Gənc müəllimlərin “V Şəbəkələşmə Forumu”nun I günü uğurla keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 dekabr 2025-ci il tarixində “Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu”nun I günü baş tutub.
"Azərbaycan müəllimi" xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd gənc müəllimlər arasında peşəkar ünsiyyətin gücləndirilməsi, təhsil sahəsində aktual mövzuların müzakirəsi və şəbəkələşmə imkanlarının genişləndirilməsi olub.
"Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova forumun əhəmiyyətindən, gənc müəllimlərin inkişafında bu cür platformaların rolundan bəhs edib. Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev təhsil siyasətində gənc müəllimlərin yeri və onların ictimai fəallığının vacibliyini vurğulayıb.
Forumun I günü çərçivəsində keçirilən I sessiya “Gələcəyi inşa edən müəllimlər və istedadlı uşaqlarla iş” mövzusuna həsr olunub. Sessiyanın spikeri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev müəllimlərin gələcək nəsillərin formalaşmasındakı strateji rolundan, istedadlı şagirdlərlə işin metod və yanaşmalarından danışıb.
Ardınca baş tutan II sessiya media savadlılığı mövzusuna həsr edilib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva “Media savadlığı nədir və niyə vacibdir?” mövzusunda çıxış edərək informasiya cəmiyyətində tənqidi düşüncənin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Nurşərəf Tağıyeva “Media savadlılığı və yeni trendlər” mövzusunda təqdimatla çıxış edib, rəqəmsal mediada baş verən yeniliklər və çağırışlar barədə məlumat verib.
Forumun I günü iştirakçıların aktiv müzakirələri və fikir mübadiləsi ilə yadda qalıb, gənc müəllimlər üçün yeni əməkdaşlıq imkanları yaradıb.


