Əsrə bərabər 50 il – AzMİU-nun şərəf tarixini yazanlar 

18 Dekabr, 2025 - 09:30
Əsrə bərabər 50 il

“Qocaman” desək, 50 yaş qoca deyil, cavan da sayılmaz. Amma 50 rəqəmi kifayət qədər böyükdür. Hələ bu dövrdə inqilablar, çevrilişlər görülüb, keşməkeşlərdən keçilib, ağır böhran illəri yaşanıb, müharibələr aparılıb, qaçqınlıq, köçkünlük düşülübsə, demək, əsrə bərabər 50 ildən söhbət gedir. 

Hazırda dünyada bilinən adı ilə çağırsaq, bizim də yaxşı tanıdığımız Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 yaşı tamam olur. Nə təsadüf ki, 50 yaşlı ali təhsil ocağının pedaqoji heyəti də 50 ilə yaxındır ki, universitetdədir, yəni əksəriyyəti taleyini onunla bağlayanlardır. Bəlkə də təsadüf deyil, universiteti ilə böyüyənlər sayəsində böyüyüb “Ən böyük inşaat məktəbi”, “Tanınmış memarlar ocağı”, “Mühəndislər institutu”, “Dizaynerlər məktəbi”nə çevrilib o da.

“Azərbaycan müəllimi” mühəndislər yetişdirən bu məşhur dünyaya daxil olub, qarış-qarış, fakültə-fakültə gəzərək bəşəriyyətə memarlar, dizaynerlər qazandıran məktəbin bu işdə ona “ulduz”lar gətirən akademik sirrini çözməyə çalışıb.

Şəhidlər ölməz, Vətən bölünməz

Universitetdə çıxdığımız 50 illik “səyahət”ə yaşca da, elə nailiyyətlərinə görə də universitetdən böyük fakültəsindən başladıq – 105 yaşlı İnşaatdan. Dəhlizdə bizi qarşılayan qanı-canı ilə torpağa qarışıb vətən olan vətən oğulları – adı ilə universitetini böyüdüb, adını ucaldanlar oldu. 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrlərdə həyata keçirilən antiterror tədbirlərində AzMİU-nun 27 tələbə və məzunu şəhidlik zirvəsinə ucalıb. Hər kabinetin, laboratoriyanın adında, dəhlizlərdə düzülən fotolarında, bir də müəllim və tələbələrinin ürəyində yaşadır universitetləri onları.

Adları AzMİU-nun tarixinə yazılan şəhidləri ilə tanış olarkən universitetini gələcəyə daşıyacaq fakültə fəalı ilə qarşılaşırıq. 

“Çox yaxşı inşaatçı olacağam”

Şəbnəm Qələndərova İnşaat fakültəsində “İnşaat mühəndisliyi” ixtisası üzrə təhsil alır. Məzun olması universitetinin 50 yaşına təsadüf edib və bu, onun üçün xüsusi əhəmiyyətlidir:

“İxtisasımı özüm seçmişəm, arzulamışan və inşaat mühəndisi olmağa qərar vermişəm. Qərarımdan peşiman deyiləm. 50 yaşı olan bir universitetin 100 ildən çoxdur inşaatçı yetişdirən bir fakültəsində təhsil alıram və böyük bir mühəndislik məktəbinin yetirməsi olmağımla qürur duyuram. Hazırda təcrübə keçirəm. Çox maraqlı təcrübə proqramında iştirak edirəm. Gələcəkdə gərəyim olacaq proqramaları öyrənirəm, sonra yeni proqramlar çıxacağını da bilirəm və onları da öyrənəcəyəm. Əsas odur ki, mən çox yaxşı inşaatçı olacağam. Hesab edirəm ki, “İnşaat mühəndisliyi” gələcəyi olan bir ixtisasdır və onu seçdiyim, bu ixtisasda bilik və bacarıqlara yiyələndiyim üçün çox xoşbəxtəm”.

“Diplomlarımız dünyanın 139 ölkəsində tanınır”

Həm yaşca, həm elmdə universiteti ilə birlikdə böyüyən professorlarından biri İnşaat fakültəsinin dekanı professor Sahib Fərzəliyevdir. 50 il olmasa da, ona yaxın bir müddətdir ki, universitetdədir. Tələbə kimi daxil olduğu ali məktəb qapıları ona həm də elmə, müəllimliyə, karyeraya çıxış olub. Fəaliyyəti dövründə son illəri universitetin ən güclü çağı hesab edir. Onun fikrincə, təhsil ocağının 10 il əvvəl dünya reytinq bazalarında izi-tozu olmadığı halda, indi dünya universitetləri ilə müqayisə olunur:

“Bu il İnşaat fakültəsinin də 105 illiyidir. Bu, sadəcə bir rəqəm deyil – bir əsrdən artıq dövrdə formalaşmış mühəndislik məktəbinin tarixidir. Bu illər ərzində fakültəmiz inşaatçı kadrların hazırlanması, yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya etməsi kimi mühüm vəzifələri uğurla yerinə yetirib. Son illərdə İstanbul Texniki Universiteti ilə bağladığımız ikili diplom proqramı bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir. Tədris proqramlarımızı həmin universitetin proqramları ilə uyğunlaşdıraraq, həm kadr hazırlığının keyfiyyətini artırır, həm də təhsilimizin beynəlxalq səviyyəsini yüksəldirik. Bu əməkdaşlığın nəticəsində “İnşaat mühəndisliyi” ixtisası həm bakalavr, həm də magistr səviyyəsində Avropa ailəsinin üzvü olan Müstəqil Akkreditasiya və Reytinq Agentliyində (IAAR) beynəlxalq akkreditasiyadan keçib, diplomlarımız dünyanın 139 ölkəsində tanınır. Fəxrlə qeyd etmək istərdim ki, tələbə və məzunlarımız bu imkanlardan layiqincə yararlanırlar. Məsələn, ikili diplom proqramı çərçivəsində təhsil alan tələbəmiz Nəzrin Rzayeva İstanbul Texniki Universitetinin qızıl medalına layiq görülüb. Keçən il Fuad Cəfərli adlı məzunumuz dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan, 79 Nobel mükafatçısının çalışdığı Kolumbiya Universitetinin magistraturasına qəbul olub. Belə uğurlar gənclərimizin potensialının, fakültəmizin təhsil keyfiyyətinin və beynəlxalq nüfuzunun real göstəricisidir”.

İlk tədris ili çox çətin oldu, amma indi fakültə birincisidir

Ülviyyə Teymurzadə Mexanika və İnformasiya Texnologiyaları (MİT) fakültəsində IV kursda oxuyur. “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alır. Fakültədə ən yüksək ortalaması olan tələbə məhz odur:

 “Hazırda 86 ortalama ilə təhsilimə davam edirəm. İlk tədris ilim çox çətin oldu. Adaptasiya olmaqda, xüsusən semestr imtahanlarının öhdəsindən gəlməkdə çox çətinlik çəkdim. Sonra seçdiyim ixtisasa uyğunlaşmağa, onu mənimsəməyə başladım. Mənimsədikcə akademik göstəricilərim yaxşılaşdı. Universitetimizin “Code Academy” ilə əməkdaşlığı var, III kursun birinci semestrində burada iştirak etdim. 4 aylıq sürətləndirilmiş proqramla təhsil aldım. Ümumiyyətlə, bir çox layihələrə qatıldım, uğurlar qazandım. 4 ildə öz üzərimdə çox işlədim, bir sıra layihələrə, müsabiqələrə qatıldım. Fəal tələbə həyatı yaşadım. Növbəti mərhələdə bunun bəhrəsini görmək, ölkəmizdəki nüfuzlu banklarda işləmək istəyirəm”.

Yüksəkballıların seçdiyi universitet 

Ülviyyəni ildən-ilə nəticələrini yüksəltməyə, uğur dalınca uğur qazanmağa həvəsləndirən müəllimləri, universitet mühiti olub. Həmin mühitin formalaşmasında müstəsna rolu olan fakültə dekanı ilə söhbətləşirik. 
Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı, professor Sabir Məmmədov 36 ildir ki, universitetdə fəaliyyət göstərir. Onun 5 ilini tələbə olub, 8 ildir ki, dekandır. 17 yaşından taleyi universitetlə bağlanıb. Burada tələbə olub, baş müəllim, dosent olub, elmdə professorluğa qədər yüksəlib:

“50 illik münasibətilə fakültəmizdə xeyli işlər gördük. Bunlardan biri də Təlim Tədris Mərkəzinin yaradılmasıdır. Mərkəzdə istənilən istiqamətli tədbirlər keçirilməsi üçün şərait yaradılıb. 50 yerlik mərkəz interaktiv mühazirələr, məşğələlər, hətta laboratoriya dərslərinin keçirilməsinə imkan verir. Üstəlik, qrupların bölünməsi ilə yox, əksinə qrupların birləşməsi ilə baş tutan dərsləri burada interaktiv keçmək mümkündür”. 

S.Məmmədov qeyd edib ki, fakültə indiyədək müxtəlif adlar altında fəaliyyət göstərib, adı da, strukturu da dəfələrlə dəyişib. Hazırda fakültədə 5 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. “Maşın mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “İnformasiya texnologyaları”, “İnformasiya təhlükəsizliyi”, “Proseslərin avtomatlaşdırılması” ixtisaslar üzrə kadr hazılığı aparılır:

“İnformasiya texnologiyaları ixtisasları dünyada tələb olunan istiqamətlərdir. Bu istiqamət üzrə təhsil almaq istəyən abituriyentlərin sayı ildən-ilə artır. Son illərdə bu ixtisas üzrə qəbulda rəqabət mühiti formalaşıb. Əvvəllər aşağı ballı abituriyentlərin qəbul olunduğu ixtisas hazırda 400-dən yuxarı bal toplayanların seçimidir. 2022-ci ildə 446 balla universitetimizə qəbul oluna bilməyən tələbə olmuşdu. Hazırda tələbələrimizin sayı 1500-dən yuxarıdır”. 

“AzMİU mənim üçün, sadəcə universitet deyil, arzularımı reallaşdıran məkandır”

AzMİU-nun yüksək ballıların seçiminə çevrilən daha bir fakültəsi də memarlıqdır. Nuranə İbrahimova burada təhsil alır. O, 648.6 balla tələbə hüququ qazanıb:

“Uşaqlıqdan tikililərə, evlərin formalarına, pəncərələrin ölçüsünə, rənglərin harmoniyasına baxıram, bu, sadəcə maraq deyil, arzularımın başlanğıcı idi. Gözəl bina görəndə düşünürdüm:

“Kaş bir gün mən də belə bir əsər yaradardım”. İndi bu arzunun bir addımlığındayam, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Memarlıq fakültəsində təhsil alıram”.

Nuranə deyir AzMİU-ya qəbul olunan gündən buranı özünə doğma hiss edib:

“Müəllimlərimizin səmimiyyəti, tələbə yoldaşlarımın enerjisi və universitetin ab-havası mənə çox şey qatdı. Dərslərimiz maraqlı və yaradıcı mühitdə keçir — layihələndirmədən tutmuş, interyerdə materialların tətbiqinə qədər hər fənn memarlığın sirrini bir az da açır. Bəzən gecələr maket üzərində işləyərkən düşünürəm: uşaqlıqda çəkdiyim kağız evlər indi artıq real layihələrə çevrilir. Mən memarlığı, sadəcə peşə yox, həyat tərzi kimi qəbul edirəm”.

Ən böyük arzularından biri təhsilini xaricdə davam etdirməkdir:

“AzMİU-nun xarici universitetlərlə geniş əməkdaşlıqları və ikili diplom proqramları var. İnanıram ki, bu imkanlardan istifadə edərək həm özümü inkişaf etdirəcək, həm də gələcəkdə ölkəmin memarlıq sahəsində iz qoyan gənclərdən biri olacağam”.

Tələbənin 50 yaşlı universitetdə reallaşdıracağı arzuları var. O, universitetinin növbəti 50 ilinə öz töhfələrini verməyi düşünür:

“AzMİU mənim üçün, sadəcə universitet deyil, arzularımı reallaşdıran məkandır. Burada hər gün bir az da böyüyür, bir az da öyrənirəm. Hər dəfə universitet binasına baxanda düşünürəm — bəlkə də gələcəkdə mənim də layihələndirdiyim binalardan biri bu şəhərin simasına çevriləcək”.

Fakültənin ən böyük nailiyyəti qazandığı beynəlxalq akkreditasiyadır

Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova AzMİU-da 1983-cü ildən çalışmağa başlasa da, tələbəliyi də burada keçib:

“Bəlkə “Gün keçdi” filminin, bəlkə Anarın “Gürcü familiyası” hekayəsinin təsiri idi, bilmirəm, amma memar olmağa uşaqlığımdan qərar vermişdim. Bir müddət memar işləyəndən sonra burada müəllimliyə başladım. Müəllimlik təklifi aldığım o gün həm də bir vəzifə təklifi almışdım. Amma müəllimliyi seçdim və bu gün bu fakültədə ən uzunömürlü dekanam”.

Fakültənin ən böyük nailiyyəti qazandığı beynəlxalq akkreditasiyadır:

“AzMİU Britaniya Memarlarının Kral İnstitutunun 5 illik akkreditasiyasını alıb. Bu uğura addım-addım getdik və 2024-cü ildə qazandıq. Ən böyük nailiyyətimiz isə məzunlarımızın rahatlıqla xarici universitetlərdə təhsil almasıdır”.

Fakültədə 3 dildə tədris aparıldığını vurğulayan dekan yeni tədris ilindən SABAH qrupunun da fəaliyyətə başlayacağını bildirib: “Bu il yüksək balla qəbul olunan 200 tələbəmizin hər biri dövlət sifarişi ilə təhsil alır. Memarlığa qəbulda ən aşağı bal 302, ən yüksək bal 648 olub. Halbuki elə ixtisaslar var ki, 300 orada ən yüksək qəbul balıdır”.

25 ildir tədris olunur, amma hələ məzunu yoxdur

Ən gənc fakültədəyik - Dizayn fakültəsində. Fakültədə 800-ə yaxın bakalavr təhsil alır. Fərid Kərimov bildirib ki, dekanı olduğu fakültənin hələ məzunu olmasa da, öyündükləri yetişdirdikləri məzunlar 25 ildir ölkə iqtisadiyyatına töhfə verir:

“25 ildir ki, universitetimizdə “Dizayn” ixtisası tədris olunur. Fənn kimi tədrisi başlanan “Dizayn”ın əvvəlcə kafedraları yaranıb, 2 il əvvəl isə fakültəmiz formalaşıb. Hazırda 3 kafedra ilə fəaliyyətə davam edirik. Kifayət qədər böyük uğurlarımız da var”.

Fakültə nailiyyətlərini inkişaf etdirməkdə qərarlıdır: “Dizayn sahəsində rəqabət böyükdür. Bizim dizayn meyarlarımız Milan Politexnik Universitetinin meyarları əsasında qurulub və İtaliya-Azərbaycan Dizayn Mərkəzinin köməyi ilə həyata keçirilir. 2018-ci ildən bəri başlayan əməkdaşlıq nəticəsində tədris sistemimiz bu meyarlara uyğunlaşdırılıb”.

“Tikilən binaların memarı da, mühəndisləri də bizim məzunlarımızdır”

“İstər Bakıda, istərsə də regionlarda tikilən binaların memarı da, mühəndisləri də bizim məzunlarımızdır”, – deyən tədris işləri üzrə prorektor Akif Qasımovun fikrincə, rəhbərliyində təmsil olunduğu universitetdə tədrisdə keyfiyyət, obyektivlik, ədalətlilik prinsipi gözlənilir:

“Universitetdə maddi-texniki baza mütəmadi yaxşılaşdırılır. Çünki hesab edirik ki, tələbələrimizin təcrübə şəraitində mənimsəməsi önəmlidir. Kurikulumların keyfiyyəti artırılır. Əmək bazarının tələblərinə uyğun olaraq tədris planları dəyişdirilir. Mütəmadi iş adamları ilə görüşərək məzunlarımızda nələrin çatışmadığı, nələrə diqqət etməli olduğumuzla bağlı fikir mübadiləsi aparırıq. Onlarla birlikdə tədris planlarımızı müzakirə edir, köhnələnləri yeniləyir, ehtiyac olanları daxil edirik. Müasir əmək bazarında rəqabətə tab gətirmələri üçün nəzəri və praktik bacarıqlar olmalı, hər kəs öz sahəsi üçün vacib proqramları bilməlidir”.

AzMİU xarici ölkə universitetləri ilə ikili diplom proqramlarını artıracaq:

“Hazırda İngiltərənin Vestminster Universiteti, Milan Politexnik Universiteti, Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə ikili diplom müqavilələri var:

“Bu proqramlardan sadəcə həmin proqramlar üzrə təhsil alanlar yararlanmırlar. İkili diplom proqramları, sadəcə bir imzadan, 2 il burda, 2 il orda oxumaqdan ibarət deyil. Biz bütün kurikulumları həmin universitetlərin tədris proqramları ilə eyniləşdiririk. Ona görə də bu əməkdaşlıqlardan bütün tələbələrimiz faydalanırlar”.

Gələcək planlarda ixtisasların beynəlxalq akkreditasiyadan keçirilməsi də var:

“Xaricdə diplomlarımızın tanınması üçün bu çox böyük əhəmiyyətə malikdir. AzMİU Britaniya Memarlarının Kral İnstitutunun 5 illik akkreditasiyasını alıb. Bundan əlavə, “İnşaat mühəndisliyi” və “Nəqliyyat tikintisi mühəndisliyi” ixtisasları üzrə iki mühüm beynəlxalq akkreditasiyadan keçib. Bu da diplomlarımızın 200-ə yaxın ölkədə tanınmasına şərait yaradıb. Prosesi davam etdirərək akkreditasiya olunan proqramların sayını artıracağıq. Bununla məzunlarımızın xaricdə növbəti təhsil səviyyələrində təhsil almalarını da, xaricdə iş tapmalarını da asanlaşdıracaq”.

Məzunlar yenidən öz universitetlərinə “qayıdırlar”

Prorektor Azərbaycanda tamamilə yeni olan və AzMİU-da artıq nəticələri olan bir yanaşmadan söhbət açıb. Onun sözlərinə görə, universitetin ən böyük uğurlarından biri də məzunlarını universitetə bağlamağa nail olmasıdır. Məzunlar Assosiasiyası yaradaraq onun ətrafında birləşən minlərlə məzun universitet həyatı ilə əlaqəsini itirməməyə çalışır. Xarici universitetlərdə geniş vüsət alan bu tendensiya artıq AzMİU-da genişlənib:

“Ölkəmizdəki inşaat şirkətlərinin 90 faizi bizim məzunlarımızdır. Onlarla çox ciddi işlər görürük”.

Əsrə bərabər 50 ilin nəticəsi ondan ibarətdir ki, Azərbaycanda bütün tikinti meydançalarında AzMİU məzunlarıdır. Tezliklə onlar dünyanın tikinti meydançalarında da olacaqlar.

Foto: Kənan QAFAROV