Elnur Əliyev: Azərbaycan müəlliminin rolu insan kapitalının formalaşdırılmasında aparıcı qüvvədir

25 Aprel, 2026 - 12:27
Elnur Əliyev: Azərbaycan müəlliminin rolu insan kapitalının formalaşdırılmasında aparıcı qüvvədir

"Qarabağ Universitetində müəllim hazırlığı istiqamətində formalaşdırılan fakültə gələcəyin vətəndaşlarını yetişdirəcək pedaqoqların hazırlanması baxımından mühüm rol oynayacaq. 

Bu istiqamətdə tədris proqramlarında müasir pedaqoji yanaşmalar, gələcək müəllimlərin peşəkar hazırlığı və təhsil sisteminin ehtiyacları nəzərə alınmalıdır"

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev I Qarabağ Təhsil Forumunda çıxışında qeyd edib. Çıxışı zamanı həmçinin təhsil sisteminin inkişafında elmi yanaşmanın və müəllim hazırlığının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

O bildirib ki, Qarabağ Universitetində müəllim hazırlığı istiqamətində formalaşdırılan fakültə gələcəyin vətəndaşlarını yetişdirəcək pedaqoqların hazırlanması baxımından mühüm rol oynayacaq. Elnur Əliyevin sözlərinə görə, bu istiqamətdə tədris proqramlarında müasir pedaqoji yanaşmalar, gələcək müəllimlərin peşəkar hazırlığı və təhsil sisteminin ehtiyacları nəzərə alınmalıdır.

ARTİ direktoru qeyd edib ki, insanın inkişafı cəmiyyətin və ölkənin inkişafı ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, cəmiyyətin tərəqqisi insanların dünyagörüşündən, əqidəsindən, bilik və bacarıqlarından asılıdır.

Bu baxımdan Azərbaycan müəlliminin rolu insan kapitalının formalaşdırılmasında əsas və aparıcı qüvvə kimi xüsusi əhəmiyyət daşıyır.

O da qeyd olunub ki, son dövrlərdə təhsilin keyfiyyəti, müəllim hazırlığı və məktəblərdə pedaqoji fəaliyyətlə bağlı aparılan ictimai müzakirələr cəmiyyətin bu sahədən gözləntilərinin yüksək olduğunu göstərir.

ARTİ direktoru vurğulayıb ki, müəllim fəaliyyətinin daha səmərəli təşkili və nəticəyönümlü qiymətləndirilməsi məktəblərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan məktəblərinin qarşısında hələ geniş inkişaf yolu və görüləcək mühüm işlər dayanır.