Gənclər dövlət başçısının diqqət və qayğısından daha da ruhlanırlar
“Təhsilimizə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdaram”
Nəzrin Əhmədova Gəncə şəhərində dünyaya göz açıb. 2024-cü ildə V.Veysəlov adına 30 nömrəli tam orta məktəbin məzunu olub. Oxuduğu müddətdə dərslərini yaxşı oxumaqla bərabər, həm də məktəbin ictimai həyatında fəal iştirak edib: “Dərslərimə həmişə hazırlıqlı olurdum, çalışırdım ki, əla qiymət alım. Hətta ibtidai sinif müəllimim Ayişə müəllim məni “Testin anası” adlandırırdı. Sınaq imtahanlarında 1 və 2-ci yerləri tuturdum”.
N.Əhmədova yuxarı siniflərdə oxuyanda texniki fənlərə marağı çox olub. Fənn olimpiadalarında həmişə yoldaşlarından fərqlənib. O, hələ 9-cu sinfin buraxılış imtahanında 286 bal toplayaraq fərqlənmə attestatına layiq görülüb. Nəhayət, 11-ci sinfin buraxılış imtahanında ən yüksək nəticə olan 300 bal, blok imtahanında isə 397 bal toplayıb.
Hələ uşaqlığında Azərbaycanın tanınmış həkimlərindən biri olmağı arzulayıb. Ona görə də həkim olmaq üçün yüksək nəticə ilə Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub. “Bu yolda valideynlərim və müəllimlərim mənə dəstək olublar. Onların mənə ümid bağlaması, inanması daha da həvəslə çalışmağıma stimul verirdi.
Bilirdim ki, yaxşı həkim olmaq üçün çoxlu mütaliə etmək, öz üzərində işləmək lazımdır. Çünki həkimlik sənəti böyük məsuliyyət tələb edir, bu peşə insanın ən qiymətli sərvətlərindən biri - onun sağlamlığı ilə bağlıdır.
“İlk gündən öz hədəfimə çatmaq üçün səylə çalışıram. Çox sevincliyəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Prezident təqaüdünə layiq görülmüşəm. Bu xəbərdən ailəmiz böyük sevinc içərisindədir. Təhsilimizə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdaram”.
“Arzum vətənimdə tanınmış mütəxəssis olmaqdır”
Nicat Şirinov Xırdalan şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhər 39 nömrəli tam orta məktəbdə başa vurub. 9 və 11-ci sinfin buraxılış imtahanlarında yüksək bal topladığına görə fərqlənmə attestatı alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformasiya təhlükəsizliyi” (ingilis dili) ixtisasına 692.8 balla qəbul olub.
“Prezident təqaüdçüsü olmağımla bağlı ilk məlumatı mənə ailə üzvlərim bildirdi. Bu xəbəri eşidəndə çox sevindim, təəssüratlarımı doğmalarımla bölüşdüm. Prezident təqaüdçüsü olmağı uzun müddətdir istəyirdim və bu arzumu reallaşdırdım. Buna görə də qürurluyam.
Hazırda tədris ilinin üçüncü həftəsidir. Müəllimlərimizin hər biri öz biliklərini, akademik səviyyədə olan məlumatları bizə ən asan üsullarla öyrətməkdə maraqlıdırlar. Biz də öz növbəmizdə çalışırıq ki, gələcəkdə yüksək nəticələr göstərək. İlk gündən müəllimlərimin seminar və mühazirə dərslərində fəal iştirak edirəm. Arzum vətənimdə tanınmış mütəxəssis olmaqdır. Bunun üçün səylə çalışıram”.
“Uğur qazanmağımda zəhməti olan müəllimlərimə minnətdaram”.jpeg)
Sevil Gülməliyeva 2024-cü ildə Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbinin 11-ci sinfini xüsusi nümunəli attestat və qızıl nişanla başa vurub. 2023-2024-cü tədris ilində Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə gümüş medala layiq görülüb. 2024-2025-ci tədris ilində Respublika fənn olimpiadalarında ikinci dəfə Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medal qazanıb. Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul üzrə təşkil etdiyi buraxılış imtahanında maksimum nəticə, 300 bal və blok imtahanında 384.1 bal toplamaqla, ümumilikdə 684.1 balla Bakı Dövlət Universitetinin ingilis bölməsi üzrə hüquq fakültəsinə qəbul olub: “Düşünürəm ki, Prezident təqaüdü tələbələrə daha çox oxumaq, daha yaxşı kadr olmaq üçün stimuldur. Ümid edirəm ki, akademik sahədə əldə etdiyim nailiyyətlər, məni gələcəkdə daha böyük uğurlara doğru aparacaq. Hədəfimdə yalnız şəxsi karyera qurmaq deyil, eyni zamanda ölkəmiz üçün əhəmiyyətli töhfələr vermək dayanır. Bu, sadəcə mənim deyil, həm də bu yolda mənə hər zaman dəstək olan valideynlərimin, müəllimlərimin uğurudur. Çalışacağam ki, bütün təhsil müddəti boyunca Prezident təqaüdünü qoruya bilim. Qəbul imtahanlarına hazırlaşan abituriyentlərə demək istərdim ki, nə olursa olsun, heç vaxt öz xəyallarından, arzularından əl çəkməsinlər, çox çalışsınlar. Uğurun formulu çox sadədir: zəhmət, inam və səbir. Bu gün uğur qazanmağımda zəhməti olan müəllimlərimə minnətdaram”.
“Ən böyük arzum magistratura təhsilimi MIT-də almaqdır”
Bakı Ali Neft Məktəbinin (BANM) 33 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Onların arasında Ayxan Salmanov ən yüksək balı toplayaraq BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olunub. Şəki şəhəri Baş Zəyzid kənd tam orta məktəbinin fərqlənmə attestatlı məzunudur:
“Dövlət İmtahan Mərkəzinin keçirdiyi universitetlərə qəbul imtahanında 697.5 bal toplamışam. 1-ci blok imtahanından sonra balımın istədiyim fakültəyə yetməməsi məni narahat etdi və nə edəcəyimi bilmirdim. Amma yaxşı ki, hədəfimə çatdım. BANM-də “İnformasiya təhlükəsizliyi” ixtisasını seçdim. Burada təhsilin yüksək səviyyədə olduğu haqqında məlumatım var idi. Qərarımın doğru olduğunu düşünürdüm. Universitetdə dərsə başladıqdan sonra anladım ki, yanılmamışam. Gələcək üçün də böyük planlarım var. Qarşıdan gələn illərdə Erasmus kimi proqramlarla xaricdə təhsil almaq istəyirəm. Ən böyük arzum magistratura təhsilini ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda (MIT) almaqdır. Beləcə gələcəyimi qurmaq və vətənimə xeyirli bir vətəndaş olmaq istəyirəm. Bu, mənim həm də valideynlərimin arzusudur. Arzuma çatmaq üçün müəllimlərimin tapşırıqlarına ciddi yanaşıram. Bu gün təhsil aldığım ali məktəbdə yaxşı oxumağım üçün hər cür şərait yaradılıb. Boş vaxtlarımı da kitabxanada keçirirəm. Doğrusu, orta məktəbdə oxuyanda da belə idim. Sinif yoldaşlarım məni axtaranda kitabxanada tapırdılar”.
Şakir CƏFƏROV


