İnklüziv təhsilin məqsədi uşağı sinfin birincilərinə çatdırmaq deyil – MÜSAHİBƏ

16 Mart, 2026 - 11:16
İnklüziv təhsilin məqsədi uşağı sinfin birincilərinə çatdırmaq deyil

Son illərdə ümumi təhsil sistemində inklüziv təhsilin tətbiqi və genişləndirilməsi məsələsi diqqət mərkəzindədir. İnklüziv model xüsusi təhsil ehtiyacı olan uşaqların digər şagirdlərlə birlikdə eyni təhsil mühitində oxumasını və sosiallaşmasını nəzərdə tutur. Bununla belə, inklüziv siniflərin təşkili təkcə şagirdlərin eyni sinifdə təhsil alması ilə məhdudlaşmır. Bu proses müəllimlərin hazırlığı, siniflərin komplektləşdirilməsi, fərdi təhsil planlarının hazırlanması, əlavə dəstək xidmətləri və tədrisin təşkilinə dair bir sıra pedaqoji və metodiki məsələləri əhatə edir.

Praktikada isə bir sıra suallar meydana çıxır: xüsusi ehtiyacı olan şagirdlərlə iş necə təşkil edilir, fərdi yanaşma digər şagirdlərin təhsil prosesinə necə təsir göstərir və inklüziv sinifdə qiymətləndirmə necə aparılır?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nin suallarını Təhsil İnstitutunun Əlavə təhsilin təşkili şöbəsinin müdiri Aqil Həsənov cavablandırıb.

– İnklüziv siniflərdə tədris planı necə hazırlanır? Dərs necə planlaşdırılır?

– İnklüziv siniflərdə sağlamlıq imkanları məhdud (SİM) şagirdlər ümumi dövlət proqramı (kurikulum) əsasında təhsil alsalar da, onlara fərdi yanaşmanı təmin etmək üçün Fərdi Tədris Planı (FTP) tərtib olunur. 
Fərdi tədris planı (FTP) inklüziv təhsilə cəlb olunmuş SİM şagirdlərin ehtiyaclarına və imkanlarına əsasən, təhsil proqramının uyğunlaşdırılması və ya təhsil proqramının sadələşdirilməsi nəzərə alınmaqla təlimin məqsədini, vəzifələrini, metod və üsullarını, nəticələrinin qiymətləndirilməsi meyarlarını özündə ehtiva edən sənəddir. Fərdi tədris planını məktəbin SİM şagirdlərlə işləyən aidiyyəti müəllimlərini özündə birləşdirən heyət hazırlayır. Fərdi tədris planını hazırlayan heyətə direktor müavini (təsərrüfat işləri üzrə direktor müavini istisna olmaqla) rəhbərlik edir. Heyətə şagirdin valideyni (ana/ata/ və ya digər qanuni nümayəndələr), şagirdin sinif müəllimi/sinif rəhbəri, fənn müəllimləri, məktəb psixoloqu və loqoped daxildir.

FTP-nin məzmununa şagirdin şəxsi məlumatları, fənlər üzrə illik (uzunmüddətli) məqsədlər və qısamüddətli məqsədlər, təmin ediləcək korreksiyaedici xidmətlərlə bağlı məlumat, təlimdə istifadə olunan pedaqoji metodlar, texnologiyalar və təlim materialları daxildir.

Fərdi tədris planının hazırlanması, həyata keçirilməsi və onun əsasında şagird nailiyyətlərinin qiymətləndirilməsi kimi mərhələləri vardır. Hazırlanma mərhələsində şagirdin güclü tərəfləri, maraqları və ehtiyacları haqqında məlumat əldə edildikdən sonra həmin məlumatlara uyğun məqsədlər qoyulur və tədris planlaşdırılması aparılır. Sonrakı həyata keçirilmə mərhələsində şagirdin güclü tərəfləri və ehtiyacları nəzərə alınmaqla tədris aparılır. Son mərhələdə şagirdin qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail olduğunu müəyyən etmək üçün summativ qiymətləndirmə aparılır.

– Bəs inklüziv sinifdə eyni mövzu fərqli səviyyələr üçün necə diferensiasiya olunur?

– İnklüziv sinif müəllimi hər bir uşaq üçün ayrı-ayrı dərs planı (konspekt) yazmır. Bütün sinif üçün vahid Universal Öyrənmə Dizaynına (UDL) əsaslanan bir plan tərtib edir. Dərs planında SİM şagird üçün xüsusi qeydlər bölməsi olur. Burada həmin uşaq üçün dərsin məqsədi və istifadə olunacaq fərqli resurslar (məsələn, böyük şriftli mətnlər, taktil materiallar və s.) qeyd edilir.

– Öyrənmə çətinliyi olan şagirdlə iş necə qurulur?

– “Gec başa düşən” (öyrənmə sürəti zəif olan) və spesifik “öyrənmə çətinliyi” (disleksiya, diskalkuliya, disqrafiya və s.) olan uşaqlarla iş zamanı müxtəlif strategiyalardan istifadə olunur. Bunlardan biri məlumatın hissələrə bölünməsidir. Öyrənmə çətinliyi olan uşaqlar çoxpilləli təlimatları (məsələn, “Kitabını aç, 15-ci səhifəni tap və 3-cü çalışmanı yaz”) yadda saxlaya və icra edə bilmirlər. Təlimatlar tək-tək və qısa verilir. Bir addım bitdikdən və yoxlanıldıqdan sonra digərinə keçilir. Mürəkkəb mövzular ən kiçik, anlaşılan vahidlərə bölünərək tədris edilir.

Hissiyyat inteqrasiyalı tədris üsulundan da istifadə edilir. Bu uşaqların beyni məlumatı tək bir kanaldan (yalnız eşidərək və ya yalnız oxuyaraq) qəbul etməkdə çətinlik çəkir. Müəllim eyni anda bir neçə hissiyyat orqanına xitab etməlidir. Məsələn, hərfləri (həm çap, həm də əlyazma) öyrədərkən uşaq hərfi təkcə dəftərdə yazmır; onu havada barmağı ilə cızır, qum və ya duz üzərində yazır, plastilindən düzəldir və səsini ucadan tələffüz edir. Toxunma, görmə və eşitmə eyni anda işlədikdə neyron bağları daha tez yaranır.

Sürəti zəif olan uşaqların məlumatı emal etmə vaxtı daha uzundur. Müəllim sualı verdikdən sonra cavab üçün standart 3-5 saniyə deyil, ən azı 10-15 saniyə gözləməlidir. Bu müddətdə onu tələsdirmək, “tez ol”, “fikirləş” demək uşaqda yalnız həyəcanı (təşvişi) artırır və beynin bloklanmasına səbəb olur. Sağlamlıq cəhətdən zəifləmiş və ya öyrənmə çətinliyi olan uşaqlar tez motivasiyadan düşürlər. Onlar sinifdə özlərini daim “uğursuz” hiss edə bilərlər. Müəllim uşağın edə biləcəyi səviyyədə asanlaşdırılmış tapşırıqlar verərək onda “mən də bacarıram” hissini (uğur vəziyyətini) yaratmalıdır. Uşaq sinif yoldaşları ilə deyil, yalnız özünün dünənki nəticəsi ilə müqayisə edilməlidir.

– Sağlamlıq imkanları məhdud bir şagirdə dərs ərzində nə qədər fərdi vaxt ayrılır?

– İnklüziv şagirdə dərs ərzində ayrılan “fərdi vaxt” üçün hamı üçün eyni olan dəqiq norma yoxdur. Vaxt şagirdin ehtiyacına və dərsin gedişinə görə dəyişir.
Adətən müəllim dərs zamanı bunu belə edir: dərsin əvvəlində 1–2 dəqiqə tapşırığı qısa və aydın şəkildə izah edir, nə edəcəyini dəqiqləşdirir. Müstəqil iş zamanı 2–3 dəfə yaxınlaşır, qısa kömək edir (hər dəfə təxminən 1–2 dəqiqə). Çətinlik yarananda isə qısa əlavə izah verir. Yəni bir dərsdə ümumilikdə çox vaxt təxminən 5–10 dəqiqəlik qısa, hissə-hissə dəstək kimi olur. Məqsəd müəllimin bütün dərsi yalnız ona sərf etməsi deyil, şagirdin siniflə birlikdə öyrənməsini təmin etmək və lazım olan yerdə qısa fərdi kömək göstərməkdir.

– Müəllim dərs vaxtını necə bölür ki, digər şagirdlərin təhsil hüququ pozulmasın? Sinifdə bir şagirdin inklüziv təhsilə cəlb edilməsi digər şagirdlərin təhsil hüququna mane olurmu?

– Digər şagirdlərin vaxt itkisi yaşamaması üçün dərs zamanı tətbiq edilən əsas vaxt və resurs bölgüsü strategiyaları var. İlk növbədə, korreksiyaedici pedaqoqun dəstəyi olmalıdır. Müəllim yeni mövzunu bütün sinfə izah edərkən (standart 10-15 dəqiqə) korreksiyaedici pedaqoq xüsusi qayğıya ehtiyacı olan (SİM) şagirdin yanında əyləşir. SİM şagird diqqətini itirdikdə və ya prosesdən qopduqda müəllim dərsi dayandırmır. Korreksiyaedici pedaqoq yavaş səs tonu və ya vizual işarələrlə həmin uşağı dərsə qaytarır.

Müəllim tədris prosesində qruplarla iş metodundan da istifadə edə bilər. O, 45 dəqiqəlik dərsin böyük hissəsini frontal (lövhə qarşısında təkbaşına danışmaq) fəaliyyətə deyil, qrup işlərinə ayırır. Dərsin planı elə qurulur ki, tapşırıqlar əvvəlcədən 2 və ya 3 səviyyədə hazırlanır. Dərs zamanı müəllim sadəcə “A qrupu yaşıl vərəqdəki, B qrupu isə mavi vərəqdəki tapşırığı işləsin” deyir, yəni təlimatlar diferensiallaşdırılır.

Digər tərəfdən, müəllim SİM uşağın yorulma siqnallarını gözləmədən hər 15-20 dəqiqədən bir bütün sinif üçün 2 dəqiqəlik “beyin fasiləsi” (neyromotor hərəkətlər, nəfəs məşqləri) təşkil edir.
Ümumiyyətlə, bu prosesdə müəllim bilməlidir ki, SİM uşaqla işin məqsədi onu akademik olaraq sinfin birincilərinə çatdırmaq deyil, onun öz Fərdi Tədris Planındakı (FTP) hədəflərə çatmasını təmin etməkdir.

– İnklüziv sinifdə qiymətləndirmə meyarları fərdiləşdirilirmi?

– Bəli, birmənalı şəkildə fərdiləşdirilir. Azərbaycanda inklüziv siniflərdə tətbiq edilən ən vacib pedaqoji prinsiplərdən biri məhz qiymətləndirmənin sağlamlıq imkanları məhdud şagirdin fərdi ehtiyaclarına və imkanlarına uyğunlaşdırılmasıdır.
İnklüziv sinifdə iki fərqli qiymətləndirmə meyarı yanaşı tətbiq olunur: standart inkişaf edən uşaqlar ümumi dövlət təhsil standartları (kurikulum) əsasında, SİM uşaqlar isə yalnız özlərinin Fərdi Tədris Planı (FTP) əsasında qiymətləndirilirlər.

Fərdi tədris planında məzmun standartlarının mənimsənilməsi istiqamətində müxtəlif qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır.
Bu qiymətləndirmə növlərindən biri ilkin səviyyənin qiymətləndirilməsi, yəni diaqnostik qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində təhsilalanların bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi məqsədilə aparılır.

Daha sonra formativ qiymətləndirmə, yəni irəliləyişlərin monitorinqi aparılır. Formativ qiymətləndirmə təhsilalanların hər bir fənn üzrə təhsil proqramı (kurikulumu) ilə müəyyənləşdirilmiş məzmun standartlarının və fərdi tədris planı üzrə bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədilə aparılır. FTP-də müəyyənləşdirilmiş qısamüddətli məqsədlər formativ qiymətləndirmə göstəriciləri kimi nəzərdə tutulur. Qısamüddətli məqsədlərə çatdıqda bu barədə şagirdə və onun ailəsinə məlumat verilməsi vacibdir. 
Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramı (kurikulumu) ilə müəyyənləşdirilmiş məzmun standartlarının və fərdi tədris planı üzrə bilik, bacarıq və vərdişlərin mənimsənilməsində təhsilalanların nailiyyətlərinin müəyyən olunması məqsədilə aparılır. SİM təhsilalanlar üçün summativ qiymətləndirmələr şagirdin səviyyəsindən asılı olaraq maksimum 10 və ya 15 sualdan ibarət olmaqla tərtib edilə bilər. Sualları 3 çətinlik səviyyəsinə bölmək tövsiyə edilir. Sual və tapşırıqlar çətinlik səviyyəsinə uyğun olaraq müxtəlif ballarla qiymətləndirilir. Bütün suallar şagirdə ümumilikdə 100 bal qazandıra bilər. Summativ qiymətləndirmədə fənnin xüsusiyyətinə uyğun olaraq, qapalı və açıq testlərdən, yazı işlərindən, şifahi təqdimatdan, əvvəlcədən müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilən tapşırıqlardan (məsələn, texnologiya fənnində applikasiya hazırlanması, təsviri incəsənət fənnində çobanyastığı şəklinin çəkilməsi, musiqi fənnində “Mişar” mahnısının solo ifası və s.) istifadə edilir, FTP-də qoyulmuş bir neçə məqsədin qiymətləndirilməsi aparılır.

– İbtidai səviyyədə tədris bir müəllim tərəfindən aparılır. Bəs yuxarı siniflərdə inklüziv tədris necə təşkil olunur? Fənn müəllimləri arasında koordinasiya necə qurulur?

– İnklüziv tədrisin təşkili, ilk növbədə, komanda yanaşmasına əsaslanır. Məktəbdə fənn müəllimləri, xüsusi təhsil mütəxəssisi (defektoloq və ya inklüziv təhsil üzrə koordinator), məktəb psixoloqu və zərurət olduqda loqoped birgə fəaliyyət göstərirlər. Şagird üçün fərdi təhsil planı (FTP) hazırlanır və bu plan bütün fənn müəllimləri üçün istiqamətverici sənəd rolunu oynayır. Hər müəllim öz fənninin məzmununu həmin plana uyğun şəkildə adaptasiya edir.

Koordinasiya müxtəlif yollarla qurulur. İlk olaraq müntəzəm pedaqoji şura və komanda iclasları vasitəsilə şagirdin inkişaf dinamikası müzakirə olunur. Daha sonra fənn müəllimləri arasında yazılı və ya elektron qeyd sistemləri tətbiq edilir. Korreksiyaedici pedaqoq müəllimlərə metodik dəstək göstərir və uyğunlaşdırmalarla bağlı tövsiyələr verir.
Bu zaman qiymətləndirmə meyarları razılaşdırılır ki, bütün müəllimlər eyni yanaşmanı tətbiq etsinlər.

Yuxarı siniflərdə inklüziv tədrisin effektivliyi müəllimlər arasında məlumat mübadiləsinin davamlılığı və vahid pedaqoji mövqenin formalaşdırılmasından asılıdır. Əgər hər müəllim fərdi şəkildə deyil, komanda üzvü kimi fəaliyyət göstərirsə, şagirdin həm akademik, həm də sosial inkişafı daha ardıcıl şəkildə təmin olunur.