Final görüşündən əvvəl həyəcanlı idim – Məktəbli Avropa çempionu oldu

20 May, 2026 - 12:11
Final görüşündən əvvəl həyəcanlı idim – Məktəbli Avropa çempionu oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə U17 Avropa Çempionatı Azərbaycan güləşi üçün yaddaqalan uğurlarla əlamətdar olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, yarışda Lənkəran-Astara regionunu təmsil edən gənc idmançılar da yüksək nəticələri ilə diqqət çəkiblər.

Cəlilabad şəhər Ş.İ.Xətai adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin IX sinif şagirdi, eyni zamanda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tabeliyində fəaliyyət göstərən Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst-güləş bölməsinin yetirməsi Hüseyn Rzazadə 48 kq çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb. Final görüşündə ukraynalı rəqibi üzərində tam üstünlüklə qələbə qazanan gənc pəhləvan qazandığı uğurun təsadüfi olmadığını deyir. Onun sözlərinə görə, bu nəticənin arxasında uzun illərin zəhməti dayanır: “16 yaşım var, 8 ildir güləşlə məşğulam. Uşaq vaxtı məşqçim Röyal Ağamalıyevə baxaraq bu idman növünə başlamışam. O vaxtdan birlikdə çalışaraq bu səviyyəyə gəlib çatmışıq”.

Gənc çempion final qarşılaşmasından əvvəl müəyyən həyəcan keçirdiyini, lakin hazırlığına güvəndiyini bildirib: “Final görüşündən əvvəl bir az həyəcanlı idim. Amma çox ciddi hazırlaşmışdım və qalib gələcəyimə inanırdım. Ən güclü rəqibim rusiyalı idmançı idi, onu da tam üstünlüklə məğlub etdim”.

Hüseyn Rzazadə ötən il qazandığı U15 Avropa çempionluğunun ona böyük təcrübə qazandırdığını da vurğulayıb. O, uğurlarında məşqçilərinin və ailəsinin xüsusi rol oynadığını qeyd edib.

“Bu idman növünü seçməyimdə atamın böyük rolu olub”

Çempionatda daha bir uğura isə Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Abbas Şəfiyev imza atıb. Təhsil Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi olan güləşçi 55 kq çəki dərəcəsində bürünc medal qazanıb. 17 yaşlı idmançı sərbəst güləşə 12 yaşında başladığını bildirib: “Bu idman növünü seçməyimdə atamın böyük rolu olub. Özüm də çox istəyirdim ki, idmançı olum”.

Abbas Şəfiyev qazandığı medalın onun üçün böyük motivasiya olduğunu deyib: “Bu medal mənə göstərdi ki, düzgün işləyəndə nəticə gəlir. Amma mənim hədəfim təkcə bürünc medal deyil, daha yüksəyə çıxmaqdır”. 

O, çempionata hazırlıq prosesinin olduqca ağır keçdiyini də qeyd edib: “Hər gün ciddi məşqlər edirdim, həm fiziki, həm də psixoloji olaraq özümü hazırlayırdım. Yorucu olsa da, məqsədim üçün dayanmadan işlədim”. 
Gənc idmançı uğurunda məşqçi-müəllimi Baba Rzayev və Lənkəran Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin böyük əməyi olduğunu vurğulayıb.

Gənc pəhləvanların Avropa çempionatındakı uğurları bir daha göstərir ki, bölgələrdə idmanın inkişafı öz bəhrəsini verməkdədir. Bu nailiyyətlər həm Azərbaycan güləşinin gələcəyi, həm də region idmanının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Final görüşündən əvvəl həyəcanlı idim – Məktəbli Avropa çempionu oldu
Final görüşündən əvvəl həyəcanlı idim – Məktəbli Avropa çempionu oldu
Final görüşündən əvvəl həyəcanlı idim – Məktəbli Avropa çempionu oldu
Final görüşündən əvvəl həyəcanlı idim – Məktəbli Avropa çempionu oldu