Elnur Məmmədli: İlk müəllimim demişdi ki, Olimpiya çempionu olacaqsan - MÜSAHİBƏ
Qələbələr təsadüfən qazanılmır. Onların arxasında illərlə davam edən zəhmət, inam, ailə dəstəyi və doğru istiqamətləndirmə dayanır. Azərbaycan cüdosunun ən parlaq simalarından biri, Olimpiya çempionu Elnur Məmmədlinin həyat yolu bunun bariz nümunəsidir. Məktəb yaşlarından başlayan bu uğur hekayəsi onu Olimpiya zirvəsinə yüksəldib.
“Azərbaycan müəllimi” qəzetinin “Mənim məktəbim” rubrikasının qonağı olan Azərbaycanı beynəlxalq arenada dəfələrlə layiqincə təmsil etmiş, Olimpiya çempionu, ikiqat Avropa çempionu, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Şöhrət” ordenli Elnur Məmmədli uşaqlıq arzularından həyatında önəmli yer tutan müəllim və məşqçilərinin rolundan, idmanın gənclərin həyatındakı əhəmiyyətindən söz açıb.
Uğurlarımın təməlində anamın dəstəyi, müəllimlərimin və məşqçilərimin zəhməti, öz əzmim, çalışqanlığım dayanır
– Sizinlə daha yaxından tanış olaq.
– Mən 29 iyun 1988-ci ildə Bakıda anadan olmuşam. Ailədə iki bacım və bir qardaşımla birlikdə böyümüşəm. Uşaqlıqda çox cılız idim, çəkim cəmi 27 kiloqram idi. İdmana başlayanda səkkiz yaşım var idi. Anam mənim idmana olan həvəsimi görərək cüdoya yönləndirdi. Bu gün əldə etdiyim uğurların təməlində anamın dəstəyi, müəllimlərimin və məşqçilərimin zəhməti, eyni zamanda öz əzmim, qətiyyətim və çalışqanlığım dayanır. Bu idman növünü çox sevirdim və zaman keçdikcə cüdo həyatımın ayrılmaz hissəsinə çevrildi. Böyük qardaşım Rövşən Məmmədli də cüdo ilə məşğul olurdu.
Karyeram ərzində Azərbaycanı beynəlxalq arenada uğurla təmsil etmişəm. 2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarının qızıl medalını qazanmışam. Həmin olimpiadada bütün görüşlərimi vaxtından əvvəl başa vuraraq qalib gəlmiş və Olimpiya Oyunları tarixində buna nail olan ilk cüdoçu olmuşam. Eyni zamanda Azərbaycanın Olimpiya tarixində qızıl medal qazanan ikinci cüdoçuyam.
Bundan başqa, 2007-ci ildə Rio-de-Janeyroda keçirilən Dünya çempionatında gümüş medal, 2006 və 2011-ci illərdə Avropa çempionatında qızıl medallar qazanmışam.
– Orta və ali təhsilinizi harada almısınız?
– Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini və 2 ali təhsil müəssisəsini - İdman Akademiyasını, DİN-in Polis Akademiyasını bitirmişəm.
Məktəb illərim həm təhsil, həm də idmanla sıx bağlı olub. Dərslərimi yaxşı oxuyurdum, eyni zamanda məşqlərimi də davam etdirirdim. Həmin dövr mənə intizamlı olmağı və vaxtı düzgün bölüşdürməyi öyrədib.
– Siz Azərbaycanı beynəlxalq idman arenasında dəfələrlə uğurla təmsil etmisiniz. Dünya və Avropa səviyyəli yarışlara gedən yolunuzun təməli məktəb illərində necə qoyuldu?
– Bu yolun əsası təbii ki, məktəb illərindən qoyulub. Həm dərslərimə məsuliyyətlə yanaşırdım, həm də idmanla ciddi məşğul olurdum. Məktəbdə qazandığım intizam, müəllimlərimin dəstəyi və məşqçilərimin zəhməti sonrakı uğurlarımın əsasını təşkil etdi. O dövrdə müəllimlərimin və məşqçilərimin mənə olan inamı xüsusi rol oynayırdı. Onlar mənim potensialımı görür və daim motivasiya verirdilər. Mən hər zaman aktiv uşaq olmuşam. Məşqlərə böyük həvəslə gedirdim, öz üzərimdə işləməyi sevirdim. Müəllimlərim və məşqçilərim də məndəki istəyi görür, mənimlə daha ciddi məşğul olurdular. Onların inamı və dəstəyi məni daha çox çalışmağa ruhlandırırdı.
– Ailənizdə idmanla məşğul olanlar olubmu? Cüdo ilə neçə yaşınızdan məşğul olmağa başlamısınız və niyə məhz bu idman növünü seçmisiniz?
– Bu idman növünü çox sevirdim və zaman keçdikcə cüdo həyatımın ayrılmaz hissəsinə çevrildi.Böyük qardaşım Rövşən Məmmədli də cüdo ilə məşğul olurdu. Uşaq vaxtı qardaşımın məşqlərini, yarışlarını izləyirdim və bu mühit mənə çox maraqlı gəlirdi.Qeyd etdiyim kimi, ən böyük dəstəkçim anam olub.
İlk vaxtlar cüdo mənim üçün sadəcə maraqlı bir məşğuliyyət idi. Amma zaman keçdikcə bu idman növünə daha böyük sevgi ilə bağlandım. Cüdo təkcə fiziki güc deyil, həm də xarakter, iradə, intizam və hörmət deməkdir. Bu idman növü mənə həyat boyu lazım olacaq çox vacib keyfiyyətlər qazandırdı.
Bu gün geriyə baxanda anlayıram ki, cüdo mənim üçün sadəcə bir idman növü olmayıb. Cüdo mənə mübarizə aparmağı, çətinliklər qarşısında sınmamağı, məqsədimə doğru inamla irəliləməyi öyrədib. Məhz buna görə də illər keçdikcə cüdo həyatımın ayrılmaz hissəsinə çevrildi və məni Olimpiya çempionluğuna aparan yolun əsasını təşkil etdi.
– Uğur yolunuzun başlanğıcına qayıdaq. İlk idman yarışınız neçə yaşınıza təsadüf edirdi və həmin gün gələcəkdə böyük uğurlar qazanacağınızı təsəvvür edə bilirdinizmi?
– Yarışlarda səkkiz yaşımdan iştirak etməyə başlamışam. İlk müəllimim Yaşar Allahverdiyev olub. Onun mənə dediyi ilk sözlərdən biri “Sən Olimpiya çempionu olacaqsan”, - olmuşdu. Hər zaman məni böyük hədəflərə kökləyirdi. Bilirsiniz, idmançının psixoloji cəhətdən yarışa hazır olması qələbənin yarısı deməkdir.
Uşaqlıqdan Olimpiya çempionu olmağı arzulayırdım. Bunun üçün çox çalışırdım və qarşıma çıxan hər fürsəti dəyərləndirirdim və ən əsası uğur qazanacağıma inanırdım.
İdmanda insanın qarşısında həmişə çətinliklər olur, amma əgər məqsədin böyükdürsə və ətrafında sənə inanan insanlar varsa, uğur qazanmaq mümkündür.
– Məktəbdə müəllimləriniz idmana marağınızı hiss edirdilərmi? Məktəb, müəllim və məşqçi əməkdaşlığının gələcək çempionların formalaşmasında rolunu necə qiymətləndirirsiniz?
– Təbii ki, müəllimlərim ilk gündən idmana olan marağımı hiss edirdilər və potensialımı görürdülər və həmişə mənimlə fəxr edirdilər. Həm əlaçı idim, həm də idmanda uğurlar qazanırdım. Onların mənə göstərdikləri dəstəyi heç vaxt unutmaram.
Mənim fikrimcə, müəllim, məşqçi və valideyn əməkdaşlığı gələcək çempionların formalaşmasında çox mühüm rol oynayır. Uşağın potensialını vaxtında görmək və onu düzgün istiqamətləndirmək lazımdır.
Azərbaycan dünyada idman ölkəsi kimi tanınır
– İlk ciddi uğurunuz hansı yarışda olub? Bəs karyeranızda dönüş nöqtəsi hesab etdiyiniz yarış hansıdır?
– İlk böyük uğurum 2004-cü ildə yeniyetmələr arasında Avropa çempionatında qazandığım qızıl medal olub. Bu mənim ilk Avropa çempionatım idi və sevincimin hədd-hüdudu yox idi. Həmin an yaşadığım hissləri bu gün də unuda bilmirəm. O vaxt ilk dəfə hiss etdim ki, böyük hədəflərə çatmaq mümkündür. Həmin qələbə mənə özünəinam verdi və daha böyük uğurlar üçün motivasiya yaratdı.
Karyeramın dönüş nöqtələrindən biri isə 2006-cı ildə böyüklər arasında Avropa çempionatı oldu. Orada çox güclü rəqiblərlə qarşılaşdım. Xüsusilə məndən 12 yaş böyük olan Daniel Fernandeslə görüşü xatırlayıram. Həmin görüşdə qələbə qazanmağım mənə böyük inam verdi.
– Pekin Olimpiadasında qazandığınız qızıl medal həyatınızda nəyi dəyişdi?
– Olimpiya çempionu olmaq hər bir idmançının ən böyük arzusudur. Mənim də əsas məqsədim bu adı qazanmaq idi. Şükürlər olsun ki, bu arzuma çatdım.
Pekində qızıl medal qazandığım gün həyatımın ən unudulmaz günü idi. O an Azərbaycan bayrağı yüksələndə və Dövlət himnimiz səslənəndə keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Sən anlayırsan ki, milyonlarla insanın sevincinə səbəb olmusan və ölkəni layiqincə təmsil etmisən.
Mənim üçün çox qürurverici məqamlardan biri də mükafatlandırma mərasimində qızıl medalın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təqdim olunması idi. Bu, hər bir idmançı üçün böyük fəxrdir.
Həmin vaxt Birinci vitse-prezident Mehriban xanım Əliyevanın anama zəng edərək təbrik etməsi ailəmiz üçün çox unudulmaz hadisə oldu. Bu diqqət və qayğı insanı daha da ruhlandırır. Biz idmançılar həmişə dövlətimizin dəstəyini hiss etmişik və bu dəstək uğurlarımızın davamlı olmasında mühüm rol oynayıb.
– Bu gün uşaq və yeniyetmələrin cüdoya marağını necə qiymətləndirirsiniz?
– Çox yüksək qiymətləndirirəm. Bu gün cüdo Azərbaycanda ən populyar idman növlərindən biridir. Cüdo ildən-ilə inkişaf edir və beynəlxalq arenalarda böyük uğurlar qazanılır. Azərbaycan cüdoçularının qazandığı qızıl medallar uşaqların bu idman növünə marağını daha da artırıb. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən idmana böyük diqqət və qayğı göstərilir. Bu qayğının nəticəsini biz beynəlxalq yarışlarda qazanılan uğurlarda görürük. Ölkəmizdə idman infrastrukturu yaradılıb, müasir idman kompleksləri tikilib, gənclərin idmana cəlb olunması üçün geniş imkanlar yaradılıb. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Böyük uğurların təməli məktəb yaşlarından qoyulur
– 20-26 iyun tarixlərində ölkəmizdə ilk dəfə olaraq Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və idman federasiyalarının dəstəyi ilə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək. Siz bu təşəbbüsün Azərbaycan idmanının gələcəyi baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Hesab edirəm ki, bu, çox vacib və strateji əhəmiyyət daşıyan layihədir və onun keçirilməsi təqdirəlayiqdir. İlk növbədə, ona görə ki, bu olimpiada məktəblilər arasında sağlam həyat tərzinin təşviqinə, uşaqların idmana marağının artırılmasına və yeni istedadların üzə çıxarılmasına xidmət edir. Bu gün ölkəmizin 59 rayon və şəhərindən 2000-dən çox məktəblinin bir araya gəlməsi artıq layihənin miqyasını və əhəmiyyətini göstərir.
Xüsusilə sevindirici haldır ki, olimpiadaya müxtəlif idman növləri daxil edilib. Bu, hər bir uşağın öz marağına və bacarığına uyğun sahədə özünü sınamasına şərait yaradır. İdman yalnız medal qazanmaq deyil, həm də intizam, məsuliyyət, vətənpərvərlik və sağlam həyat tərzidir.Uşaqları zərərli vərdişlərdən uzaqlaşdırır, sağlam həyat tərzinə istiqamətləndirir. Ona görə də hesab edirəm ki, Məktəblilərin Respublika İdman Olimpiadası çox əhəmiyyətli layihədir.
İnanıram ki, Məktəblilərin Respublika İdman Olimpiadası gələcəkdə ənənəvi xarakter alacaq və Azərbaycan idmanına yeni çempionlar qazandıracaq.

– Bu gün məktəb yarışlarında iştirak edən bir şagirdin gələcəkdə beynəlxalq arenaya yüksəlməsi üçün hansı xüsusiyyətlərə sahib olması vacibdir?
– Ən vacib keyfiyyətlər zəhmətkeşlik, intizam, əzmkarlıq və özünəinamdır. İdmanda uğur təsadüfən gəlmir. Hər gün çalışmaq, məqsədə doğru inamla irəliləmək lazımdır. Çempion olmaq istəyən idmançı, ilk növbədə, səbirli olmalıdır. Çünki uğura gedən yol həmişə asan olmur. Bu yolda həm qələbələr, həm də məğlubiyyətlər olur. Məğlubiyyətlərdən düzgün nəticə çıxarmağı bacaran idmançılar gələcəkdə daha böyük uğurlar qazanırlar.
Həm təhsildə, həm də idmanda daim inkişaf etməyə çalışın
– Sonda, Məktəblilərin Respublika İdman Olimpiadasında iştirak edəcək bütün uşaqlara xüsusilə cüdonu seçənlərə nə demək istərdiniz?
– İlk növbədə, Məktəblilərin Respublika İdman Olimpiadasında iştirak edəcək bütün uşaqlara uğurlar arzulayıram. Bu yarışın onlar üçün gözəl təcrübə və unudulmaz xatirə olacağına inanıram.

Xüsusilə, cüdonu seçən gənclərə demək istəyirəm ki, cüdo təkcə idman növü deyil, həm də həyat məktəbidir. Bu idman növü insana hörmət etməyi, səbirli olmağı, intizamı, mübarizə aparmağı və heç vaxt təslim olmamağı öyrədir. Hər məşq, hər yarış insanı həm fiziki, həm də mənəvi cəhətdən daha da gücləndirir.
Mən hər zaman deyirəm ki, idman insanı yalnız güclü idmançı yox, həm də yaxşı vətəndaş kimi formalaşdırır. İdman həyatda qalib gəlməyi, çətinliklər qarşısında sınmamağı öyrədir. Buna görə də məktəblilərə tövsiyəm odur ki, həm təhsildə, həm də idmanda daim inkişaf etməyə çalışsınlar.
İnanın, çalışın, arzularınızın arxasınca gedin və heç vaxt təslim olmayın. Qələbəyə gedən yol məhz bu gün atdığınız ilk addımlardan başlayır…




