Günel Səfərova: İttiham xarakterli yanaşma bizi həll yolundan uzaqlaşdırır 

22 Dekabr, 2025 - 16:08
Günel Səfərova: İttiham xarakterli yanaşma bizi həll yolundan uzaqlaşdırır 

Son illər uşaq və yeniyetmələr arasında zərərli vərdişlərin yayılması cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Xüsusilə də bu vərdişlərin başlama yaşının getdikcə aşağı düşməsi, qadağan olunmuş əşyaların daha “gizli” və cəlbedici formalarda təqdim olunması problemin miqyasını daha da genişləndirir.Mütəxəssislər bildirirlər ki, artıq 12–15 yaş aralığında olan uşaqlar risk qrupuna daxil olur və bu, təkcə fərdi deyil, sosial və institusional boşluqlarla da əlaqəlidir.

Bu prosesdə məktəbin, valideynin və icmanın rolu tez-tez müzakirə olunsa da, məsuliyyətin hansı tərəfin üzərinə daha çox düşdüyü, mövcud profilaktik tədbirlərin yetərliliyi, eləcə də monitorinq və hüquqi mexanizmlərin uşaq hüquqlarına nə dərəcədə uyğun aparılması açıq suallar olaraq qalır. Sosial media, yaşıd təsiri və küçə mühitinin uşaqlar üzərində artan təsiri isə problemin yalnız qadağalarla deyil, kompleks yanaşma ilə həllini zəruri edir.

“Azərbaycan müəllimi”nə müsahibə verən Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova da elə məhz bu kontekstdə uşaqlar arasında zərərli vərdişlərin yayılma səbəbləri, risk mexanizmləri, məktəb və icma səviyyəsində görülən işlər, həmçinin gələcək həll yollarını daha dərindən araşdırmaq məqsədilə diqqət yetirilməsi vacib olan məqamlara toxunub. 

Bizə görə əsas səbəblər…

– Günel xanım, uşaqlar arasında zərərli vərdişlərin və qadağan olunmuş əşyaların istifadəsinin artması ilə bağlı fikirlərinizi bilmək istərdik. Bunun əsas səbəbləri nədir?

– Ümumi professional müşahidələr və baş vermiş hadisələrin analitik təhlili göstərir ki, son illərdə riskli davranışların daha alt yaş qruplarına enmə tendensiyası bir neçə kontekstdə müşahidə olunur. Bu, hər yerdə eyni formada deyil - bölgəyə, sosial-iqtisadi vəziyyətə, ailə və məktəb mühitinə görə dəyişir. Bizə görə əsas səbəblər bunlardır: rəqəmsal məkan və sosial media: uşaq asanlıqla zərərli məzmuna, “challenges”, reklam və ya qrup təsirinə çıxış əldə edir. Yaşıd təsiri və qrupa adaptasiya ehtiyacı. Təəssüflə qeyd edək ki, yeniyetmələr arasında qısnama hallarından biri də məhz bu məsələdir. 

12–15 yaşlarda sosial qəbulu təmin etmək üçün riskli davranışlarda iştiraketmə motivi güclənir. Nəzarətin zəifləməsi, valideynin vaxt çatışmazlığı, etinasız ata-ana, müntəzəm nəzarətin olmaması, asudə vaxtın səmərəli keçirilməsində  seçimlərinin azlığı. Məhdud maarifləndirmə və profilaktika: yetərli, yaşa uyğun və praktik məlumat çatışmazlığı. Əlçatanlıq və maskalanma: qadağan olunmuş əşyaların müxtəlif formalarda təqdim olunması (məsələn, “oyuncaqlar”) uşaqlar üçün aşkarlanmanı çətinləşdirir.

Uşaqların həyatında müsbət üç komponent - ailə, məktəb və icma
                   
– Niyə belə hallara 12–15 yaş arasında daha çox təsadüf edilir?

–Beynəlxalq tədqiqatlar göstərir ki, erkən gənclik və yeniyetmə dövründə inkişaf mərhələsi (təxminən 10–15 yaş) uşağın kimlik, müstəqil qərar vermək və qrup qəbuluna daha çox yönəldiyi dövrdür. 
Yeniyetmələrlə bağlı məsələlərin həllində ailələrin və icmanın rolu olduqca önəmlidir. Biz ən yaxşı tərbiyə üsulunun həm də nümunə olduğuna inanırıq. Uşaqların həyatında müsbət amil bu üç komponentin ahəngində ola bilər: ailə, məktəb və icma. 

– “Pis vərdişlər” uşaqlara daha çox hansı kanallar vasitəsilə çatır?

– Qeyd etdiyim kimi uşaqlara təsir edən vasitələr həm açıq, həm də gizli formatda baş verə bilir. Əsas təsir kanalları sosial media, onlayn oyunlar, yaşıd qrupu və ya dost dairəsi, zamanının çox hissəsini küçədə keçirən qruplar, ailədaxili problemli davranışları olan üzvlər və s. müxtəlif kanallarla gələ bilər. 

– Qadağan olunmuş əşyaların müxtəlif formalarda təqdim olunması onların aşkarlanmasını çətinləşdirir. Bu, məktəblərdə hansı əlavə risklər yaradır? Həmin əşyalara sahib olan, amma bunun fərqində olmayan uşaqlarla necə davranılmalıdır?

– Qeyd edim ki, müasir üsullar aşkarlamanı çətinləşdirir. Böyüklərin bilmədikləri sistemlər yeni formatlarda təqdim edilə bilir. Saxta təhlükəsizlik hissi “oyuncağa bənzəyir”. Təqdim olunan əşyalar uşaqların və müəllimlərin gözündən qaça bilər. Aşkarlama üçün mütəmadi təlimlər, təhlükəsiz saxlama, yoxlama protokolları, məxfilik və hüquqi prosedurların aydın olması vacibdir. Təbii ki, maarifləndirmə işi ilə yanaşı monitorinq və hüquqi mexanizmlərin də daha mükəmməl olmasına ehtiyac vardır.

– Həmin əşyalara sahib olan, amma bunun fərqində olmayan uşaqlarla necə davranılmalıdır?

– Bu sahədə ilk tövsiyəmiz uşaqların aktiv şəkildə dinlənilməsi və sakit, uşaq mərkəzli yanaşma göstərməkdir. Panikaya düşmək və narahat olmaq təbiidir, amma ittiham xarakterli yanaşma bizi problemin həll yolundan daha çox uzaqlaşdırır. Eyni zamanda, həm tibbi və psixoloji qiymətləndirmə də önəmlidir və zərər varsa təcili yardım və psixoloqa yönləndirmə mütləqdir. Zəruri olduqda konsultasiya, təhsil proqramları və sosial müdaxilə mütləqdir. 

– Valideyn nəzarətsizliyi bu məsələdə hansı boşluqları buraxır?

– Uşaqların təlim-tərbiyəsi, ilk növbədə, ailədə baş verən bir prosesdr. Son zamanlar ailə məsuliyyətindən, valideynlərin bilik və bacarıqlarının artırılmasından çox danışırıq.Təbii ki, əsas boşluqlar müasir dövdə passiv nəzarət, onlayn fəaliyyətə nəzarət etməmək, açıq kommunikasiyanın azlığı, (təhlükə, cinsi tərbiyə, zərərli vərdişlər barədə açıq söhbətlərin az olması), rutin və nəzarətin olmaması  (uşağın vaxt cədvəli, dost dairəsi, fəaliyyəti barədə məlumatsızlıq), uşağın güvənsizliyi və ya qorxusu  cəza yönümlü yanaşma (uşaq problem danışmaqdan çəkinir, gizlətməyə çalışır) və sairdir. 

Ümid verən məqamlardan biri budur ki, steriotiplər aradan qalxmağa başlayır

– Günel xanım, məktəblərdə həyata keçirilən profilaktik işlər nə dərəcədə yetərlidir və hansı istiqamətlərin gücləndirilməsinə ehtiyac var?

– Bu istiqamətdə əsas məsələlərdən biri məzmunun tam olaraq yaşa uyğunlaşdırılması, praktik, daha doğrusu, qeyri-formal tədrisin gücləndirilməsi, təhlükəsiz və müdafiə mühitinin formalaşdırılmasına dəstək verən xidmətlərin inkişaf etməsi və onlarla işləri qeyd etmək olar. Həm maarifləndirmə, həm də xidmətlərdə əsas nüanslar davamlılığın təmini, maarifləndirmə komponentində sosial-psixoloji məqamların nəzərə alınması, əlçatanlığın təmini, multiksektor əməkdaşlığın genişlənməsi ola bilər. 

Hazırda məktəblərimizdə həm sosial pedaqoqlar, psixoloqlar, Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləri, pedaqoji heyət bu istiqamətdə ciddi fəaliyyət göstərir. Demək olar ki, bütün orta ümumtəhsil müəssisələrində uşaq müdafiəsi və təhlükəsizliyin təmininə xidmət edən komponentlər vardır. Lakin  bu kifayət deyil və daha da təkmilləşdirilməsinə ehtiyac var. Ümid verən məqamlardan biri budur ki, steriotiplər aradan qalxmağa başlayır və həm şagirdlər, həm də valideynlər psixoloji xidmətə daha inamla yanaşır. 

“Məktəb-valideyn-icma üçbucağı” 

– Şagirdlərdə məsuliyyət hissinin formalaşdırılması üçün effektiv metodlar hansılardır?

– Burada daha yeni metodlar vardır və bizim məktəblərdə də tətbiq olunur. Aktiv öyrənmə metodlarında bunları sadalamaq olar: roll play, problem həlletmə, layihə əsaslı təlimlər və Peer-education (yaşıdlar arasında təlim): xüsusi təlim almış yuxarı sinif şagirdlərinin aşağı siniflərlə söhbətləri, idman, yaradıcılıq, könüllülük.
Düşünürəm ki, ən həssas yaş qrupları üçün xüsusi proqramların hazırlanmasına ehtiyac var. Həssaslıq yaşa görə dəyişir:10–12 yaş empatiya, özünü dərketmə, onlayn təhlükəsizlik.12–15 yaş yaşıd təzyiqi, risk qiymətləndirmə, əlaqələr və qərarvermə. Proqramlar yaşa uyğun olmalı, pedaqoji və psixoloq məsləhətləri ilə hazırlanmalıdır.
Mən “Məktəb-valideyn-icma üçbucağı” modelindən danışmaq istərdim. Bu, təhsildə şagirdin hərtərəfli inkişafını təmin edən əməkdaşlıq modelidir. Adıçəkilən modeldə məktəb, valideyn və icma bir-birini tamamlayan tərəfdaşlar kimi çıxış edir və ümumi məqsəd uşağın akademik, psixoloji və sosial rifahıdır.
Bilirsiniz, məktəb tədris, tərbiyə və təhlükəsiz mühit yaradır. Valideyn uşağın davranışına, motivasiyasına və davamlılığına birbaşa təsir göstərir. İcma sosial dəstək, real həyat təcrübəsi və resurslar təqdim edir.

– Hazırda aparılan işlər yetərlidirmi? Bu sahədə daha hansı tədbirlərin reallaşdırılmasına ehtiyac var? 

– Təbii ki, orta ümumtəhsil müəssisələrində həm məzmun, həm də praktik baxımından kifayət qədər işlər aparılır. Bununla bağlı müsbət nəticələr ələdə etmək üçün konkret addımlar atılmalıdır. Məsələn, daimi və açıq kommunikasiya, valideynlərlə müntəzəm görüşlər, onlayn qruplar, fərdi əlaqə mexanizmləri, problemlər baş verməmişdən əvvəl məlumatlandırma, valideyn seminarları, psixoloji maarifləndirmə görüşləri, məktəb tədbirlərində valideynlərin aktiv iştirakı, bələdiyyə, QHT-lər, hüquq-mühafizə orqanları, mədəniyyət mərkəzləri ilə birgə layihələr, peşə tanıtımı, təhlükəsizlik və sağlam həyat mövzularında görüşlər və ən əsası isə, şagird yönümlü yanaşma mütləqdir. Xüsusi ilə risk qrupunda olan uşaqlar üçün valideyn-məktəb-icma birlikdə fərdi planlar hazırlamalıdır. Və psixoloq, sosial pedaqoqun aktiv iştirakları xüsusilə önəmlidir.

Daha faydalı nəticələr əldə etmək üçün həmçinin peşəkar kadr hazırlığına diqqət  məktəb psixoloqları, sosial işçilər və müəllimlər üçün davamlı təlimlər təşkil edilməli, uşaqlara yönəlmiş müdafiə və reabilitasiya yönümlü yanaşmaların prioritetləşdirilməsi, ictimai maarifləndirmə kampaniyalarının genişləndirilməsi və s. işlər daha da güclənməlidir.