Dünyəvi təhsil hər bir uşağın bərabərliyinə xidmət edir
"Məktəblərdə geyim qaydalarının tətbiqi mövzusuna yalnız geyim qaydaları prizmasından deyil, məktəbin missiyası, şagird şəxsiyyətinin inkişafı, sosial bərabərlik və dünyəvi təhsil prinsipləri baxımından yanaşmaq məqsədəuyğundur. Məktəbdə geyim mədəniyyəti zahiri görünüş məsələsi olmaqla yanaşı, həm də təhsil mühitinin təşkilinə münasibəti ifadə edir".
Bunu “Azərbaycan müəllimi”nə təhsil mütəxəssisi Böyükağa Mikayıllı deyib.
Onun sözlərinə görə, məktəb yalnız biliklərin mənimsənildiyi müəssisə deyil, həm də şəxsiyyətin, sosial davranış normalarının və məsuliyyət hissinin formalaşdığı tərbiyə mühitidir:
"Bu baxımdan vahid geyim tələbləri məktəb mədəniyyətinin, nizam-intizamın və peşəkar münasibətlərin möhkəmlənməsinə xidmət edir. Lakin mühüm pedaqoji məqam ondan ibarətdir ki, nizam-intizam yalnız qaydalara əməl etmək deyil, onların mahiyyətini şüurlu şəkildə dərk etməkdir. Şagird məktəbli formasını mənsub olduğu təhsil mühitinin göstəricisi kimi qəbul etməlidir. Müəllimin səliqəli və peşə fəaliyyətinə uyğun geyinməsi də əhəmiyyətlidir. Çünki müəllim şagird üçün həm də davranış nümunəsidir. Bununla belə, geyim qaydaları yüksək nizam-intizamın tam təminatı deyil. Məktəbdə intizam qarşılıqlı hörmət, ədalətli münasibət və sağlam psixoloji mühit əsasında formalaşır. Məktəbin əsl nizam-intizamı şagirdin yalnız necə geyinməsi ilə deyil, necə düşündüyü, davrandığı və başqalarının hüquqlarına necə hörmət etdiyi ilə ölçülür".
Müsahibimiz qeyd edib ki, məktəb yaşlarında uşaqların özlərini yaşıdları ilə müqayisə etməsi, maddi imkanları əks etdirən əlamətlərə həssas yanaşması təbii haldır:
"Geyim fərqlərinin sosial müqayisəyə səbəb olması qaçılmazdır. Vahid məktəbli forması belə fərqləri azaltmaqla diqqətin geyimin qiymətindən və dəbdəbəsindən təlimə, şəxsi keyfiyyətlərə yönəlməsinə şərait yaradır. Lakin vahid geyim sosial bərabərliyin özü deyil, ona xidmət edən vasitədir. Əsl bərabərlik hər bir uşağa ailəsinin maddi vəziyyətindən asılı olmayaraq, hörmət göstərilməsi və bərabər inkişaf imkanlarının yaradılmasıdır. Vahid formanın məktəbə mənsubiyyət hissini də gücləndirməsi labüddür. Bir məsələni də xüsusi vurğulamaq istərdim ki, şagirdlərin vahid məktəbli forması və müəllimlərin işgüzar geyimi onların ümumi zahiri görünüşü ilə uyğunluq təşkil etməlidir. Saç düzümü, makiyaj və digər zahiri görünüş elementləri də məktəb mühitinin xarakterinə, yaş xüsusiyyətlərinə və pedaqoji etikaya uyğun olmalıdır. Çünki geyim mədəniyyəti yalnız geyimin özü ilə məhdudlaşmır, insanın ümumi görünüşünü, səliqəsini və estetik zövqünü də əhatə edir. Bu baxımdan məktəbdə sadəlik və səliqəlilik prinsiplərinin qorunması vacibdir".
B.Mikayıllı vurğulayıb ki, bu məsələyə dünyəvi təhsil, vicdan azadlığı, uşaq hüquqları və informasiya təhlükəsizliyi baxımından da yanaşılmalıdır:
"Dünyəvi təhsil dinə qarşı münasibət deyil, dini etiqadından asılı olmayaraq, hər bir uşağın bərabər hüquqlarla təhsil almasının təminatıdır. Unutmamalıyıq ki, təhsildən öncə düşüncədir Dini inancdan siyasi və ideoloji məqsədlər üçün istifadə olunmamalıdır. Sosial şəbəkələrdə dini mövzulardan qarşıdurma yaratmaq məqsədilə istifadə edilməsi qəbuledilməzdir, dövlətin siyasətinə qarşı getməkdir. Burada bizi düşündürməli olan mühüm pedaqoji suallar var. Məsələn, uşağı zərərli ideoloji təsirlərdən qorumaq üçün onun hansısa məlumatı görməsinə nəzarət etmək kifayətdirmi, yoxsa həmin məlumatı müstəqil qiymətləndirməyi öyrətmək daha vacibdir? Mən ikinci yanaşmanın daha dayanıqlı nəticə verə biləcəyini düşünürəm”.
Mütəxəssisin fikrincə, müasir informasiya mühitində uşaqları və gəncləri bütün arzuolunmaz informasiyalardan tam təcrid etmək mümkün deyil. Onlar sosial şəbəkələrdə müxtəlif fikirlərlə, dini və siyasi çağırışlarla, bəzən də manipulyativ məzmunlarla qarşılaşırlar. Buna görə də məktəbin mühüm vəzifələrindən biri şagirdlərdə tənqidi təfəkkürün, media savadlılığının və informasiyanı təhlil etmək bacarığının inkişaf etdirilməsidir:
“Şagird öyrənməlidir ki, sosial şəbəkədə qarşılaşdığı hər məlumat həqiqət deyil, emosional təsir yaradan hər çağırış düzgün mövqe ifadə etmir. O, məlumatın mənbəyini araşdırmağı, faktla şəxsi mülahizəni fərqləndirməyi, təbliğat xarakterli məzmunu müəyyənləşdirməyi bacarmalıdır. Yəni aydın düşünməlidir. Bu gün bu bacarıqlara sahib olmayan sabah heç sahib olmayacaq… Cəhalətə sürüklənəcək. Əxlaqın daxildən gələn bir hiss olduğunu çətin anlayacaq”.
B.Mikayıllı hesab edir ki, bu istiqamətdə məktəb və ailə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Valideynlərlə maarifləndirici görüşlərin keçirilməsi, şagirdlər üçün media savadlılığı və rəqəmsal təhlükəsizlik mövzularında məşğələlərin təşkili, müəllimlərin həssas ictimai məsələlərin pedaqoji baxımdan düzgün müzakirəsinə hazırlanması vacib hesab edilməlidir:
“Sağlam düşüncəli ailələrdə böyüyən uşaqların təsirlərə məruz qalma ehtimalı azdır. Ailədə çəkilən sərhədlərin necəliyi məktəbdə özünü biruzə verir. Eyni zamanda, uşaqlara Azərbaycanın dünyəvi dövlətçilik ənənələri, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlar, dini və mədəni müxtəlifliyə hörmət, tolerantlıq və vətəndaş məsuliyyəti haqqında yaş xüsusiyyətlərinə uyğun biliklər verilməlidir. Bu kimi tədbirlər formal xarakter daşımamalıdır. Xüsusilə vurğulamaq istərdim ki, maarifləndirmə heç bir halda uşaqların dini inanclarına görə damğalanmasına, alçaldılmasına və ya ayrı-seçkiliyə məruz qalmasına səbəb olmamalıdır. Əksinə, hər bir uşaq məktəbdə özünü təhlükəsiz və hörmət edilən şəxsiyyət kimi hiss etməlidir. Uşaqları ideoloji təsirlərdən qorumağın ən etibarlı yollarından biri onlara müstəqil və əsaslandırılmış mühakimə yürütməyi öyrətməkdir. Çünki düşünməyi bacaran, hüquqlarını və məsuliyyətini dərk edən gənc manipulyativ təsirlərə qarşı daha hazırlıqlı olur".




