Elbrus İsayev: Texnoparkların inkişafı NDU-nun strateji hədəfidir
“Dünya təcrübəsində olduğu kimi, biz də universitet-sənaye-hökumət əməkdaşlığının bu modelini inkişaf elətdirmək üçün artıq 3 ildir Naxçıvan Dövlət Universitetinin ev sahibliyində beynəlxalq simpozium keçiririk. Bu simpozium ətrafında NDU-nun müvafiq araşdırmaçıları, kafedra və fakültələri ilə yanaşı, universitetimizin əməkdaşlıq elədiyi universitetlərin professorları, araşdırmacıları da iştirak edir. Bu gün də çox sevindirici haldır ki, bu simpoziumda Türkiyənin qabaqcıl universitetlərinin tədqiqatçıları, alimləri məruzə ilə çıxış edirlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri “Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” mövzusunda keçirilən III Beynəlxalq Simpoziumda jurnalistlərə müsahibəsində NDU-nun rektoru Elbrus İsayev deyib.
O bildirib ki, texnoparkların inkişafı Naxçıvan Dövlət Universitetinin strateji hədəfidir:
“Ona görə də universitetimizdəki kampusun 4 hektarı yeni texnopark binalarının inşası üçün nəzərdə tutulub. 2021-ci ildən başlayan texnopark binalarının və laboratoriyalarının 2026-cı ildə tamamlanması planlaşdırılır. Bunun üçün artıq lazım olan prosedurlar yekunlaşdırılıb. Yəqin ki, növbəti ilin yanvar ayından etibarən Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkının sürətlə yekunlaşdırılması işlərinə start veriləcək. Artıq onun üçün bütün imkanlar səfərbər olunub”.
Rektor bildirib ki, burada həm tələbələr, həm araşdırmaçılar, həm də iş dünyası üçün lazım olan bütün təsisatlar müəyyənləşdirilib:
“Burada həm rezidentlər üçün imkanlar yaradılıb, həm tələbələrimizin startaplarını həyata keçirməsi üçün prototip və inkubasiya mərkəzləri, ideya mərkəzləri formalaşdırılıb. Ən önəmlisi odur ki, gələn il yekunlaşdırılacaq texnologiyalar parkında universitetimizdə nanotexnologiya laboratoriyasının və biotexnologiyalar laboratoriyasının tamamlanması nəzərdə tutulur.
Elbrus İsayev deyib ki, texnoparkların universitetlərdəki fəaliyyəti və universitet sənayə əməkdaşlığındakı rolu ilə bağlı kadr hazırlığı işlərinə diqqət artırılıb:
“Universitetimizin 5 illik elmi-tədqiqat planında texnologiyalar parkların inkişafı ilə bağlı mövzular nəzərdə tutulub. Universitet daxilində hər il startap müsabiqələri keçirilir və burada tələbələrimizin onlarla startap layihələri təqdimat olunur, onlar mükafatlandırılır və iş dünyasına təqdim olunur. Əminik ki, Naxçıvan Dövlət Universitetinin öyrənmək istədiyi bu təcrübə universitetin inkişafına öz tövfəsini verəcək”.


