Əlimuxtar Muxtarov: Vahid geyim forması nizam-intizamı gücləndirir

12 Oktyabr, 2026 - 14:43
Əlimuxtar Muxtarov: Vahid geyim forması nizam-intizamı gücləndirir

“Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim tələblərinə vahid yanaşmanın tətbiqi məktəbdaxili nizam-intizamın və təşkilati idarəetmənin gücləndirilməsinə xidmət edir. Bu yanaşma beynəlxalq təcrübədə də geniş istifadə olunur”.

Bu fikirləri "Azərbaycan müəllimi"nə  Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov deyib. O, təhsil prosesində nizam-intizamın və qayda-qanunun vacibliyini vurğulayıb:

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vurğulayırdı ki, təhsil millətin gələcəyidir. Bütün dövrlər üçün aktual olan bu müdrik fikirlərdə elm və təhsillə bağlı bütün müddəalar öz əksini tapmışdır. Hər bir xalqın inkişafı, bu günü və sabahı təhsildən, xüsusilə də təhsilverənlərin və təhsilalanların inkişafından asılıdır. Təhsilverənlər və təhsilalanlar o mühitdə inkişaf edə bilər ki, orada nizam-intizam, qayda-qanun olsun. Bu mənada Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində vahid geyim forması ilə bağlı imzaladığı qərarını biz ziyalılar dəstəkləyirik. Bu qərara hiss və duyğularla yanaşmaq olmaz.Və düşünürəm ki, bu məsələlərin müzakirəyə ehtiyacı yoxdur”.