Elmi dərəcəsi olan hərbçilərin leytenant rütbəsində xidmət müddəti azaldılır
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib.
"Azərbaycan müəllimi" "Oxu.az"a istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılması nəzərdə tutulur.
Bundan əlavə, "leytenant" hərbi rütbəsində olma müddətinə dair müddəalar yenilənir.
Buna əsasən, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün həmin müddət 2 il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün 1 il, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda 1 il müəyyən edilir.




