Emin Əmrullayev: Qabaqcıl ölkələrdə məktəbəqədər təhsili yalnız dövlət maliyyələşdirmir
“Məktəbəqədər təhsillə əhatə olunma səviyyəsinin artırılması məqsəd baxımından mükəmməl bir yoldur. Amma bunun, təbii ki, maliyyə və keyfiyyət tərəflərinə də baxmaq lazımdır. Hazırda 100 mindən artıq uşaq dövlət sektorunda məktəbəqədər təhsil alır”.
”Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev REAL TV-də yayımlanan "Vacib Sual" verilişində səsləndirib.
O bildirib ki, dövlət üçün bir uşağın məktəbəqədər təhsilə cəlb edilməsi təxminən 4500 manata başa gəlir:
"1-5 yaş aralığında olan bütün uşaqların sayını 4500 manata vurduqda, bu məbləğ 2 milyard manatdan yuxarı olur. Məktəbəqədər təhsilin yalnız dövlət tərəfindən maliyyələşdirilməsi modelinə dünyanın bir çox qabaqcıl ölkələrində də demək olar ki, rast gəlinmir. Yəni bütün uşaqların yalnız dövlət maliyyəsi ilə məktəbəqədər təhsilə cəlbi praktikası geniş yayılmayıb. Buna görə də bir neçə alternativ yol ortaya qoyulub. Bunlardan biri icma əsaslı məktəbəqədər təhsil, digəri isə dövlət–özəl tərəfdaşlığıdır. Bu ildən biz bu istiqamətdə addımlar atmışıq. Həm özəl sektoru, həm də ailələri dəstəkləmək üçün özəl sektora gedən uşaqlara təxminən 3500 manata qədər vəsait ödəyirik. Bəzi bölgələrdə bu məbləğ tam olaraq 3500 manatdır.
Çünki özəl sektor daha səmərəli işlədiyi üçün burada işçi sayı, nəzarət mexanizmləri və ümumi idarəetmə dövlət sektoruna nisbətən daha optimal şəkildə qurula bilir. Bəzi bölgələrdə 3500 manat bir uşağın məktəbəqədər təhsil müəssisəsində xərclərini minimum səviyyədə qarşılamağa imkan verir”.


