Eynulla Mədətli: Vahid məktəbli forması şagirdlər arasında bərabərlik yaradır

13 Oktyabr, 2026 - 16:35
Eynulla Mədətli: Vahid məktəbli forması şagirdlər arasında bərabərlik yaradır

Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında bərabərliyin təmin olunmasına, intizam və məsuliyyət hissinin aşılanmasına xidmət edir.

"Azərbaycan müəllimi"xəbər verir ki, bunu "Report"a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli deyib.

O bildirib ki, Azərbaycan hökumətinin məktəblilərin və təhsilverənlərin geyim forması ilə əlaqədar verdiyi qərar olduqca əhəmiyyətlidir:

"Son zamanlar cəmiyyətimizdə geyinmə mədəniyyəti ilə bağlı xoşagəlməz halların şahidi oluruq. Müəllimlərin də, şagirdlərin də geyimində müxtəlif fərqliliklər, bahalı, marka adlandırılan geyimlərdən, müxtəlif aksesuarlardan və bəzək əşyalarından istifadə heç də məktəbə və məktəbliyə yaraşan hal deyil. Yeri gəlmişkən, vahid məktəbli formasına dair 20-25 il bundan əvvəl Naxçıvan Muxtar Respublikasında müvafiq qərarlar qəbul edilmişdi və həmin qərarlar bu gün də qüvvədədir. Orada illərdir ki, həm müəllimlərin, həm də şagirdlərin vahid geyim forması var və kimsə buna qarşı hər hansı etirazını bildirməyib".

E.Mədətli qeyd edib ki, vahid məktəbli formasını ölkədə başqa cür təqdim edənlər bunu yalnız xüsusi məqsədlərlə, daha çox da xarici ölkələrdən qaynaqlanan təsirlərlə edirlər:

"Düşünürəm ki, bu, qəbuledilməzdir. Məktəbdə həm geyim, həm də mədəniyyət elə bir səviyyədə olmalıdır ki, təhsilə, şagirdlərin ümumi dünyagörüşünün formalaşmasına, onların vətənpərvərlik hisslərinin daha da inkişaf etdirilməsinə xidmət etsin. Üstəlik, məktəbə gələndə hər kəs vahid geyimdə özünü bərabər hiss etməlidir. Lakin şagirdlərin bir qisminin bahalı telefonlar və geyimlərlə digərlərindən fərqlənməsi istər-istəməz cəmiyyət üçün də, valideynlər üçün də xoş hal deyil. Ona görə də düşünürəm ki, Azərbaycan cəmiyyəti dünyəvi cəmiyyətdir, dövlətimiz sekulyar, dünyəvi dövlətdir və bunlar Konstitusiyamızda təsbit olunub. Bu qaydalara tam əməl edilməlidir. Heç bir əsası olmayan iddialarla bu məsələni hicabla əlaqələndirmək tamamilə yolverilməzdir. Bizdə insan azadlıqları da, qadın azadlıqları da var".

Onun sözlərinə görə, nəinki məktəblərdə, hətta məktəbəqədər təhsil müəssisələrində və ali məktəblərdə də vahid geyim forması mütləq olmasa belə, müəyyən geyim mədəniyyətinə əməl edilməlidir:

"Orta məktəblərdə, xüsusilə də ibtidai siniflərdə isə hökumətimizin qərarını tam mənada dəstəkləmək lazımdır. Bu, ilk növbədə, valideynlərin xeyrinədir. Onlar müxtəlif bahalı paltarlar yarışına qoşulmayacaqlar. Eyni zamanda, bu qərar şagirdlərdə intizam, məsuliyyət və dərsə səfərbərlik hissini aşılayacaq. Müəllimlər də bir-birindən geyimlərinə görə fərqlənməyəcəklər. Bu, çox müsbət haldır və bu qərara qarşı çıxanlara heç bir haqq qazandırmıram".