Ən vacib məsələ peşə təhsili alan tələbələrin inkişafıdır - Emin Əmrullayev

17 Mart, 2026 - 12:42
Ən vacib məsələ peşə təhsili alan tələbələrin inkişafıdır

"Prezidentin müvafiq fərmanına əsasən, 2030-cu ilə qədər 21 yeni peşə təhsil müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır. Bu cür məktəblərin yaradılması yalnız binaların tikilməsi ilə məhdudlaşmır. Ən vacib məsələ həmin müəssisələrdə təhsil alan tələbələrin inkişafıdır”. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində keçirilən Aqrar biznes festivalıdakı çıxışı zamanı deyib.
 
O bildirib ki, ölkənin müxtəlif bölgələrində müasir imkanlara malik təhsil müəssisələri var:

"Son illərdə Qəbələdə, İsmayıllıda, Bərdədə, Lənkəranda bu cür imkanlara malik Peşə Təhsil mərkəzləri istifadəyə verilib. Eyni zamanda Bakıda da bir neçə belə təhsil mərkəzimiz var".

Nazir əlavə edib ki, ünsiyyət və bilik mübadiləsi çox vacibdir:

"Çox təqdirəlayiq haldır ki, fermerlər, sahibkarlar, ali təhsil müəssisələrinin rəhbərləri Peşə Təhsil Mərkəzində toplaşıb belə tədbirlər keçirirlər. İnanıram ki, bu cür tədbirlər sizin tədris həyatınızda böyük rol oynayacaq və dərin iz buraxacaq. İstər tələbə kimi, istər müəllim kimi, istərsə də gələcəkdə müxtəlif sahələrdə fəaliyyət göstərəcək peşəkar bir şəxs kimi bunun faydasını görəcəksiniz".