"Ənənəvi bacarıqlar hələ də aktualdır” - SOCAR-ın prezidenti
“Biz indi avtomatlaşdırma, süni intellekt və yeni texnologiyalarla işləməyi öyrənirik. Bütün bunlar baş verərkən, süni intellekt, robototexnika və ya avtomatlaşdırma olmadan görməli olduğumuz işi necə yerinə yetirə biləcəyik? Bu o deməkdir ki, ənənəvi bacarıqlar hələ də aktualdır”.
“Azərbaycan müəllim” xəbər verir ki, bu fikirləri SOCAR-ın prezidenti Rövşən Nəcəf Baku ID İnnovasiya Festivalında səsləndirib.
Onun sözlərinə görə, biz vəziyyətdən asılı olaraq uyğunlaşmaq, düşüncə tərzimizi və yanaşmamızı dəyişdirmək bacarığına da malik olmalıyıq:
“Ona görə də bacarıqlardan danışarkən eyni insanlar həm süni intellekt və robototexnika ilə, həm də süni intellekt və robototexnika olmadan işləmək bacarığına malik olmalıdırlar. Yəni vəziyyət dəyişdikcə buna uyğunlaşmağı bacarmalıdırlar”.
R.Nəcəf qeyd edib ki, süni intellektdən və robototexnikadan istifadə kimi bacarıqları tədrisə əlavə etməliyik, amma ənənəvi bacarıqları da qoruyub saxlamalıyıq: “Çünki ehtiyat planı olaraq, C planı, D planı lazım gəldikdə, istənilən peşəni icra edə bilən insanlar başqalarına da həmin işi öyrədə bilməlidirlər”.
O bildirib ki, düşüncə tərzini dəyişməyə, sərhədlərdən kənara çıxmağa, yenilikçi və qeyri-standart ideyalar irəli sürməyə, eyni zamanda müxtəlif ssenarilərə hazır olan düşüncələrə və insanlara ehtiyac var. Hazırda bunun üçün zəruri olan hər şey edilir:
“Peşə məktəblərimiz, peşə proqramlarımız var. Biz yalnız öz ehtiyaclarımız üçün deyil, digər ölkələrin ehtiyacları üçün də kadr hazırlayırıq.
Amma yenə də qarşıda görüləsi işlər var. 5-10 ildən sonra nələrin baş verəcəyini bilmirik. Bu, böyük sual işarəsidir. Məhz buna görə də adaptasiya və ömürboyu öyrənmə vacibdir”.
Rövşən Nəcəf həmçinin qeyd edib ki, ömürboyu öyrənmə dedikdə eyni şeyi öyrənmək və onu daha yaxşı etmək deyil, eyni zamanda müxtəlif bacarıqları öyrənmək, lazım gəldikdə paralel şəkildə fərqli bacarıqlara yiyələnmək nəzərdə tutulmalıdır.




