"Gələcəyin çempionları bu arenalarda yetişirlər" - Balaca karateçilərin böyük hədəfləri
Bu günlərdə Azərbaycan Karate Federasiyasının (AKF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Gəncə İdman Sarayında “Olimpiya ümidləri” adlı beynəlxalq karate turniri keçirilib. Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, Gürcüstan və Rumıniyanı təmsil edən komandaların tərkibində ümumilikdə 600 idmançı iştirak edib.
Yarışda iştirak edən Naxçıvan MR Sədərək Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri İsa Abbasov gümüş, Əli Rəhimov isə bürünc medal qazanıb.
"Azərbaycan müəllimi" idmançı şagirdlərlə və onların məşqçisi ilə həmsöhbət olub.

Sədərək Rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Nizami Bağırov karate üzrə məşqçilik fəaliyyəti ilə də məşğul olur. Deyir ki, bu yarışa 3 ay öncədən hazırlıq başlayıb və turnirdə şagirdlərin fəal iştirakından razı qaldığını söyləyir:
"Bu turnidə şagirdlərin psixi, fiziki, texniki və taktiki hazırlığı ən önəmli amillərdəndir. İsa ilə Əli əzmkardırlar, iradələri güclü idmançılardır. 10 yaşlarında da olmalarına baxmayaraq olduqca məsuliyyətlə məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirdikləri üçün qalib oldular. Belə beynəlxalq yarışların ölkəmizdə keçirilməsi idmançı şagirdlər üçün müsbət haldır. Dünyada bizi təmsil edən idmançılar, gələcəyin çempionları məhz bizim yerli arenalarda yetişirlər. Onlar kiçik yaşlarından böyük təcrübə qazanırlar".
Nizami müəllim direktoru olduğu Uşaq-Gənclər İdman Məktəbinin fəaliyyətinə də toxunur. Qeyd edir ki, əsas məqsədləri 14–15 yaş kateqoriyası üzrə şagirdləri ölkə çempionatlarında, beynəlxalq və reytinq turnirlərində iştirak etmək üçün hazırlamaqdır: "Bizim əsas məqsədimiz məhz həmin yaş kateqoriyasında məktəblilərimizin uğurlu iştirakına, eləcə də nəticə olaraq milli komandaya dəvət almasına nail olmaqdır. Əlbəttə ki, hədəfə çatmaq üçün bugünkü gündə yarışlarda iştirak etmək mütləq şərtdir.
Ən vacib amillərdən biri də güclü maddi-texniki baza və ixtisaslı məşqçi-müəllimlərin düzgün yerləşdirilməsidir. Sədərək Rayon Uşaq-Gənclər İdman Məktəbi olaraq biz bu məsələləri hər zaman diqqətdə saxlayırıq və həmin istiqamətdə mühüm işlər görürük".
Direktor əlavə edir ki, uşaqları karateyə cəlb etmək üçün nümunəvi idmançılar və uğurlu nəticələr olmalıdır. Sevindirici haldır ki, onların belə yetirmələri var. Həmin idmançılar uşaq, yeniyetmə və gənclər yaş qruplarında ölkə çempionatlarında, beynəlxalq turnirlərdə, eləcə də xarici ölkələrdə keçirilən Avropa və dünya çempionatlarında iştirak edərək qızıl, gümüş və bürünc medallar qazanıblar. Bugünkü şagirdlər də məhz onların davamçılarıdır: "Onların bir qismi hazırda ixtisasları üzrə ali təhsil alırlar”.
“Avropa və dünya çempionu olmaq istəyirəm”

Turnirin gümüş medalçısı, Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbinin IV sinif şagirdi İsa Abbasov uğurun arxasında inam və zəhmətin dayandığını deyir. O, 2024-cü ildən karate idman növü ilə məşğul olmağa başlayıb. Bu yarışda yer tutmaq üçün isə çox həvəslə məşq edib: "Bu turnirə çox ciddi hazırlaşdım. Məşqçimin bütün tapşırıqlarını vaxtında yerinə yetirdim və inanırdım ki, nəticə əldə edəcəyəm. Final görüşündə zədə aldığım üçün döyüş dayandırıldı və gümüş medal qazandım. Əvvəl çox üzüldüm, amma müəllimim dedi ki, sağlamlıq hər şeydən önəmlidir".
İsa gələcəkdə Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırmağı qarşısına məqsəd qoyub: “Hər bir idmançı kimi mən də Avropa və dünya çempionu olmaq istəyirəm".
"Bu nəticə üçün əlimdən gələni etdim"

Bürünc medal qazanan Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbin IV sinif şagirdi Əli Rəhimov da iki ildir karate ilə məşğuldur. Deyir ki, bu yarışda yer tutmaq üçün məşqlərindən qalmayıb: “İlk döyüşdən sonra həyəcanım keçdi. Ən çətin görüşüm üçüncü döyüş oldu. Bürünc medala layiq görüldüm. Medal qazandığımı biləndə çox sevindim. Çünki bu nəticə üçün əlimdən gələni etdim. Qələbəmi müəllimimə, atama və babama həsr etmişəm. Onlar hər zaman məni həvəsləndiriblər. Mən də gələcəkdə Avropa və dünya çempionu, tanınan və hamı tərəfindən sevilən idmançı olmaq istəyirəm”.




