“Gəl yanıma” deyilir və avtomobil işləyir – ATU tələbələrinin maraqlı ixtirası 

7 Noyabr, 2025 - 10:28
“Gəl yanıma”  deyilir və avtomobil işləyir
“Gəl yanıma”  deyilir və avtomobil işləyir
“Gəl yanıma”  deyilir və avtomobil işləyir

Azərbaycan Texnologiya Universitetinin (ATU) İnnovasiya Mərkəzində gənc tədqiqatçıların iştirakı ilə reallaşdırılan maraqlı layihə – süni intellektlə idarə olunan avtomobilin ilkin modeli təqdim edilib. Layihə ölkəmizdə alternativ enerji və ağıllı idarəetmə sistemləri istiqamətində atılan ilk praktik addımlardan biri kimi diqqət çəkir.

Elm və texnologiyanın sintezi

ATU-nun İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev bildirib ki, hər bir ölkənin inkişafı onun elmi potensialı ilə ölçülür: “Günümüzün reallığı ondan ibarətdir ki, elmin və texnologiyanın səviyyəsi milli inkişafın əsas göstəricisidir. Xüsusilə cənab Prezidentin gəncləşmə siyasəti və elmin gəncləşməsi istiqamətində atdığı addımlar bu sahədə böyük önəm daşıyır”.

Direktor qeyd edir ki, universitet olaraq məqsədləri konkret prototiplər və insanların gündəlik həyatına tətbiq edilə bilən texnoloji avadanlıqlar hazırlamaqdır: “Universitet təkcə təhsil müəssisəsi deyil, eyni zamanda bir məhsul ixrac edən qurumdur – burada tələbə də, hazırlanan avadanlıq da elmi məhsuldur”.

Yaşıl enerji dövrünə doğru

Azərbaycan Texnologiya Universiteti nəqliyyat, logistika və yüksək texnologiyalar istiqamətini prioritet seçərək, alternativ enerji ilə işləyən avtomobilin yaradılmasını qarşıya məqsəd qoyub. Şama Salayev bu barədə deyir: “Məqsədimiz günəş batareyası və alternativ enerji ilə işləyən, akkumulyator batareya sistemi, kodlaşdırma modulu, səs və uzaqdan idarəetmə funksiyaları olan bir avtomobil hazırlamaqdır. Daxili yanma mühərriklərinin azalması fonunda biz də yaşıl enerji dövrünə öz töhfəmizi vermək istəyirik”.
Layihənin artıq minimal işlək versiyası — MVP modeli təqdim olunub. Gələcəkdə bu prototipin kargo və daşıma funksiyaları ilə təchiz ediləcəyi, yerli istehsal əsasında proqram və enerji sistemlərinin tam formalaşdırılacağı planlaşdırılır.
Avtomobilin təhlükəsizlik və lidar sistemləri 8 metr məsafəni müəyyən edə bilir, növbəti mərhələdə isə hərəkət və yürüş hissələrinin təkmilləşdirilməsi üzərində iş aparılır.

Layihənin mərkəzində tələbə yaradıcılığı

Layihədə Nəqliyyat və logistika fakültəsinin kafedraları, doktorantlar və gənc tələbələr birgə çalışırlar. Şamo Salayevin sözlərinə görə, bu layihənin əsas məqsədlərindən biri gəncləri elmə cəlb etmək, onları gələcəyin tədqiqatçıları və ixtiraçıları kimi yetişdirməkdir.

Universitetin “İnformasiya texnologiyaları” ixtisasının I kurs tələbəsi Hüseyn Rəsulov layihənin yaranmasından danışır: “Biz süni intellekt əsasında hazırlanmış avtomobilin ilkin modelini nümayiş etdiririk. Maşında lidar sistemi, səs komandaları və uzaqdan idarəetmə funksiyası mövcuddur. GPS sistemi vasitəsilə istiqamətlər yadda saxlanılır, işıqfor qırmızı yandıqda avtomobil dayanır. Lidar sistemi isə əngəlləri tanıyaraq idarəetmə moduluna siqnallar ötürür”.
Hüseyn bildirir ki, avtomobil həm onlayn, həm də oflayn rejimdə işləyə bilir. “Arduino” və “SketchUp” proqramları vasitəsilə kodlaşdırılan sistem “gəl yanıma” əmri verildikdə istiqamətə uyğun hərəkət edir və maneə olduqda istiqamətini dəyişir.

Ekoloji mühəndislik ixtisasının II kurs tələbəsi Vasif Məmmədov layihənin enerji sistemləri və kodlaşdırma hissəsində iştirak edib: “Avtomobilin C++ kodlaşdırması tamamlanıb və sistem 10 voltdan 750 volta qədər enerji gücündə sınaqdan keçirilib. Hərəkət istiqamətləri sensor sistem vasitəsilə idarə olunur və nəticələr uğurludur”.