Əvvəl uduzurdu, indi çempion oldu - Cüdoçu Gülnazın uğur yolu
Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində keçirilən cüdo yarışının çempionlarından biri də Gülnaz Məmmədtağıyeva olub.
"Azərbaycan müəllimi" məktəbli idmançının uğur hekayəsini oxucularına təqdim edir.
Cüdoya olan böyük marağının və əzmkarlığının nəticəsidir ki, Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ-nin yetirməsi olan Gülnaz Məmmədtağıyava Məktəblilərin Respublika İdman Olimpiadasında 57 kq çəki dərəcəsində yarışaraq qızıl medala layiq görülüb. 8 yaşından cüdo ilə məşğul olan məktəbli bildirir ki, bu idman növünə marağı onda böyük qardaşının məşqçisi yaradıb: "Qardaşım cüdo ilə məşğul olurdu, mən də onunla məşqlərə gedib baxırdım. Məşqçi məndən yaşımı soruşdu və məşqlərə dəvət etdi. Bundan sonra mən də idmana başladım. Sonradan qardaşım şahmat idman növü ilə məşğul oldu, mən isə cüdo üzrə davam etdim".
Gülnaz qeyd edir ki, ilk addımları idmanda o qədər uğurlu olmayıb: "Təzə-təzə nəticələrim heç yaxşı deyildi, bütün yarışlarda uduzurdum. Eyni rəqiblərə uduzmağa öyrəşmişdim. Sonra tədricən təcrübə yığaraq, mütəmadi məşqlər edərək Bakı və respublika çempionatlarına qatıldım, çempion oldum. Daha sonra Avropa kuboklarında iştirak etdim".
Gülnaz Abşeron rayonu Məmmədli kənd tam orta məktəbinin 11-ci sinfinə keçib. Bildirir ki, gələcəkdə cüdo idman növü üzrə beynəlxalq yarışlara qatılmağı, qalib olaraq himnimizi səsləndirməyi hədəfləyir: "İdman mənə görə hər şey deməkdir. Bütün vaxtımı idmana sərf edirəm, yorulmadan çalışıram. Qardaşım məndən öncə cüdoya gəlsə də, sonradan şahmata maraq göstərib. Mən isə həyatımın çoxunu cüdoya həsr etmişəm, peşəkar məşgul oluram".
Olimpiada çempionu diqqətə çatdırır ki, mütəmadi olaraq yarışlara, kuboklara hazırlaşsa da, dərslərindən geri qalmamağa çalışır və ali təhsil almaq niyyətindədir: "III ixtisas qrupu üzrə hazırlaşıram. İdman karyeramı bitirdikdən sonra ya hüquqşünas, ya polis olmağı arzu edirəm".
Gülnaz Məmmədtağıyevanın həm fiziki görkəmi, həm də cüdoya olan həvəsi əminlik yaradır ki, o, yaxın gələcəkdə daha böyük qələbələrlə bizi sevindirəcək. Bu yolda ona uğurlar diləyirik.
Lamiyyə Əlimərdanova/ Abşeron-Xızı və Quba-Xaçmaz üzrə regional təmsilçi




