Emin Əmrullayev: Məktəb çantalarının ağırlığına görə nazirliyin günahlandırılması doğru deyil

15 Dekabr, 2025 - 22:09
Emin Əmrullayev: Məktəb çantalarının ağırlığına görə nazirliyin günahlandırılması doğru deyil

"Məktəb çantalarının ağır olması problem aktualdır".

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsi zamanı deyib.

Nazir qeyd edib ki, problemin yalnız bir qurumla əlaqələndirilməsi düzgün deyil və bu vəziyyətin yaranması bir neçə amillə bağlıdır. Çantaların ağırlaşması məktəblərə həm dərsliklər, həm də əlavə tədris materiallarının daşınması ilə əlaqədardır. Bəzi hallarda Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənməyən, yaxud dərs proqramına daxil olmayan əlavə vəsaitlərdən istifadə olunur və bu da şagirdlərin çantalarını daha da ağırlaşdırır.

E.Əmrullayev əlavə edib ki, bu məsələdə nazirliyin birbaşa günahlandırılması və sualın yalnız nazirliyə yönəldilməsi doğru deyil, çünki çantaları ağırlaşdıran əsas tərəf məhz nazirlik deyil. 

Onun sözlərinə görə, ETN tərəfindən hazırlanan dərsliklərin çəkisi normativlərə uyğundur və hazırda bir dərsliyin çəkisi təxminən 200–270 qram arasında dəyişir.

E.Əmrullayev qeyd edib ki, əgər bu problem hamını narahat edirsə, onun həlli də yalnız bütün tərəflərin iştirakı ilə mümkündür:

“İş dəftərləri dərslik komplektinin tərkib hissəsidir və burada mübahisəli məqam yoxdur. Lakin əlavə vəsaitlərin çoxluğu çantaların daha da ağırlaşmasına səbəb olur”.

Nazir sonda bildirib ki, bu məsələ nazirlik,  valideyn və müəllimlərin birgə məsuliyyətidir: “Bu, ictimai problemdir və ictimai problemlər yalnız cəmiyyətin birgə səyi ilə həll oluna bilər”.