Gənclərin peşəkarlığını yaxşılaşdırmaq üçün mühüm addımlar atılır - Nazir
“Azərbaycan gənclərinin, mütəxəssislərin həyatını və peşəkar fəaliyyətini daha da yaxşılaşdırmaq istiqamətində mühüm addımlar atılır. Mən IE Universitetinə təşəkkürümü bildirmək istəyirəm ki, Bakı şəhərini və Azərbaycanı öz mərkəzlərindən biri kimi seçib”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev "IE Liderlik və İnnovasiya" Mərkəzinin yaranmasına dair Anlaşma Memorandumunun imzalanması mərasimində söyləyib.
Nazir əlavə edib ki, Bakı tarix boyu biznes mükəmməlliyinin mərkəzi olmağa layiq olub. Bu, yalnız onun neft və enerji sahəsindəki zəngin keçmişi ilə deyil, həm də multikultural mühiti, coğrafi baxımdan mühüm kəsişmə nöqtəsində yerləşməsi və gələcəkdə bu inkişaf yolunu davam etdirmək potensialı ilə bağlıdır.
“Mən həmçinin SOCAR və “Pasha Holding”in nümayəndələrinə təşəkkür edirəm. Onların Azərbaycan təhsilinə göstərdiyi dəstək çox dəyərlidir. Bu, dövlət, özəl sektor və biznes sənayesinin əməkdaşlığının çox yaxşı nümunəsidir. Bu, ilk dəfə deyil, əvvəlki uğurlu əməkdaşlıqlarımızın məntiqi davamıdır. İnanıram ki, bu təşəbbüs azərbaycanlı mütəxəssislərin şəbəkələşmə imkanlarını genişləndirəcək və onların qlobal miqyasda daha böyük platformaların bir hissəsi olmasına kömək edəcək.
Ali təhsil siyasətlərinə gəlincə, məqsədimiz ali təhsili daha əlçatan, daha münasib və daha beynəlmiləl etməkdir. Biz UFAZ, Türkiyə-Azərbaycan Universiteti, İtaliya- Azərbaycan Universiteti kimi layihələrlə, eləcə də müxtəlif ölkələrlə həyata keçirdiyimiz ikili diplom proqramları ilə qürur duyuruq. IE Universiteti ilə də əməkdaşlığın uğurlu olacağına inanırıq”.



