“Filankəs kimi ol”: Uşağı motivasiya edirik, yoxsa özünəinamını zəiflədirik? 

28 Sentyabr, 2026 - 14:16
“Filankəs kimi ol”: Uşağı motivasiya edirik, yoxsa özünəinamını zəiflədirik? 

“Bax, filankəs necə oxuyur. Sən də onun kimi ol”. Böyüklərin uşağı həvəsləndirmək məqsədilə tez-tez işlətdiyi bu cümlə ilk baxışdan adi görünür. Lakin uşaq üçün həmin sözlərin mənası böyüklərin düşündüyündən fərqli ola bilər. Təkrarlandıqca uşaq özünü inkişafı ilə deyil, başqa uşaqlarla müqayisə etməyə başlaya bilər.

Məktəb yalnız bilik və bacarıqların formalaşdığı yer deyil. Şagird burada həm də özünü tanıyır, imkanlarını qiymətləndirir və “Mən necə bir şagirdəm?”, “Nəyi bacarıram?”, “Başqaları məni necə qiymətləndirir?” kimi suallara cavab axtarır. Bu prosesdə müəllim və valideynlərin uşağa münasibəti mühüm rol oynayır.

Sosial müqayisə insanın öz qabiliyyətləri, davranışları və nailiyyətləri haqqında fikir formalaşdırarkən digər insanları müəyyən meyar kimi istifadə etməsi ilə bağlı təbii psixoloji prosesdir. Şagird sinif yoldaşının oxu sürətini, yazı bacarığını, qiymətlərini və davranışını müşahidə edərək özünü sosial mühit daxilində dəyərləndirə bilər. Problem müqayisənin mövcudluğu deyil, onun uşağın öz dəyərini müəyyən edən əsas meyara çevrilməsidir.

“Mən əvvəlkindən daha yaxşıyam?” sualının yerini “Mən ondan yaxşıyam?” sualı tuta bilər

Uşaq öz inkişafını əsasən başqa uşaqların nəticələri ilə ölçməyə başladıqda onun uğur anlayışı da dəyişə bilər. Diqqət şəxsi inkişafdan sosial mövqeyə yönəlir. Belə vəziyyətdə şagirdin əldə etdiyi irəliləyiş öz-özlüyündə dəyərli görünməyə bilər; əsas meyar başqasını keçib-keçməməsi olur.

“Filankəs kimi ol” ifadəsinin arxasında əksər hallarda yaxşı niyyət dayanır: böyüklər uşağa “Sən də bunu bacara bilərsən” mesajı vermək istəyirlər. Lakin mesajın məqsədi ilə uşağın onu necə qəbul etməsi arasında fərq yarana bilər. Uşaq həmin cümləni “Mən hələ kifayət qədər yaxşı deyiləm” kimi də anlaya bilər. Bu fərq xüsusilə özünəinamı zəif, səhv etməkdən çəkinən və ya əvvəlki uğursuzluq təcrübəsi olan uşaqlarda daha əhəmiyyətli ola bilər.

Davamlı müqayisə uşağın daxilində “Mən yalnız başqasından yaxşı olduğum halda uğurluyam” kimi bir meyarın formalaşmasına gətirib çıxara bilər. Bu zaman uğur fərdi inkişaf göstəricisi olmaqdan çıxaraq sosial üstünlük kimi qəbul edilə bilər.

Müqayisənin təsiri hər zaman açıq görünmür. Bəzi şagirdlər narazılıqlarını ifadə edir, bəziləri isə sakitləşir, cavab verməkdən çəkinir və fəaliyyətə marağını itirir. Səhv etməkdən həddindən artıq narahat olmaq, “mən bacarmıram” ifadəsini tez-tez işlətmək, öz bacarığını əvvəlcədən kiçiltmək və uğur qazandıqda belə nəticəsindən narazı qalmaq kimi davranışlar diqqət tələb edir. Lakin bu əlamətlər avtomatik olaraq sosial müqayisənin nəticəsi hesab edilməməlidir; onların arxasında başqa səbəblər də ola bilər.
Müəllim şagird üçün yalnız dərs deyən şəxs deyil, həm də sosial qiymətləndirmə mənbəyidir. Məsələn, “Bax, Aysel necə sakit oturur” ifadəsi müəllim üçün davranış nümunəsi göstərmək məqsədi daşıya bilər. Ancaq bu tip ifadələr davamlı təkrarlandıqda digər şagirddə “Mən müəllimin gözündə yaxşı şagird deyiləm” düşüncəsi yarana bilər. Burada əsas məsələ nümunə göstərməkdən çox, uşağın şəxsiyyətinin və dəyərinin başqa uşaqla müqayisə edilməsidir.

Bəs uşağa necə yanaşmaq olar?

Müqayisənin daha konstruktiv alternativi uşağın öz əvvəlki göstəricisi ilə müqayisə edilməsidir. Məsələn, “Keçən dəfə 5 söz yazmışdın, bu dəfə 12 söz yazdın”, “Əvvəl cavab verməyə çəkinirdin, bu gün fikrini ifadə etdin”, “Bu məsələdə əvvəl çətinlik çəkirdin, indi həll yolunu özün tapdın” kimi geribildirim uşağın diqqətini başqa uşağın nəticəsindən öz inkişafına yönəldir.
Belə yanaşmada əsas mesaj “başqasına çat” deyil, “öz inkişafını davam etdir” olur. Uşaq özündəki dəyişiklikləri görməyə başladıqda onun üçün kiçik irəliləyişlər də mənalı ola bilər.

Məktəb psixoloqunun bu məsələdə rolu yalnız problem yarandıqdan sonra müdaxilə etməkdən ibarət deyil. Müəllim və valideynlərlə aparılan psixopedaqoji maarifləndirmə zamanı müqayisəedici ünsiyyətin mümkün nəticələrinə diqqət yetirmək, uşağın davranışını müşahidə etmək və geribildirimin daha inkişafyönümlü formalarını göstərmək profilaktik baxımdan əhəmiyyətlidir.

Burada məqsəd “uşağı heç vaxt müqayisə etməyin” kimi sadələşdirilmiş qayda yaratmaq deyil. Daha vacib məsələ müqayisənin hansı məqsədlə, hansı formada və hansı emosional şəraitdə aparıldığını anlamaqdır. Digər şagirdi nümunə götürmək ilə uşağın daim həmin şagird qarşısında aşağı mövqedə göstərilməsi eyni şey deyil.

Uşağa veriləcək əsas sual dəyişməlidir

“Bu uşaq niyə filankəs kimi deyil?” sualının əvəzinə “Bu uşaq öz imkanları daxilində haradan haraya gəlib və növbəti addımı nə ola bilər?” sualı daha inkişafyönümlü yanaşma yaradır.

Çünki təhsilin məqsədi bütün uşaqları eyni nəticəyə və eyni davranış modelinə gətirmək deyil. Fərqli başlanğıc nöqtələrinə malik uşaqların öz potensiallarını kəşf etmələri və inkişaf etdirmələri üçün şərait yaratmaq daha əhəmiyyətlidir.

Uşağın başqasına bənzəməsi onun inkişafının yeganə göstəricisi deyil. Bəzən ən mühüm inkişaf uşağın dünənki özündən bir addım irəli getməsidir.

Fərid Əliyev,
Ordubad rayonu Behrud kənd tam orta məktəbinin psixoloqu