Elxan Nəcəfov: Olimpiada nəticələrimiz 100 faiz artıb

13 İyun, 2026 - 12:24
Elxan Nəcəfov: Olimpiada nəticələrimiz 100 faiz artıb

"Ötən tədris ili Naxçıvan Muxtar Respublikasında təhsil sahəsi üçün olduqca uğurlu nəticələrlə yadda qalıb".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan MR-in təhsil naziri Elxan Nəcəfov deyib.

Nazir bildirib ki, həm IX, həm də XI sinif buraxılış imtahanlarında maksimum nəticə göstərən şagirdlərimiz olub:

"Belə ki, XI siniflər üzrə 2 şagirdimiz, IX siniflər üzrə isə 1 şagirdimiz maksimum nəticə əldə edib. İnanırıq ki, blok imtahanlarının yekun nəticələri elan olunduqdan sonra da MR-in şagirdləri ölkə üzrə ən yüksək nəticələr göstərənlərin sırasında olacaqlar".

Elxan Nəcəfov bildirib ki, bu yaxınlarda Dövlət İmtahan Mərkəzinin açıqladığı hesabatda buraxılış imtahanlarının orta bal göstəricilərinə əsasən Naxçıvan Muxtar Respublikasının ölkə üzrə birinci yerdə qərarlaşdığı qeyd olunub:

"IX siniflər üzrə nəticələr də ölkə üzrə ilk beşlikdə yer alıb. Muxtar Respublikada yalnız buraxılış imtahanlarında deyil, olimpiada nəticələrində də ciddi irəliləyiş əldə olunub. Bu tədris ilində olimpiada nəticələri ötən illə müqayisədə 100 faiz artıb. Şagirdlərimiz qızıl, gümüş və bürünc medallara layiq görülüblər"