"Ermənilərin dağıtdığı yerlərin maketlərini hazırlamağı xoşlayıram" - Cəbrayıldan REPORTAJ
Azad olunmuş torpaqlarımızın hər bir bölgəsi kimi Cəbrayılın da 2020-ci ildən öncəki halı ilə indiki halı arasında yerlə göy qədər fərq var. Bir yanda işğalın geridə qoyduğu xarabalıqlar, o biri yanda isə dirçələn yurd yerlərimiz. Böyük Zəfəri qazanan dövlətimiz indi sülhü də qarış-qarış qurmaqdadır. Bərpa edilən ata-baba yurdlarını buraya dönən sakinlərin sevinci və duaları isidir.
Qarabağ və Şərqi Zəngəzurun hər bir bölgəsi kimi Cəbrayıla da əhalinin tədricən qayıdışı bu torpaqlarda həyatı yenidən canlandırır. Ermənilərin viran qoyduqları infrastruktur sürətlə bərpa edilir, bölgənin bənzərsiz təbiəti bu gözəlliyə əlavə çalar qatır. Təbii, azad edilmiş digər rayonlar kimi, Cəbrayılda əhalinin məskunlaşmasının əsas şərtlərindən biri zəruri şəraitin yaradılması, o cümlədən səhiyyə və təhsil infrastrukturunun qurulmasıdır. Bu mənada, Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin artıq fəaliyyətə başlaması xüsusi qeyd olunmalıdır.
Məktəbin direktoru Şəlalə Qasımlı bizimlə söhbət zamanı Cəbrayılda təhsil fəaliyyətinin bərpasını rayon üçün çox mühüm hadisə kimi qiymətləndirib:
"Cəbrayıla 2024-cü ildə qayıdan ilk sakinlər sırasındayam. Həmin il oktyabrın 9-da dövlət başçısının iştirakı ilə Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin açılışı olub. Məktəbimiz əvvəllər Bakının Qaradağ rayonunda fəaliyyət göstərib. Artıq doğma yurdumuzda təhsilimizi davam etdirmək bizim üçün qürurvericidir. 960 yerlik məktəb binasında 40 sinif otağı, dörd STEAM kabinəsi, həmçinin idman zalı, idman meydançası, akt zalı, yeməkxana var. Bir sözlə, binada yüksək səviyyəli tədris üçün hər bir şərait yaradılıb. Hazırda məktəbimizdə 331 şagird təhsil alır. Onların tədrisi ilə təqribən 30 nəfərlik pedaqoji heyət məşğul olur. Davam edən qayıdış prosesinin gedişində şagirdlərin sayının artacağı halda, onları qəbul etmək üçün imkanımız yetərlidir. Biz öz üzərimizə düşən məsuliyyəti yaxşı bilirik. Şagirdlərlə iştirakı ilə vətənpərvərlik mövzusunda dəyirmi masalar, tədbirlər, intellektual yarışlar təşkil edilir".
Direktor fəaliyyətə başlamalarından qısa müddət keçməsinə baxmayaraq, artıq məktəbin müəyyən nailiyyətlərininin olduğunu vurğulayıb:
"Çox sevindirici haldır ki, bu il bizim 8-ci sinif şagirdi Respublika fənn olimpiadasında 2-ci yeri tutaraq gümüş medala layiq görülüb. Bu nailiyyət bir cəbrayıllı, bir azərbaycanlı və ən əsası bir müəllim kimi bizi çox sevindirir. İnşallah, növbəti illərdə bu uğurun davamı da olacaq. Belə uğurlar bizi öz işimizə daha məsuliyyətli yanaşmağa, millətimiz və dövlətimiz üçün daha vətənpərvər övladlar yetişdirməyə sövq edir".
Məktəbin bacarıqları ilə seçilən şagirdlərindən biri, 10-cu sinifdə oxuyan İnci Əhmədova ilə söhbətimiz zamanı rəssamlığa ciddi maraq göstərdiyini bildirib:
"Əvvəllər Bakıda məskunlaşsaq da, artıq Cəbrayılda daha yaxşı və müasir evlərdə yaşayırıq. Bundan əlavə, məktəbimizdə çox gözəl şərait yaradılıb. Mən həm də "Bacarıqlı əllər" dərnəyinin üzvüyəm. Burada bizə əl işləri ilə məşğul olmaq üçün xüsusi otaq da ayrılıb. Müxtəlif rəsmlər çəkməyi xoşlayıram. Rəsmlərimdə fərqli mövzulara müraciət etsəm də, Cəbrayılda əsasən təbiət mövzuları adamı daha çox cəlb edir. Bəzən təbiətin elə gözəlliyini görürsən ki, adam o anın əbədi davam etməsini arzulayır. Ona görə də təbiət mənzərələrinə çox həssaslıqla yanaşıram. Təbiətdən başqa, böyük Zəfərimizi əks etdirən qələbə tabloları da çəkmək işləyirəm. Bu sahədə daha da püxtələşməyə çalışıram".
Məktəbin bir başqa 10-cu sinif şagirdi Elvin Şıxlı da gələcək fəaliyyətində yaradıcılığa üstünlük verməyi düşünür:
"Buradakı şəraitimiz çox yaxşıdır. Mən də məktəbdə yaradılmış əl işləri dərnəyinin üzvüyəm. Əsasən, ermənilərin dağıtdıqları abidələri və tarixi yerlərin maketlərini hazırlamağı xoşlayıram. İlk olaraq "Xudafərin" körpüsünün maketini hazırlamışam. Əvvəllər bu körpünün təsvirini sadəcə kitablarda görmüşdüm. Körpünü canlı gördükdən sonra ona marağım daha da artdı. İndiyə qədər kağız və xırda daşlardan istifadə edərək "Xudafərin" körpüsünün beş maketini düzəltmişəm. Təhsilimi marağıma uyğun olaraq Azərbaycan Texniki Universitetində davam etdirmək niyyətindəyəm".
8-ci sinif şagirdi Mədinə Quliyeva isə Cəbrayılın öz havası və təbiəti ilə onlarda fərqli təəssüratlar yaratdığını bildirib:
"Buraya köçənə qədər Sumqayıtda yaşayırdıq. Cəbrayıla qayıdanda nə ilə üzləşəcəyimi, buranın necə yer olduğunu bilmirdim. Amma gələndən sonra çox gözəl və fərqli yer olduğunu gördüm. Ən əsası, təbiəti və havası insanlara fərqli hisslər yaradır. Mən də məktəbin "Bacarıqlı əllər" dərnəyindəyəm. Ümumiyyətlə, məktəbimizdə yaradılan şərait çox yaxşıdır".
Cəbrayıl şəhərinə qayıdan sakinlər artıq öz həyatlarına yenidən başlayaraq doğma yurdlarında yaşayıb-yaradırlar. Uzun həsrətdən sonra doğulub-böyüdüyü torpaqlara dönən Nərgiz Atakişiyeva çoxdan görmədiyi yerlərin xeyli dəyişdiyini söyləyib:
"Burada uzun illərdən sonra fərqli bir mənzərə ilə qarşılaşdıq. Düzdür, təbiətin mənzərəsi dəyişməsə də, bir vaxtlar bu gözəlliyə rəng qatan evlər və binalar dağıdılmışdı. Buna görə nə qədər üzülsək də, yerində daha yaraşıqlı və müasir evlərin, binaların tikildiyini görmək bizdə xoş təəssüratlar yaratdı. Bu sevinci bizə yaşadan, Ali Baş Komandana və ordumuza təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onu da deyim ki, biz özümüzü yenidən inşa olunan Cəbrayılımızın mənəvi qurucularından biri hesab edirik. Ümid edirəm və inanıram ki, qarşıdakı illərdə hər şey daha gözəl olacaq. İndi görülən işlər və əldə olan nəticələr bunu deməyə əsas verir".
Əhalinin Cəbrayıla qayıdışı şəhərdə bir çox istiqamətlərlə yanaşı, sahibkarlıq fəaliyyətinə də meydan açıb. Sahibkar Ziyəddin Mustafayev bizimlə söhbətdə bildirib ki, öz işini qurmaq istəyərkən ona hərtərəfli dəstək verilib:
"Əvvəllər bu işdə təcrübəmiz olduğu üçün Cəbrayılda çörək sexi qurmuşuq. Ailəliklə bu sahə ilə məşğuluq, anam da neçə bu işdə çalışıb. Cəbrayıla köçəndən sonra işə başlamaq üçün etdiyim müraciətə dərhal cavab verildi və dəstək göstərildi. Bunun sayəsində ənənəvi Cəbrayıl çörəyi istehsal edirik. Şükür, bişirdiyimiz bütün növ çörəklərə tələbat var. Qiymətlər məhsulun çəkisinə görə dəyişir. Məsələn, 1 kiloqramlıq uzunsov, 500 qramlıq yumru, kürə çörəkləri, həmçinin yuxa çeşidlərimiz var. Bundan əlavə, sexdə kətə, qoğal və digər şirniyyat məhsulları da bişirilir. Çox sevinirik ki, alıcıları məhsullarımızı bəyənirlər".
Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva isə bizi rayonun Soltanlı kəndində həyata keçirilən işlər barəsində ətraflı məlumatlandırıb:
"Soltanlı kəndindəki tikinti meydançasında işlər tam qüvvəsi ilə davam edir. Bu kənd 108-53 hektar sahə üzrə layihələndirilib və 420 fərdi evin inşası nəzərdə tutulub. Həmçinin burada qeyri-yaşayış obyektləri, məktəb və uşaq bağçası və inzibati binalar da inşa ediləcək. Hazırda tikintinin icra səviyyəsi 15 faizdir. Qeyd edim ki, Soltanlı kəndinin layihəsi "Təməl" memarlıq müsabiqəsinin yaşayış komplekslərinin memarlıq həlləri nominasiyasında II dərəcəli diploma layiq görülüb".
Daha sonra baş çəkdiyimiz Horovlu kəndinə isə məlumdur ki, artıq bir neçə mərhələdə sakinlərin köçü baş tutub. Ona görə də hazırda kənddə həyat öz axarına düşüb. Kənd sakini Səltənət Həsənova ilə söhbətləşirik. Məlum olur ki, kəndi 18 yaşında tərk edib:
"Allahdan Ali Baş Komandana can sağlığı, şəhidlərimizə rəhmət diləyərək bu günümüzə şükür edirik. 33 ildən sonra doğma yurdumuza qayıdışımız və bu cür gözəl evlərdə yaşadığımız üçün çox sevincliyik. O vaxt mən təzə ailə qurmuşdum. İndi isə evimizə övladlarım və nəvələrimlə qayıtmışam. Evlərimiz çox şəraitlidir, işıq, su və qazla fasiləsiz təmin olunuruq. İnşallah, kəndimizi daha da abad və firavan edəcəyik".
Kəndin digər sakini Nizami Kəlbəliyev 33 il məcburi köçkünlük həyatı yaşasa da, doğma ocağa qayıdacağına inamını heç vaxt itirmədiyini deyib:
"Bir neçə yerə köç etsək də, sonda Zəngilan şəhərciyində məskunlaşdım. Oradan da Ali Baş Komandan və ordumuzun sayəsində nəhayət ki doğma yurda qayıtdıq. Şəhidlərimizin qanı ilə alınan torpaqlarımızda bu gün firavan həyat sürürük. Kəndimizə qayıdacağımıza inamımızı heç vaxt itirmədik. Özüm təqaüdçüyəm, bura gələndən həyət-bacada məşğuliyyətim artıb. Şükür, yaşıma görə özümü daha gümrah hiss edirəm. Yaradılan şəraitdən də çox razıyıq. Həyat yoldaşıma bu günü görmək nəsib olmadı. Amma burada övladlarım və nəvələrimlə birlikdə yaşayırıq".
Mənbə: Report.az



