Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev
"Dövlət ümumitəhsil müəssisələrində şagirdlər üçün vahid forma, müəllimlər üçün isə işgüzar geyim tələblərinin müəyyənləşdirilməsi hər şeydən əvvəl məktəbdaxili nizam-intizamın təmin olunmasına, sağlam şəkildə pedaqoji mühitin, münasibətlərin formalaşdırılmasına xidmət edən addımdır".
Bunu "Azərbaycan müəllimi"nə Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
O bildirib ki, məktəb yalnız biliklərin öyrədildiyi, tədris olunduğu məkan deyil:
"Məktəb eyni zamanda şəxsiyyət formalaşdıran, vətəndaş yetişdirən, onlara sosial davranış qaydalarını təbliğ edən ümumtəhsil müəssisəsidir. Ona görə də Nazirlər Kabinetinin məlum qərarına yalnız geyim, forma prizmasından yanaşmaq doğru yanaşma olmazdı. Bundan sonra müəllimin geyimində müşahidə ediləcək daha səliqəlilik, daha işgüzarlıq istər-istəməz onun peşəsinə olan münasibətin də müsbət mənada dəyişməsinə imkan verəcək. Nəticə etibarilə tətbiq edilən qaydalar təhsil müəssisəsində müəllim peşəsinin nüfuzunun qorunmasına gətirib çıxaracaq. Xüsusilə onu qeyd etmək yerinə düşər ki, müəllimlərin işgüzar geyimi müəllim-şagird münasibətlərinin daha rəsmi xarakter almasına yol açacaq. Etiraf etmək lazımdır ki, bəzi hallarda müəllimlərin geyimi heç də məktəb mühitinə uyğun gəlmirdi. Bu da öz-özlüyündə təhsildə bir çox problemlərə yol açırdı. Şagirdin dərs zamanı diqqəti müəllimin tədris etdiyi fəndə deyil, onun geyimində olurdu. Yaxud şagird də öz növbəsində ertəsi gün müəllimin əynində olan brend markalardan istifadə etməyə çalışırdı. Bütün bunlar ümumilikdə məktəbdə təhsilin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarırdı. Hesab edirəm ki, atılan addımlar və tətbiq edilən qaydalar məktəbdə sadalanan problemlərin aradan qaldırılmasına, nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəldilməsinə gətirib çıxaracaq".
Deputat qeyd edib ki, vahid məktəbli geyiminin tətbiqi şagirdlər arasında sosial-iqtisadi fərqlərin aradan qalxmasına müsbət təsir göstərən amillərdəndir:
"Heç kimə sirr deyil ki, ölkədə bütün ailələrin maddi imkanları eyni deyil. Bəzi valideynlər övladları üçün bahalı, dəbli və müxtəlif markalara aid geyimlər ala bildikləri halda, başqa ailələr üçün övladı üçün bunu etmək əlçatan deyil. Eyni zamanda bu, sosial durumu o qədər də yaxşı olmayan ailə üçün əlavə maliyyə yükü deməkdir. Nəticə etibarilə, məktəblilər, onların geyimləri arasında müşahidə edilən fərqlilik şagirdin fikrini, diqqətini təhsildən yayındırmaqla yanaşı, onda psixoloji sarsıntı yaşadır. Lakin vahid məktəbli formasının tətbiq edilməsi şagirdlər arasında bu fərqliliyin, sosial bərabərsizliyin aradan qalxmasına gətirib çıxaracaq. Beləliklə, tətbiq edilən qaydalar şagirdlərin hansı ailədə böyüməsi, hansı markalı geyimlər geyinməsini arxa plana atmış olacaq. Beləliklə, şagirdi sinif yoldaşının geyindiyi paltarın qiyməti, ayaqqabının markası deyil, onun biliyi, savadı maraqlandıracaq".
N.Məhəməliyevin sözlərinə görə, vahid məktəbli formasının tətbiqinin bir digər müsbət tərəfi ondan ibarətdir ki, bundan sonra həmin gənclərin məktəbə aid olub-olmadığını, yaxud onun şagird, yoxsa müəllim olduğunu bilməyi asanlaşdıracaq:
"Etiraf edək ki, bir çox hallarda məktəblinin geyimi müəllim geyimindən fərqlənmir və təhsil müəssisəsinə daxil olarkən kimin şagird, kimin isə müəllim olduğunu aydınlaşdırmaq bir qədər çətin olurdu. İndi isə bu problem aradan qalxmış olacaq və vahid məktəbli geyimi onların asanlıqla müəllim olmadığını ortaya çıxaracaq.
Ən vacib məqam ondan ibarətdir ki, artıq məktəbdə uşaqlara onların geyimlərinə görə deyil, bilik və bacarıqlarına, şəxsiyyətlərinə görə qiymət veriləcək".




