Əhməd İsmayılov: Azərbaycan mediası peşəkar institutlaşma mərhələsinə qədəm qoyub
“Azərbaycanda şəhərsalma mədəniyyəti böyük tarixi irsə istinad edir. Əminik ki, mötəbər tədbir çərçivəsində ölkəmizə səfər edəcək xarici qonaqlarımızda Bakının və digər şəhərlərimizin timsalında milli memarlığımız və şəhərsalma ənənələrimiz barədə dolğun təəssürat yaranacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü forumda söyləyib.
O bildirib ki, Ulu Öndərin şəhərsalma vizyonunun bu gün beynəlxalq səviyyədə təsdiqini tapmasının ən mühüm nümunələrindən biri də Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı qəbul edilmiş qərardır: “WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.
Bu gün Ulu Öndərin müəllifi olduğu müasir şəhərsalma strategiyası Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni, daha möhtəşəm bir mərhələyə çatdırılmışdır. Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd”layihələri Qarabağın və Şərqi Zəngəzurun simasını köklü şəkildə dəyişir. Bu gün Qarabağın dirçəlişi təkcə bir regionun bərpası deyil, həm də Azərbaycanın intellektual və iqtisadi gücünün, müasir şəhərsalma proseslərinə verdiyi töhfənin əyani sübutudur”.
Ə.İsmayılov bildirib ki, Şuşada, Ağdamda, Füzulidə ucalan hər yeni bina həm tarixi irsimizə sadiqliyi, həm də gələcəyə baxışımızı simvolizə edir.
İcraçı direktor medianın beynəlxalq tədbirlərin işıqlandırılması prosesində rolundan bəhs edərək qeyd edib ki, Azərbaycan mediası mühüm qlobal tədbirlərin işıqlandırılmasında artıq beynəlxalq standartlara cavab verən zəngin təcrübə və peşəkar institutlaşma mərhələsinə qədəm qoyub: “COP29 zamanı sınaqdan çıxan effektiv kommunikasiya modeli sübut etdi ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir”.



