Elm ana dilində inkişaf etmədikdə terminologiya əcnəbiləşir – Nazir müavini
Milli kimlik millətin birləşdirici və vahid şəkildə təqdim olunan, unikal ənənələr, mədəniyyət və dil ilə ifadə olunan hissidir. Milli kimlik milliyyət və ya vətəndaşlıq anlayışlarına bərabər deyil, baxmayaraq ki, onlar ona güclü təsir göstərə bilərlər. Müsbət və konstruktiv ifadə olunan milli kimlik hissinə vətənpərvərlik, mənfi ifadəsinə isə millətçilik və şovinizm deyilir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin Firudin Qurbanov ADPU-da keçirilən “Ana dili: kimlik və gələcək” respublika konfransında səsləndirib.
Nazir müavini qeyd edib ki, milli kimliyin rolu dövlətin sabit və dayanıqlı mövcudluğu üçün çox vacib amildir: “Böhranda o, ölkənin təhlükəsizliyinə təsir edir. Davamlı milli kimlik olmadıqda siyasi institutlarda böhran baş verə bilir”.
Firudin Qurbanov vurğulayıb ki, Prezident İlham Əliyevin dil konsepsiyasında elm və təhsil məsələsi mühüm yer tutur: “Elmin ana dilində inkişaf etmədiyi şəraitdə terminologiya əcnəbi dillərin təsiri altına düşür. Bu isə dilin gələcək funksional inkişafına ciddi təhlükə yaradır. Terminologiyanın milli əsaslar üzərində qurulması dilin təhlükəsizliyinin və davamlılığının başlıca şərtlərindən biri kimi dəyərləndirilməlidir”.
Onun sözlərinə görə, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir: “Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Bu onun mənəvi borcudur. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır, milli kimliyini göstərir”, - deyə nazir müavini qeyd edib.



