Elm və musiqi eyni səhnədə: Astrofizik alim NDU-ya gəlib
Dekabrın 18-də Naxçıvan Dövlət Universitetinin dəvəti və təşkilatçılığı ilə dünyaca məşhur türkiyəli astrofizik alim Umut Yıldız Naxçıvana ilk dəfə səfər edib.
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Umut Yıldız Naxçıvandakı Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin simfonik orkestrinin ifasında səsləndirilən ‘Kosmosun səsi’ adlı konsert proqramı fonunda səhnədən planetlər və kainat haqqında elmi biliklərini bölüşüb.
Konsertdə dövlət və hökumət rəsmiləri, deputatlar, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələr, ictimaiyyət nümayəndələri, eləcə də bir sıra tanınmış şəxslər iştirak ediblər.
Elm və incəsənətin vəhdətini əks etdirən konsert Naxçıvan Dövlət Universitetinin simfonik orkestrinin ifasında təqdim edilib. Konsertin bədii rəhbəri və dirijoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, universitetin müəllimi Səməd Əsgərov olub.
Konsert proqramının musiqi hissəsinin əsasını görkəmli ingilis bəstəkarı Qustav Holstun “Planetlər” silsiləsi təşkil edib. Proqram çərçivəsində “Mars – Müharibə gətirən”, “Venera – Sülh gətirən”, “Merkuri – Qanadlı elçi”, “Yupiter – Şadlıq gətirən”, “Saturn – Qocalıq gətirən”, “Uran – Sehrbaz” və “Neptun – Mistik” əsərləri səsləndirilib.
Astrofizik alim Umut Yıldızın təqdimatı ilə keçirilən konsertdə musiqi və kosmik mövzular bir araya gətirilib, dinləyicilərə simfonik musiqinin müşayiəti ilə kainata həsr olunmuş bədii-kompozisiya təqdim edilib. Tədbir iştirakçıları kosmosun az tanınan tərəfləri ilə bağlı elmi izahları dinləyib və real təcrübələrə əsaslanan maraqlı məlumatlar əldə ediblər.
“Kosmosun səsi” adlı konsert proqramı elmi biliklərin musiqi dili vasitəsilə geniş auditoriyaya çatdırılmasını, xüsusilə gənclərdə elmə və klassik musiqiyə marağın artırılması ilə yadda qalıb. Tədbir Naxçıvanın mədəni həyatında yaddaqalan hadisə kimi qiymətləndirilib.
Tədbirin sonunda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək xüsusi əhəmiyyət kəsb edən tədbiri elm və mədəniyyətin vəhdəti kimi qiymətləndirib. Muxtar respublika sakinləri üçün belə tədbirlərin intellektual və mədəni inkişaf baxımından önəmini vurğulayıb. Cabbar Musayev tədbirin təşkilində əməyi olanlara – NDU-nun rektoru Elbrus İsayevə, NDU-nun Simfonik Orkestrinə və Umut Yıldıza xüsusi təşəkkür edib.
Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək Umut Yıldızın ilk dəfə Naxçıvana səfərini əlamətdar hadisə kimi qiymətləndirib. Rektor bu kimi görüşlərin tələbələrin dünyagörüşünün genişlənməsinə və araşdırmaya marağın formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb. Elbrus İsayev Universitetin Simfonik Orkestrinin çıxışını yüksək dəyərləndirib və Umut Yıldıza dəyərli bilik və təcrübələrini Naxçıvan ictimaiyyəti ilə bölüşdüyünə görə təşəkkür edib.
Sonda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, Umut Yıldız Ankara Universitetinin "Astronomiya və kosmos elmləri" ixtisası üzrə ali təhsil alıb, Hollandiyanın Groningen Universitetində magistratura, Leiden Universitetinin Leiden Observatoriyasında isə doktorantura təhsilini başa vurub. Alim uzun illər NASA-nın Reaktiv Sürət Laboratoriyasında çalışıb, hazırda Orta Doğu Texniki Universitetində fəaliyyət göstərir.


