasını dəyişib. İxtisas dəyişmək elə də asan olmur, bir az baha başa gəlib ona. Təhsil üçün kreditə ehtiyac duyub. Bu dəfə dadına Təhsil Tələbə Kredit Fondu yetişib. Gənclik çağında həyatının ən böyük qərarlarını verib. Bir yol cızıb oradan irəliləmək asandırmı?
Aqşin də öz yolunu müəyyənləşdirib, asan da olsa, çətin də, ordan gedəcəkdi. Sevindirici odur ki, o bu yolda irəliləyərkən ailəsi də yanında idi, dövləti də.
Fəal məktəbli idi
Aqşin Balahəsənli 1999-cu ildə Bakı şəhərində anadan olub. Birinci sinfə Bakıda - Xətai rayonu 263 nömrəli tam orta məktəbdə getsə də, Ağstafa rayonu Dağkəsəmən kənd 1 nömrəli tam orta məktəbdən məzun olub. Oxumaqla arası saz imiş, yaxşı oxuyub, nümunəviliyi, təhsili ilə hər yerdə - şəhərdə də, elə kənddə də fərqlənib. Özü də çox fəal olub. Məktəbin sosial layihələrinə qoşulub, futbol komandasında, təşkil edilən tamaşalarda özünəməxsus rol alıb. Elə ki ali məktəb çağı çatıb, gələcəyi ilə bağlı qərarı da özü verib. Bakalavr təhsili üçün ixtisas seçimi prosesində Azərbaycan Turizm və Menecment Universitetinə üstünlük verib. “Nəqliyyat servisi” ixtisası üzrə təhsil alıb: “Universiteti bəyənirdim, ixtisası isə mənə maraqlı gələn proqramlara görə seçdim. Amma heç ixtisasım üzrə işləmədim. Çünki universitet dövründə, hətta tələbəliyin ilk günlərindən qoşulduğum könüllülk fəaliyyəti dövründə layihələr, marketinq istiqamətində işlədim”.
Könüllülük fəaliyyətində də uğura imza atdı, daimi iş yeri qazandı
Tələbə könüllü olmaq həyatına yeni rəng, fəaliyyətinə yeni istiqamət, yön verib. İş yeri tapmasında könüllük hərəkatında fəallığının rolunu xüsusi qeyd edir: “2016-cı ildən “ASAN xidmət”də könüllü kimi fəaliyyət göstərmişəm. Həmçinin ölkəmizdə keçirilən böyük layihələrin əksəriyyətində könüllü və koordinator kimi fəaliyyət göstərmişəm. 2018-ci ildən isə “ASAN” Könüllülər təşkilatında könüllü əməkdaş kimi çalışmağa başladım. Dövlət qulluğu imtahanını uğurla verib inzibati vəzifə üzrə dövlət qulluğuna aparıcı məsləhətçi vəzifəsi üzrə daxil oldum. 2021-ci ildən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşıyam”.
Amma könüllülük fəaliyyətinin yeganə uğuru təcrübə və iş qazanması olmayıb. Onun üçün yaddaqalan hadisələrlə dolu o illərdən maraqlı xatirələr, rəngarəng şəkilləri qalıb: “2023-cü ildə Xankəndi şəhərində Azərbaycan Kubokunun Qarabağ-Moik oyunu zamanı ölkə Prezidenti İlham Əliyev ilə şəkil çəkdirdim. Bu şəklin maraqlı, qürurlu, bir az da kövrək tarixçəsi var. Şəhid övladlarının prezidentlə görüşü oldu. "YAŞAT" Fondu ilə işləyən mütəxəssis kimi şəhid ailə üzvlərinin o tədbirdə iştirakını təmin etmişdim. Türkiyədə iştirak etdiyim bir tədbirdə isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə fotomuz mənə maraqlı künüllülük fəaliyyətimdən əvəzedilmə xatirədir”.
Beləliklə, bu fəaliyyət dövründə layihələrlə işləyib, marketinq fəaliyyətində püxtələşib: “Bu sahədə təcrübə topladıqca marağımın daha çox nəyə olduğunu da müəyyənləşdirdim”.
Təhsil tələbə krediti ilə aldığı təhsilni yüksək qiymətlərlə bitirib
Nəticədə məşğul olduğu, artıq müəyyən təcrübə topladığı iş üzrə biliklər qazanmaq, təhsilini artırmaq niyyətinə düşüb. O da bakalavr təhsilini uğurla bitirib, sonra magistratura təhsili almağa ehtiyac duyub: “UNEC Biznes Məktəbinin MBA proqramı üzrə təhsil almağa qərar verdim. Amma burda ödənişsiz, dövlət hesabına təhsil yoxdur. Məcburən ödənişli təhsil alacaqdım”.
Təbii ki, bu məcburiyyət onun ailə büdcəsinə təsirsiz ötüşməyəcəkdi: “Ödənişli təhsil almaq müəyyən çətinliklərə səbəb olacaqdı. İstənilən halda təhsil ödənişimi özüm etməli idim”.
Bu çətinliyi hiss etdiyi, çıxış yolları axtardığı bir vaxtda eşitdiyi xəbər onu sevindirib: “Magistraturada qeydiyyatdan keçdikdən sonra sosial şəbəkələrdə təhsil tələbə krediti barədə məlumatlara rast gəldim, sonradan “Qaynar xətt” ilə əlaqə saxlayıb ətraflı məlumat aldım. Artıq qeydiyyatdan keçdiyimdən təhsil tələbə kreditindən ikinci semestrdan istifadə etməyə başladım. Magistratura təhsilini tamamilə təhsil tələbə krediti ilə başa vurdum”.
“Bu mənim üçün çox motivasiya edici bir amil oldu”
Təhsil tələbə krediti barədə magistratura üçün qeydiyyatdan keçib ilk semestrinin pulunu ödədikdən sonra öyrənib, onun verdiyi imkanlardan isə Təhsil Tələbə Krediti Fonduna üz tutandan sonra: “Təhsil tələbə krediti Azərbaycanda tələbələrin təhsil xərclərini qarşılamaq üçün yaradılan zəruri bir mexanizmdir. Bu mexanizm həm maddi dəstək verir, həm də tələbələri dərslərində daha uğurlu olmağa stimullaşdırır. Girov və zamin tələbi olmadan, aşağı faiz dərəcələri ilə başqa haradan kredit götürə bilərsiniz? Üstəlik, uzunmüddətli ödəniş imkanı verir. Kreditin qaytarılması müddəti 10-20 ilə qədər uzana bilər. Bu da rahat, stressiz ödəniş edə biləcəyim anlamına gəlirdi. Kreditlər sığortalanır, bu da borcalanın həyatı və ya sağlamlığı ilə bağlı riskləri sığorta şirkətinin üzərinə götürməsi deməkdir. Təhsil Tələbə kreditinin ən stimullaşdırıcı cəhəti isə təhsil zamanı yüksək nəticə göstərən tələbələr üçün xüsusi güzəştlər edilməsidir. Mən sosial kredit aldım. Bu kredit növü mənə ümumi orta müvəffəqiyyət göstəricim 71 bal və yuxarı olarsa, həmin semestr üçün hesablanmış faizlərin silinməsi imkanı təklif edirdi və mən bu imkandan maksimum yararlandım. Əlavə olaraq, təhsilin bütün pillələri üzrə ÜOMG-si 91 bal və yuxarı olan tələbələrə əsas borcun qaytarılması zamanı 25 – 50 faiz endirim imkanı da var. Mən bu imkandan da yararlandım. Sosial kredit aldığım üçün borcumun yarısı silindi. Bu imkanlardan krediti əldə etdikdən sonra öyrəndim və mənim üçün çox motivasiya edici bir amil oldu. Ona görə də gənclərin həyatında təhsil tələbə kreditinin rolunu, əhəmiyyətini əvəzedilməz hesab edirəm. Artıq 3 ildir geri ödənişim başlayıb”.
“Uğurlu təhsillə yaxşı dostlar qazandım”
Fəal şagird olub, tələbəliyində sosial layihələrə qarışıb, ictimai fəal şəxs kimi yetişib. Uğurlu magistratura təhsili sayəsində götürdüyü təhsil tələbə kreditinin yarısını ödəməkdən azad olub. “ASAN xidmət”dəki könüllü fəaliyyətini başa vurub hazırkı iş yerimdə çalışmağa başlayıb. Hazırda bir əməkdaş olaraq da fəaldır, üzərinə məsuliyyət götürür, vacib işlərin qulpundan yapışıb ümumi inkişafa öz töhfəsini verir. Ömrünün bu günə qədər olan hissəsinin xülasəsidir bu. Başqa nəyə nail olub? – deyə soruşsanız, deyir: “Uğurlu təhsillə yaxşı dostlar qazandım. Aldığım təhsilin icra etdiyim işə müsbət mənada çox böyük təsiri olur. Ümumiyyətlə, yaxşı oxuduğum üçün hələ məktəb illərindən dünyagörüşü və məntiqli düşüncəmlə fərqlənmişəm”.
Bu fərqi o, aldığı təhsillə yaradıb. Yaxşı təhsil almasında isə ən böyük dəstəyi ailəsindən, sonra Təhsil Tələbə Krediti Fondundan gəlib: “Təhsil almağa başladığım ilk gündən bəri ən böyük dəstəyi ailəmdən almışam. Sonra dövlət dəstək oldu. Təhsil Tələbə Krediti Fondunun verdiyi imkan sayəsində təhsilimin növbəti mərhələsində də ailəmin üzərinə yük salmadım, öz təhsilimi özüm maliyyələşdirdim. Təhsil mənim üçün vacibdir, çünki uğurlu təhsil alan hər kəsin uğurlu karyeraya sahib ola biləcəyini düşünürəm”.



