"Gələcək həyatımı rəsmlərimdə təsvir edirəm" – Evdə təhsil alan Sənanın hekayəsi
Bəzən bir ekran sadəcə texnologiya vasitəsi olmur. O ekran bir uşağın dünyaya açılan pəncərəsinə, arzularına gedən yola çevrilir. Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən Distant Təhsil Mərkəzi də məhz belə bir missiyanı yerinə yetirir. Bura sağlamlıq vəziyyətinə görə məktəbə gələ bilməyən uşaqlar üçün bir işıq işıq yandırır.
“Azərbaycan müəllimi” burada təhsil alan şagirdlərdən biri ilə həmsöhbət olub.
Bir azdan oxucu onunla tanış olacaq, amma əvvəlcə bunu xatırladaq ki, 19 oktyabr 2022-ci ildən fəaliyyət göstərən mərkəz ilk günlərdə 24 şagirdlə yola çıxsa da, bu gün burada artıq 34 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 19 müəllim məşğul olur. Bu şagirdlərin hər birinin isə özünəməxsus həyat hekayəsi var.
Bu şagirdlərdən biri də 16 yaşlı Sənan Adıgözəlovdur. Onu birlikdə tanıyaq. O, Naxçıvan şəhərində anadan olub, hazırda ailəsi ilə birlikdə Bakıda yaşayır.
Sənan mərkəz yaradıldığı gündən başlayaraq, artıq dörd ildir ki, burada təhsil alır. Hazırda 10-cu sinif şagirdi olan Sənan onlayn dərslərə məsuliyyətlə qoşulur, tapşırıqlarını vaxtında yerinə yetirir və müəllimlərinin rəğbətini qazanır.
Mərkəzin ingilis dili müəllimi, 25 illik pedaqoji təcrübəyə malik Sərfinaz Quliyeva Sənanı xüsusi sevgi ilə bizə belə təqdim edir: “Sənan məsuliyyətli, çalışqan və dərsə böyük marağı olan bir şagirddir. Dərs prosesində fəal iştirak edir, verilən tapşırıqları diqqətlə yerinə yetirir. Onun həm də gözəl rəsm çəkmək qabiliyyəti var. Bu istedadı onu digər şagirdlərdən fərqləndirən xüsusi cəhətlərdəndir”.
Həqiqətən də Sənanın dünyası yalnız dərslərlə məhdudlaşmır. O, rənglərlə danışmağı, duyğularını kağız üzərinə köçürməyi sevir. Rəsm onun üçün sadəcə hobbi deyil, hisslərini ifadə etməyin bir yoludur.
Müəllimlərinin dediyinə görə, o, boş vaxtlarında rəsm çəkməyi sevir. Bəzən sözlə ifadə edə bilmədiyi hissləri rənglərlə kağıza köçürür. Elə bu da onun həssas və yaradıcı dünyasının bir parçasıdır.
Sənan özü də bunu böyük səmimiyyətlə dilə gətirir: “Boş vaxtlarımda ən çox rəsm çəkməyi sevirəm. Rəsm çəkəndə özümü daha rahat hiss edirəm. Xəyallarımı kağızda canlandırmaq mənə çox xoş gəlir. Bəzən gələcəkdə görmək istədiyim həyatımı da rəsmlərimdə təsvir edirəm”.
Distant təhsilin onun həyatında yaratdığı rahatlıq da danılmazdır. Özü bunu belə deyir: “Ev şəraitində dərs oxumaq mənim üçün çox rahatdır. Dərslərə vaxtında qoşula bilirəm, vaxtımı daha yaxşı idarə edirəm. Müəllimlərimiz hər zaman bizə dəstək olur, suallarımızı səbirlə cavablandırırlar”.
Ən çox sevdiyi fənlər informatika, riyaziyyat və tarixdir. Bəlkə də bu səbəbdən gələcək arzuları da bir neçə istiqamətdə formalaşıb: “Gələcəkdə proqramçı olmaq istəyirəm. Amma futbolu da çox sevirəm. Həkim olmaq fikri də məni maraqlandırır. Mən istəyirəm ki, gələcəkdə həm özüm uğur qazanım, həm də insanlara faydam dəysin”.
Onun bu sözlərində həm uşaqlıq saflığı, həm də gələcəyə inam aydın hiss olunur.
Mərkəzdə təhsil yalnız dərs keçməkdən ibarət deyil. Burada hər şagirdə fərdi yanaşılır, onların psixoloji vəziyyəti, maraqları və qabiliyyətləri diqqətlə nəzərə alınır. Kiçik uğurlar belə qiymətləndirilir, motivasiyaedici söhbətlərlə uşaqların özünəinamı gücləndirilir.
Sərfinaz müəllimənin sözlərinə görə, əsas məqsəd şagirdlərin sadəcə dərsi mənimsəməsi deyil, həm də özlərini cəmiyyətin bir parçası kimi hiss etmələridir: “Biz çalışırıq ki, şagirdlər özlərini tək hiss etməsinlər. Onların sosiallaşması, öz fikirlərini sərbəst ifadə etməsi, özlərinə inamla böyüməsi bizim üçün çox vacibdir”.
Sənanın hekayəsi bir daha göstərir ki, təhsil məkanla məhdudlaşmır. Bəzən bir otaq, bir kompüter ekranı və qarşı tərəfdə səmimi müəllim səsi bir gəncin gələcəyini işıqlandırmağa kifayət edir.
Bu zəhmətin bəhrəsi isə gələcəkdə Sənanın çəkdiyi rəsmlərdə, qazandığı uğurlarda öz əksini tapacaq.



