Geyimdə vahidlik, düşüncədə zənginlik - Naxçıvan müəllimlərinin mövqeyi
Məktəbdə vahid geyim qaydalarına əməl olunması, dünyəvi təhsil prinsipinin qorunması və milli-mənəvi dəyərlərin şagirdlərə aşılanması sağlam təhsil mühitinin formalaşmasında mühüm rol oynayır. Bu prosesdə müəllimlərin mövqeyi, şəxsi nümunəsi və şagirdlərlə ünsiyyəti xüsusi əhəmiyyət daşıyır. Bəs məktəbdə vahid qaydaların tətbiqi, qarşılıqlı hörmət və milli-mənəvi dəyərlərin təbliği necə təmin olunmalıdır? Naxçıvanın təhsil işçiləri bu məsələrlə bağlı öz fikirlərini "Azərbaycan müəllimi" ilə bölüşüblər.
"Məktəb ilk növbədə bilik, tərbiyə və şəxsiyyətin inkişaf məkanıdır"
Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qanun Məmmədovun fikrincə, vahid məktəbli forması şagirdlər arasında sosial bərabərliyin qorunmasına, maddi imkan fərqlərinin ön plana çıxmamasına və məktəbdə nizam-intizam mühitinin formalaşmasına xidmət edir: "Məktəb ilk növbədə bilik, tərbiyə və şəxsiyyətin inkişaf məkanıdır.Vahid forma həm də məktəbə məxsusluq hissini gücləndirir, şagirdlərdə məsuliyyət və kollektiv ruhunu artırır. Düşünürəm ki, vahid məktəbli forması şagirdlərin fərdiliyini məhdudlaşdırmır, əksinə, diqqətin xarici görünüşdən təhsilə yönəlməsinə kömək edir. Məhz buna görə də vahid məktəbli formasını təhsildə bərabərliyi, nizam-intizamı və məktəb dəyərlərini dəstəkləyən mühüm addım hesab edirəm".
"Şagirdlər müəllimlərin davranışlarını müşahidə edərək formalaşırlar"
Babək rayon Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Əpruz Quliyeva deyir ki, pedaqoji fəaliyyətində hər zaman belə bir prinsipi olub ki, təhsil yalnız bilik və bacarıqların ötürülməsi deyil, təhsil, ilk növbədə, doğru mühitin, sağlam dəyərlərin və intizamın formalaşdırılması prosesidir: "Bir müəllim kimi əsas mövqeyim odur ki, məktəb mühitində qayda-qanun və intizam keyfiyyətli təhsilin təməl daşıdır. Bu prosesdə müəllim sadəcə fənn tədris edən şəxs deyil, davranışı, geyimi və etikası ilə şagirdə istiqamət verən bir nümunədir.
Müəllimin peşəkar və rəsmi-işgüzar geyimi onun öz peşəsinə olan hörmətinin və məsuliyyətinin vizual göstəricisidir. Şagirdlər böyüklərin, xüsusən də müəllimlərin davranışlarını müşahidə edərək formalaşırlar. Əgər müəllim qaydalara ciddiyyətlə riayət edirsə, uşaqlarda da qanuna, nizam-intizama və böyüklərə hörmət hissi təbii bir vərdişə çevrilir.
Bu baxımdan, məktəblərdə vahid məktəbli formasının tətbiqi və intizam qaydalarına əməl olunması son dərəcə vacibdir. Vahid forma şagirdlər arasında sosial-iqtisadi fərqliliklərin vizual olaraq üzə çıxmasının qarşısını alır, onlar arasında bərabərlik və komanda ruhu yaradır. Şagird diqqətini geyim yarışına və ya maddi göstəricilərə deyil, birbaşa öz təhsilinə və şəxsi inkişafına yönəldir. Əlbəttə ki, bu qaydaların tətbiqi zamanı uşaqların hüquq və mənafeləri, onların psixoloji və fiziki rahatlığı hər zaman ön planda tutulmalı, izah və maarifləndirmə yolu ilə mənimsədilməlidir. Müəllimin bu prosesdəki rolu yönəldici və dəstəkləyici olmaqdır.
Eyni zamanda biz təhsil vererkən milli-mənəvi və bəşəri dəyərləri də şagirdlərimizə aşılamalıyıq. Vətənpərvərlik, dürüstlük, tolerantlıq və məsuliyyət kimi dəyərlər məktəb mühitində formalaşır. Yekun olaraq bildirmək istəyirəm ki, bu qaydalar məktəbdə daha sağlam, təhlükəsiz və nizamlı təhsil mühitinin formalaşmasına xidmət edir. Buradan cəmiyyətimizə və valideynlərimizə də çağırış etmək istərdim: məktəbdə qanunlara hörmətin və sağlam mühitin təmin olunması yalnız məktəbin deyil, ailə və cəmiyyətin birgə məsuliyyətidir. Məktəb və ailə eyni məqsədə xidmət etdikdə, biz gələcəyimiz üçün həm savadlı, həm də yüksək mənəviyyatlı və qanunlara hörmət edən vətəndaşlar yetişdirə bilərik".
"Səliqəli və rəsmi-işgüzar geyim müəllimin nüfuzunu artırır"
Şərur şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi Ləyaqət Ələkbərovanın fikrincə isə müəllimin geyimi onun peşəsinə, işinə və şagirdlərinə olan hörmətinin vizual təzahürüdür: "Səliqəli və rəsmi-işgüzar geyim müəllimin nüfuzunu artırır, şagirdlərdə isə müəllimə hörmət və ciddi münasibət formalaşdırır. Vahid məktəbli forması sinif mühitində sosial-iqtisadi fərqlərin görünməz olmasını təmin edir.
Məktəbdə qaydalara əməl etmək şagirdlərdə bir çox müsbət keyfiyyətlərin, məsuliyyətlilik, özünüidarəetmə, verilən öhdəliklərin yerinə yetirmək bacarıqları formalaşdırır. Hər kəs üçün eyni qaydaların tətbiq olunması şagirdlərdə ədalət duyğusunu gücləndirir, onların qanunlara və nizamnamələrə daxili inamını formalaşdırır.
"Biz müəllimlər həmişə uşaqlar üçün nümunə olmalıyıq"
Ordubad rayonu Dəstə kənd orta məktəbinin coğrafiya müəllimi Sevda Seyidova isə müəllimin geyiminin onun peşəkar obrazının bir hissəsi olduğunu düşünür. Onun fikrincə, məktəb mühitinə uyğun, səliqəli və ciddi geyim müəllimə olan hörməti gücləndirir: "Müəllimin biliyi, davranışı, şagirdlərə münasibəti və öz peşəsinə sevgisi mühüm amillərdir. Müəllimin peşəkarlığının onun geyimi ilə vəhdət təşkil etməsi daha arzulanandır.
Mən məktəbdə nizam-intizamın, vahid qaydaların və müəllimin nümunəvi davranışının tərəfdarıyam. Hesab edirəm ki, müəllim şagirdə yalnız bilik verən deyil, həm də davranışı ilə nümunə göstərən şəxsdir. Qaydaları sadəcə tələb etmək deyil, onların mahiyyətini izah etmək, hər kəsin bu qaydalara şüurlu şəkildə yanaşmasına nail olmaq lazımdır.
Biz müəllimlər yalnız uşaqlara bilik vermirik, həm də onların dünyagörüşünün, xarakterinin və vətəndaşlıq mövqeyinin formalaşmasında yaxından iştirak edirik.
Mən həmişə belə düşünürəm ki, uşaq eşitdiyindən çox gördüyündən öyrənir. Biz müəllimlər də həmişə uşaqlar üçün nümunə olmalıyıq. Təsadüfi deyil ki, şagirdlər özlərinə ideal olaraq çox vaxt müəllimlərini seçirlər. Burada cəmiyyətin ən fəal üzvləri və uşaqların əsas yolgöstərəni kimi biz müəllimlərin üzərinə böyük məsuliyyət düşür".




