Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək 

16 Aprel, 2026 - 12:53
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək 

"İnklüziv təhsildə ən ciddi problemlərdən biri müəllim hazırlığı, ixtisaslı kadr çatışmazlığıdır”. 

"Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Bakı Slavyan Universitetində keçirilən "İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli" mövzusunda IV beynəlxalq elmi-praktik konfrasda bildirib.

Direktor qeyd edib  ki, hər il 20-dən çox təhsil müəssisəsi inküziv təhsilə cəlb edilir. Hazırda inklüziv təhsil 400-dən çox şagirdi əhatə edir. Sentyabr ayından inklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayının 500-ü keçməsi gözlənilir.

Direktorun sözlərinə görə, təhsil müəssisələrində minlərlə uşaq xüsusi təhsil xidmətlərindən faydalanır: “Son bir il ərzində apardığımız təhlil və tədqiqatlar onu göstərir ki, mövcud göstəricilərimiz bu xidmətlərə ehtiyacı olan uşaqların real sayını tam əhatə etmir. Belə ki, layihədə yüzlərlə uşaq iştirak etsə də, bu xidmətə ehtiyacı olan uşaqların sayı əslində minlərlədir. Əsas məqsədimiz  bu uşaqların hamısını keyfiyyətli təhsil xidməti ilə əhatə etməkdir”.