Dünyanın altıncı okeanı yaranır
Afrika, Ərəb və Somali tektonik lövhələri bir-birindən uzaqlaşdıqca Şərqi Afrikada yeni bir okean formalaşır.
“Azərbaycan müəllimi” xəbər verir ki, Pangeyanın (müasir materiklərin bir-birilə birləşmiş halına verilmiş ad, fərziyyə edilən tarixi materik – red.) parçalanmasını xatırladan bu geoloji yerdəyişmə Şərqi Afrikanın Rift dərəsini su altında qoyacaq, milyon illər ərzində sahit xətti və qitə yenidən formalaşacaq. GPS texnologiyası da tədqiqatçılara bu hiss edilməyən, lakin önəmli dəyişiklikləri izləməyə imkan verir.
Planetimiz hər zaman bugünkü kimi görünməyib. Milyardlarla il ərzində tektonik lövhələrin yerdəyişməsi, dağların yaranması, okeanların geri çəkilməsi Yer səthini davamlı olaraq formalaşdırıb. Materiklər bir-birindən ayrılıb, ekosistemlər yaranıb, yox olub və tədricən planetin landşaftı da inkişaf edib. Bu baxımdan dünya hazırda yavaş-yavaş altıncı okeanın ortaya çıxmağına şahid ola bilər. Alimlər bu prosesin davam etməsi halında planetin coğrafiyasında və iqtisadiyyatda ciddi dəyişikliklərin olacağını iddia edirlər.
Bu yeni okeanın yaranması böyük tektonik lövhələrin qarşılıqlı təsirinin nəticəsidir. Təxminən 30 milyon ildir ki, Ərəb tektonik lövhəsi Somali lövhəsindən uzaqlaşır. Eyni zamanda Somali tektonik plitəsi Afrika plitəsindən uzaqlaşaraq Rift dərəsi boyunca yarğan əmələ gətirir. Nəticədə bu quru səthləri arasında su hövzəsi yaranacaq.
Yeni okeanın Efiopiya, Keniya və Tanzaniyadan keçərək Şərqi Afrikanın Rift vadisində olacağı təxmin edilir.
Tədqiqatlara əsasən, milyon illər ərzində dənizdən gələn su yarğanda toplanacaq və nəticədə yeni bir okean formalaşacaq. Bu vəziyyət qitədəki ölkələrin də yenidən formalaşmasına səbəb olacaq. Məsələn, dənizə çıxışı olmayan Zambiya və Uqanda kimi ölkələr dənizə sahili olan ölkələr sırasına daxil ola biləcək.
Bu dəyişikliklər tədricən baş verəcək və qeyd edildiyi kimi milyonlarla il çəkə bilər. Lakin texnologiyanın inkişafı proseslərin gələcəkdəki gedişatını indidən təxmin etməyə imkan verir. Alimlər qeyd edirlər ki, GPS texnologiyası il ərzində tektonik lövhələrin sadəcə bir neçə millimetrlik dəyişmələrini də dəqiqliklə qeyd edə bilir.


