Fransada iğtişaşlara görə 500-ə yaxın məktəbdə dərslər dayandırılıb

6 Oktyabr, 2026 - 12:14
Fransada iğtişaşlara görə 500-ə yaxın məktəbdə dərslər dayandırılıb

Fransada şagirdlərin təhsil şəraiti ilə bağlı etirazları davam edir. Etirazların yaratdığı təhlükəsizlik problemləri səbəbindən ölkə üzrə 400-500 liseydə dərslər tam və ya qismən dayandırılıb.

“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın təhsil naziri Eduar Gefreyin sözlərinə görə, təhlükəsizlik şərtlərinin təmin olunmadığı məktəblərdə tədris müvəqqəti olaraq dayandırılacaq. Nazir etirazların başladığı vaxtdan 24 məktəbin zədələndiyini və ya dağıdıldığını bildirib.

Etirazlar ötən həftə Parisdəki məktəblərdən birində başlayıb, daha sonra ölkənin digər şəhərlərinə də yayılıb. Şagirdlər əsasən müəllim çatışmazlığı, siniflərin həddindən artıq yüklənməsi, məktəb binalarının və tədris şəraitinin lazımi vəziyyətdə olmaması, eləcə də dərs günlərinin uzunluğu ilə bağlı narazılıqlarını ifadə edirlər.

Fransanın Təhsil Nazirliyinin məlumatına görə, paytaxtın da daxil olduğu İl-de-Frans regionunda 468 məktəbin üçdə birindən çoxunda bazar ertəsi dərslər dayandırılıb. Təhsil naziri tədrisin tədricən və qismən bərpa olunacağını açıqlayıb.

Fransanın Baş naziri Sebastyan Lekornu isə hökumətin şagirdlərin və təhsil işçilərinin problemlərinin həlli üçün əlavə tədbirlər gördüyünü bildirib. Tədbirlər arasında uzunmüddətli müəllim çatışmazlığının aradan qaldırılması, məktəb binalarının vəziyyətinin yaxşılaşdırılması, dərs günlərinin daha səmərəli təşkili və universitetlərə qəbul platformasının daha şəffaf fəaliyyətinin təmin edilməsi yer alır. Hökumət həmçinin məktəblərə dəyən ziyanın məsul şəxslər tərəfindən ödənilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini sürətləndirir.

Fransa Təhsil Nazirliyinin məlumatına görə, etirazlar zamanı 78 təhsil işçisi xəsarət alıb. Ölkənin daxili işlər naziri Laurent Nünez isə ötən cümə günü 1 747 nəfərin saxlanıldığını açıqlayıb. Etirazların başlanmasından etibarən ümumilikdə 5 mindən çox şəxs saxlanılıb və onların təxminən 85 faizini yetkinlik yaşına çatmayanlar təşkil edir.