"Google Gemini"nin fərdiləşdirilmiş öyrənmə funksiyası istifadəyə verilib
"Google Gemini"da istifadəçilərə fərdiləşdirilmiş dərslər və tapşırıqlar vasitəsilə öyrənməyə imkan verən “Study notebooks” funksiyası "Google Workspace" hesabları üçün əlçatan olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, yeni funksiya məktəb və iş üçün təqdim olunan "Google" hesabları ilə "Gemini" tətbiqindən istifadə edən şəxslərə təqdim edilir. Bunun üçün təşkilatın administratoru "Gemini" tətbiqini və “Gemini Notebook” funksiyasını aktivləşdirməlidir.
“Study notebooks” istifadəçiyə öyrənmə məqsədinə uyğun fərdi tədris mühiti yaradır. İstifadəçi "Gemini" tətbiqində yeni qeyd dəftəri yaradaraq hansı mövzunu öyrəndiyini qeyd edə, dərs materiallarını və digər mənbələri sistemə yükləyə bilər.
Funksiya istifadəçinin bilik səviyyəsini müəyyənləşdirmək üçün qısa yoxlama testləri təqdim edir. Nəticələr əsasında güclü və inkişaf etdirilməli istiqamətlər müəyyənləşdirilir və fərdi öyrənmə planı formalaşdırılır.
İstifadəçilər həmçinin qısa və fərdiləşdirilmiş dərslərdən, praktiki testlərdən yararlana, dərs zamanı istənilən mərhələdə suallar verə bilərlər. Xüsusi panel vasitəsilə isə öyrənmə prosesi real vaxt rejimində izlənilir və mövzular “güclü tərəflər” və “diqqət tələb edən sahələr” kimi qruplaşdırılır.
Şirkətin məlumatına görə, “Study notebooks” çərçivəsində hazırlanan dərslər istifadəçinin yüklədiyi etibarlı dərs materiallarına əsaslanır. Bununla da öyrənmə məzmununun məktəbin tədris proqramına uyğunluğu təmin edilir.
Funksiyanın "Google Workspace" hesabları üçün mərhələli şəkildə istifadəyə verilməsinə 17 sentyabr 2026-cı ildən başlanılıb. “Study notebooks” Avropa İqtisadi Zonasından kənarda bütün "Google Workspace" müştəriləri və "Workspace Individual" abunəçiləri üçün, həmçinin dünya üzrə şəxsi "Google" hesabı olan istifadəçilər üçün əlçatandır. Avropa İqtisadi Zonasındakı istifadəçilər üçün funksiyanın yaxın həftələrdə təqdim ediləcəyi bildirilib.
Qeyd edək ki, "Rəqəmsal məktəb" platformasından istifadə edən təhsilverənlər ödənişsiz formada bu üstünlüklərdən yararlana bilərlər.




