Əmlaka qəsdən zərər vurmağın cəzası nədir?
“Özgə mülkiyyətində olan əmlakı qəsdən məhv etməyə görə (özgə mülkiyyəti dedikdə, mülkiyyət formasından asılı olmayaraq, dövlət, bələdiyyə və yaxud xüsusi mülkiyyətdə olan əmlak nəzərdə tutulur) həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində hüquqi tədbirlərin icrası nəzərdə tutulub”.
Bu barədə “Azərbaycan müəllimi”nə danışan vəkil Babək Həmidov deyib.
O qeyd edib ki, əgər özgə əmlakına qəsdən vurulan zərər 5000 manata qədərdirsə, o zaman inzibati xəta tərkibi yaranır və deməli, İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə məsuliyyət yaranır. Bu zaman vurulan zərərin 1 mislindən 2 mislinə qədər cərimə tətbiq olunur:
“Əgər vurulan zərər 5000 manatdan artıqdırsa, o zaman Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə məsuliyyət yarana bilər. Bu zaman şəxs barəsində vurulan zərər xeyli miqdardadırsa, 186-cı maddənin birinci bəndi ilə, külli miqdarda və yaxud xüsusilə külli miqdardadırsa, daha ağır tövsifedici maddələrlə — 186.2.1-ci və 186.3.1-ci maddələrlə daha ağır cinayət törətmiş hesab oluna, onunla bağlı istintaq aparıla bilər. Belə olan təqdirdə, şəxs xeyli miqdarda zərər vurarsa, vurulmuş zərərin 2 mislindən 3 mislinə qədər cərimə oluna bilər. Yaxud 2 ilədək müddətə azadlığı məhdudlaşdırıla bilər, yaxud da 2 ilə qədər müddətə azadlıqdan məhrum edilə bilər.
Vəkil qeyd edib ki, zərər 50 000 manatdan yuxarı olduğu təqdirdə artıq şəxs külli miqdarda zərər vurmaqda təqsirləndirilir:
“Bu zaman şəxs Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilir. Nəticə etibarilə, külli miqdarda zərərə görə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə, xüsusilə külli miqdarda zərərə görə isə 7 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Amma bunlarla bağlı tam obyektiv və hərtərəfli istintaq, məhkəmə istintaqı aparıldıqdan sonra məhkəmə hökmü ilə şəxs təqsirli bilinərsə, bu cəzalardan biri təyin edilir”.




