Dünyəvi təhsil, elmi düşüncə və bərabər imkanlar məktəbin əsas missiyasıdır
Məktəb uşağa nə öyrətməlidir: hazır cavabları və qənaətləri qəbul etməyi, yoxsa sual verməyi? Dünyanı ehkamlar vasitəsilə dərk etməyi, yoxsa elmi biliklərə əsaslanaraq araşdırmağı? Bu suallar, əslində, müasir təhsilin mahiyyəti, məktəbin cəmiyyətdəki rolu və gələcək nəslin hansı dəyərlər əsasında formalaşması ilə bağlıdır.
Məktəb dini və ya ideoloji baxışların təbliğ olunduğu məkan deyil. O, uşaqların bilik qazandığı, müstəqil düşünməyi öyrəndiyi, fərqli fikirlərə hörmətlə yanaşdığı və şəxsiyyət kimi formalaşdığı mühüm ictimai institutdur.
Məktəbin əsas missiyası düşünən, araşdıran, bilikli və məsuliyyətli vətəndaşlar yetişdirməkdir. O, gənc nəslin hərtərəfli inkişafına, müasir çağırışlara tənqidi yanaşmasına, qazandığı bilikləri səmərəli tətbiq etməsinə və müstəqil qərarlar qəbul etmək bacarığının formalaşmasına xidmət edir. Məktəb şagirdə yalnız hazır biliklər verməklə kifayətlənməməli, onu düşünməyə, sual verməyə, araşdırmağa və nəticə çıxarmağa da təşviq etməlidir. Məktəb məhz buna görə məktəbdir, mədrəsə deyil.
Təhsil müəssisələrinin əsas vəzifəsi dini ehkamları yaymaq deyil, şagirdlərə elmi biliklər vermək, onların intellektual və yaradıcı potensialını inkişaf etdirmək, dünyagörüşünü genişləndirməkdir. Bu baxımdan təhsilin dünyəvi xarakterinin qorunması xüsusi əhəmiyyət daşıyır. Çünki məktəb hər bir uşağa dünyanı elmi biliklər, məntiqi təfəkkür və sərbəst araşdırma vasitəsilə dərk etmək imkanı yaratmalı, onun müstəqil düşünən şəxsiyyət kimi yetişməsinə şərait yaratmalıdır.
Bu baxımdan təhsilin dünyəvi xarakterinin qorunması xüsusi əhəmiyyət daşıyır. Dünyəvilik Azərbaycanın dövlətçilik prinsiplərinin əsasını təşkil edən müddəalardan biridir və ölkə Konstitusiyasında Azərbaycan dünyəvi dövlət kimi təsbit olunub.
Dini dözümlülük və dünyəvi təhsil
Məktəblərdə hər hansı dini baxışın təbliğinə yol verilməsi bir sıra ciddi suallar doğurur. İlk növbədə, təhsil müəssisələrində müxtəlif müxtəlif dünyagörüşlərinə, mədəni və baxışlara malik ailələrdən olan uşaqlar bir araya gəlirlər. Bu müxtəliflik məktəbin hər kəsə bərabər münasibətin, qarşılıqlı hörmətin və dözümlülüyün formalaşdığı məkan olmasını zəruri edir.
Məktəbdə hər hansı dini baxışın üstün mövqeyə çıxarılması bu tarazlığı poza, şagirdlər arasında anlaşılmazlıq, özgələşmə və təcridolunma halları üçün zəmin yarada bilər. Halbuki təhsil müəssisəsi uşaqların fərqli inanclarına görə bir-birindən uzaqlaşdığı deyil, ortaq dəyərlər ətrafında birləşdiyi məkan olmalıdır. Burada əsas prinsip hər bir şagirdin inancına və ya dünyagörüşünə görə deyil, şəxsiyyətinə və hüquqlarına görə hörmət görməsidir.
İkinci mühüm məqam tənqidi təfəkkürün inkişafı ilə bağlıdır. Müasir təhsil şagirdlərə hazır məlumatları mənimsətməklə kifayətlənməməli, onları sual verməyə, faktları araşdırmağa, məlumatları təhlil etməyə və əsaslandırılmış nəticələr çıxarmağa təşviq etməlidir. Hər hansı ideyanın sorğulanmadan qəbul etdirilməsi isə bu məqsədlərə ziddir.
Azərbaycanın inkişafı biliklərini səmərəli tətbiq edən, yeni ideyalar irəli sürən, innovasiyalar yaradan və beynəlxalq rəqabət mühitində uğur qazanmağı bacaran gənc mütəxəssislərin yetişdirilməsindən birbaşa asılıdır. Belə mütəxəssislərin formalaşması üçün məktəbdə sərbəst düşüncəyə, elmi yanaşmaya və müstəqil mühakiməyə geniş yer verilməlidir.
Üçüncü məqam vətəndaşlıq şüurunun və insan hüquqlarına hörmətin formalaşdırılmasıdır. Məktəb uşaqların bərabərlik, seçim azadlığı, məsuliyyət və başqalarının hüquqlarına hörmət kimi prinsipləri mənimsədiyi əsas ictimai mühitlərdən biridir. Məktəb uşaqların düşüncəsinə təsir göstərmək və onları müəyyən qənaətlərə yönəltmək vasitəsinə çevrilməməlidir.
Təhsilin dünyəvi təbiəti hər uşağın məktəbdə bərabər öyrənmə imkanları əldə etməsini təmin edir. Uşaq məktəbə dini və ya ideoloji mövqeyini müdafiə etmək üçün deyil, bilik qazanmaq, bacarıqlarını inkişaf etdirmək və dünyanı daha dərindən anlamaq üçün gəlir. Məktəbin əsas missiyası da məhz bu məqsədlərin həyata keçirilməsinə şərait yaratmaqdır.
Azərbaycan dözümlülük, hörmət və dünyəvilik prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib ki, bu da müxtəlif mədəniyyət və dinlərdən olan insanların sülh içində birgə yaşaması üçün şərait yaratmağa imkan verir.
Məktəbin missiyası: düşünən və məsuliyyətli şəxsiyyət yetişdirmək
Valideynlərin, müəllimlərin və məktəb rəhbərlərinin üzərinə düşən əsas vəzifələrdən biri uşaqlarda ümumbəşəri dəyərlərin formalaşmasına dəstək olmaqdır. Əməyə hörmət, biliyə maraq, özünüinkişaf istəyi, dürüstlük, məsuliyyət və başqalarının hüquqlarına ehtiram bu dəyərlərin mühüm tərkib hissələridir.
Bu məqsədə nail olmaq üçün təhsil sistemi hər hansı dini və ya siyasi ideologiyanın təsirindən müstəqil fəaliyyət göstərməli, elmi biliklərə və pedaqoji prinsiplərə əsaslanmalıdır. Məktəbdə şagirdin dünyagörüşü hazır qənaətlərin mənimsədilməsi yolu ilə deyil, öyrənmə, araşdırma, müşahidə və müstəqil düşünmə prosesi vasitəsilə formalaşmalıdır.
Dünyəvi təhsil uşaqlarda müstəqil qərarvermə, tənqidi düşünmə və manipulyativ təsirləri müəyyənləşdirmə bacarıqlarının inkişafına kömək edir. Bu, xüsusilə qloballaşma və rəqəmsallaşma dövründə böyük əhəmiyyət daşıyır. İnternet və sosial şəbəkələr vasitəsilə gənclər hər gün böyük həcmdə məlumatla qarşılaşırlar. Həmin məlumatların hamısı etibarlı və obyektiv deyil. Buna görə də şagirdlər məlumatın mənbəyini yoxlamağı, faktla rəyi fərqləndirməyi, fərqli baxış bucaqlarını müqayisə etməyi və əsaslandırılmış nəticələr çıxarmağı bacarmalıdırlar.
Bununla yanaşı, Azərbaycan məktəbi elmi biliklərin, texnoloji yeniliklərin və innovativ düşüncənin inkişafına xidmət etməlidir. Tədris prosesində təbiət hadisələri biologiya, fizika, kimya və digər elmlərin nailiyyətlərinə əsaslanaraq izah olunmalıdır. Elmi faktlarla əsaslandırılmayan mülahizələrin elmi biliklərin əvəzinə təqdim edilməsi şagirdlərin dünyanı obyektiv dərk etməsinə mane ola bilər.
Burada mühüm bir fərqi də nəzərə almaq lazımdır: dünyəvi təhsil dini inancın mövcudluğunu inkar etmək demək deyil. Əsas məsələ dini etiqadın şəxsi və ailəvi seçim sahəsi olaraq qalması, məktəbdə isə tədrisin elmi əsaslar üzərində qurulmasıdır. Məktəbin vəzifəsi şagirdlərə müəyyən inancı qəbul etdirmək yox, onların dünyagörüşünü genişləndirmək və fərqli baxışlara hörmət etməyi öyrətməkdir.
Sosial birlik və bərabər imkanlar
Məktəb yalnız bilik verən müəssisə deyil, həm də cəmiyyətin gələcək münasibətlərinin formalaşdığı sosial mühitdir. Burada uşaqlar birgə işləməyi, fərqli fikirləri dinləməyi, mübahisələri sivil yollarla həll etməyi və ümumi məqsədlər naminə əməkdaşlıq etməyi öyrənirlər.
Dünyəvi təhsil müxtəlifliyin qarşıdurma deyil, qarşılıqlı zənginləşmə mənbəyinə çevrildiyi mühitin formalaşmasına imkan yaradır. Bu, müxtəlif etnik, mədəni və dini mənsubiyyətə malik insanların yaşadığı Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Məktəbdə hər bir uşağın kollektivin bərabərhüquqlu üzvü olduğunu hiss etməsi gələcəkdə cəmiyyətdə qarşılıqlı etimadın və sosial həmrəyliyin möhkəmlənməsinə töhfə verir.
Uşaqlar məktəbdə bir-birini ailəsinin maddi vəziyyətinə və ya dünyagörüşünə görə deyil, insan kimi tanımağı öyrənməlidirlər. Onları birləşdirən əsas amillər ortaq təhsil məqsədləri, biliklərə maraq, əməkdaşlıq və gələcəyə dair ümidlər olmalıdır. Məktəbin dünyəvi xarakteri məhz belə bir bərabərlik mühitinin qorunmasına xidmət edir. Bu məqsədlərə nail olmaq üçün dövlət qurumlarının, təhsil müəssisələrinin, müəllimlərin və valideynlərin birgə fəaliyyəti vacibdir. Təhsilin dünyəvi xarakterini müəyyən edən qanunvericiliyin tələblərinə əməl olunmalı, pedaqoji heyət və valideynlər arasında maarifləndirmə işi gücləndirilməli, məktəbdə ayrı-seçkiliyin qarşısının alınması üçün ardıcıl tədbirlər görülməlidir.
Eyni zamanda, müəllimlərin peşəkar məsuliyyəti də xüsusi əhəmiyyət daşıyır. Müəllim şagirdlərə yalnız bilik ötürən şəxs deyil, həm də onlarda düşünmək, araşdırmaq, sual vermək və başqalarının hüquqlarına hörmət etmək bacarıqlarını inkişaf etdirən pedaqoqdur.
Beləliklə, məktəb bütün uşaqların bərabər hüquqlara malik olduğu, elmi biliklərə yiyələndiyi, müstəqil düşünməyi öyrəndiyi və şəxsiyyət kimi formalaşdığı təhsil məkanıdır. Onun əsas vəzifəsi dini və ya ideoloji baxışları təbliğ etmək deyil, bilikli, tənqidi düşünən, məsuliyyətli və cəmiyyətə fayda verən vətəndaşlar yetişdirməkdir.
Dünyəvi təhsil Azərbaycanın gələcəyinə qoyulan mühüm sərmayədir. Çünki ölkənin davamlı inkişafı yalnız biliklərin həcmi ilə deyil, həmin bilikləri yaradıcı şəkildə tətbiq edən, fərqli fikirlərə hörmətlə yanaşan və müstəqil qərarlar qəbul edə bilən nəslin yetişdirilməsi ilə mümkündür.




