Gələn il istifadəyə veriləcək peşə təhsili müəssisələrinin adları açıqlanıb
“Sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində peşə təhsil müəssisələrində yenidənqurma, layihələndirmə və təmir işləri görülüb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə təhsili: nailiyyətlər və çağırışlar” konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənli səsləndirib.
O bildirib ki, bu il 5 dövlət peşə təhsili müəssisəsi yenidən qurulub:
"Lənkəran Dövlət Peşə Təhsili Müəssisəsi, Texniki və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Müəssisəsi, Füzuli Dövlət Peşə Təhsili Müəssisəsi, Quba peşə liseyi, Kəlbəcər Dövlət Peşə Təhsili Müəssisəsində yenidənqurma işləri görülüb.
Həmçinin Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsili Müəssisəsində, Tovuz Dövlət Peşə Təhsili Müəssisəsində, Qax peşə liseyində, Ağdam, Zəngilan, Qubadlı Dövlət Peşə Təhsili müəssisələrində layihələndirmə işləri davam edir".
O əlavə edib ki, strategiya çərçivəsində 2026-cı ildə Salyan və Qaxda peşə liseyi, Tovuzda dövlət peşə təhsili müəssisəsi və Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Peşə Təhsili Mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.



