Dünya birincisi olmaq istəyirəm – 11 yaşlı 5 qat respublika çempionu  

22 İyun, 2026 - 17:27
Dünya birincisi olmaq istəyirəm – 11 yaşlı 5 qat respublika çempionu  

Məktəblilərin Respublika İdman Olimpiadasının uğurlu idmançıları arasında 87 nömrəli tam orta məktəbin şagirdi Ələkbər Mirzəliyev də var.

"Azərbaycan müəllimi" xəbər verir ki, 6 yaşından stolüstü tennislə məşğul olan V sinif şagirdi məşqlərini “Şüa” İdman Klubunda edir: 

“Atam həvəskar tennisçidir. O, mənim də məşğul olmağımı istədi və məni buraya gətirdi”.

2021-ci ildə tennisə başlayan balaca tennisçi artıq 5 qat respublika çempionudur: “6 beynəlxalq yarışa qatılmışam, 3-dən medalla qayıtmışam”.

Ələkbərin böyük arzuları var: “Olimpiya çempionu, Avropa çempionu, dünya birincisi olmaq istəyirəm”. 

Onu idmana gətirən atası Ələkbərin qələbələrini motivasiya edir: “Atam həmişə ilk təbrik edən olur, “Afərin” deyir, mənə hədiyyə alır. Bu dəfə nə alacağını bilmirəm”. 

Məşqçisi Ramin Cəfərov cavab verir ki, qalib olsa, Ələkbəri xarici ölkədə yarışlar gözləyir. Federasiya onu Fransada keçiriləcək yarışa göndərəcək. Öz yaş qrupunda Ələkbər ölkə üzrə ən güclü oğlan oyunçumuzdur. Öz yaşıdları arasında 1 nömrəli idmançımızdır. 2015-ci il doğumlu olan Ələkbər 2, hətta 4 yaş özündən böyüklər arasında respublika üçüncüsü olub. 5 dəfə xarici ölkələrdə milli komandamızın tərkibində yarışıb.

Dünya reytinqindəki ən nüfuzlu yarışlarda iştirak edib. 5 yarışda iştirak edib, 4-dən medalla qayıdıb. Ələkbərin gələcəyini çox parlaq görürük. Əminəm ki, üzümüzü ağ edib bayrağımızı həmişə qaldıracaq”.