Elmi adları ən çox bu sahənin alimləri aldılar – AAK açıqladı
2026-cı ilin ilk yarısında dosent elmi adı ən çox filologiya, professor elmi adı isə iqtisad elmləri üzrə verilib. Dosent adının verilməsindən ən çox imtina biologiya elmləri sahəsində qeydə alınıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu göstəricilər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) 2026-cı ilin ilk yarısında elmi adların verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı statistik məlumatda öz əksini tapıb.
Məlumata görə, 122 nəfərə dosent, 15 nəfərə professor elmi adı verilib. Eyni zamanda 37 nəfərə dosent, 2 nəfərə isə professor elmi adının verilməsindən imtina olunub.
Dosent elmi adı üzrə ən çox müsbət qərar filologiya elmləri sahəsində qəbul edilib. Bu istiqamətdə 35 nəfərə dosent adı verilib. Sonrakı yerlərdə kimya (14 nəfər), pedaqogika (12 nəfər), iqtisad elmləri (10 nəfər), tibb elmləri (8 nəfər), texnika elmləri və tarix (hər biri 7 nəfər) qərarlaşıb.
Professor elmi adı üzrə isə ən çox müsbət qərar iqtisad elmləri sahəsində qeydə alınıb. Bu sahədə 3 nəfərə professor adı verilib. Biologiya elmləri, yer elmləri və texnika elmləri üzrə 2 nəfərə, fizika, kimya, aqrar elmlər, tarix, siyasi elmlər və milli təhlükəsizlik və hərbi elmlər üzrə isə 1 nəfərə professor elmi adı verilib.
Dosent elmi adı üzrə ən çox imtina biologiya elmləri sahəsində olub. Bu istiqamətdə 8 müraciət təmin edilməyib. Sonrakı yerlərdə aqrar elmlər (7 müraciət), riyaziyyat (6 müraciət), pedaqogika (5 müraciət), fizika, filologiya elmləri və milli təhlükəsizlik və hərbi elmlər (hər biri 2 müraciət) qərarlaşıb. Mexanika, yer elmləri, tibb elmləri, texnika elmləri və tarix üzrə isə hər birində 1 müraciətə imtina verilib.
Professor elmi adı üzrə isə cəmi 2 imtina qeydə alınıb. Onlardan biri filologiya elmləri, digəri isə fəlsəfə sahəsinə aiddir.
Statistikaya əsasən, mexanika və yer elmləri üzrə hesabat dövründə dosent elmi adı verilməyib. Riyaziyyat, mexanika, tibb elmləri, coğrafiya, hüquq elmləri, filologiya elmləri, pedaqogika, sənətşünaslıq və fəlsəfə sahələri üzrə isə professor elmi adı verilməyib.
Bundan başqa, kimya, iqtisad elmləri, coğrafiya, hüquq elmləri, siyasi elmlər, sənətşünaslıq və fəlsəfə üzrə dosent elmi adı almaq üçün təqdim olunan bütün müraciətlər müsbət qiymətləndirilib və həmin sahələrdə imtina qeydə alınmayıb.




